ABŞ səfirliyi Hikmət Hacıyevə cavab verib

ABŞ səfirliyi Hikmət Hacıyevə cavab verib

29-08-2022 13:02 / Bu xəbər 1040 dəfə oxundu

"Azərbaycanın müstəqilliyi və suverenliyinin ABŞ-dan böyük dəstəkçisi yoxdur".  
 
Bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü "Amerikanın Səsi"nin sorğusuna cavabında deyib.  
 
O bildirib ki, səfirliyin əməkdaşları ölkənin bütün bölgələrinə səfərlər ediblər və etməkdə davam edirlər: "Səfirliyin əməkdaşları təhlükəsizlik, səhiyyə, enerji və iqtisadi inkişaf kimi mühüm məsələlərdə Azərbaycanla əlaqə qurmaq üçün ölkənin bütün bölgələrinə səfərlər edirlər. ABŞ inanır ki, davamlı dialoq, davamlı əlaqə vasitəsilə, o cümlədən yüksək səviyyələrdə, biz uzunmüddətli və hərtərəfli sülhə kömək etmək üçün mümkün olan hər şeyi edə bilərik". 
 
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev avqustun 27-də Azərbaycanda akkreditə olunmuş çoxsaylı diplomatların, beynəlxalq təşkilatların əməkdaşlarının Azərbaycan hökuməti tərəfindən Şuşaya təşkil edilmiş səfəri zamanı deyib ki, Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri Şuşaya təşkil edilən səfərdə iştirak etmirlər. 
 
"Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər. Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Fransa və ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi 30 il ərzində münaqişənin həllinə töhfə verməyiblər. Onlar 30 il Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər,”- deyə Hacıyev qeyd edib.