ABŞ senatorlarından daha bir qətnamə: “İbadoğlu dərhal azad olunmalıdır”

ABŞ senatorlarından daha bir qətnamə: “İbadoğlu dərhal azad olunmalıdır”

25-03-2024 16:11 / Bu xəbər 746 dəfə oxundu

Senatorlar Blinkeni məsələyə diqqətlə yanaşmağa çağırıblar

Ötən həftə bir qrup ABŞ senatoru Senata həbsdə olan iqtisadçı alim Qubad İbadoğlunun dərhal azad olunması çağırışı ilə yeni qətnamə təqdim edib.

Bu barədə martın 25-də "Turan” məlumat yayıb.

Bildirilir ki, bu addım fevralın 14-də 26 konqresmen tərəfindən dəstəklənmiş "İbadoğlu qətnaməsi” versiyasını yaymasından sonra atılıb.

Senatın "Qətnamə 616” adlanan versiyası martın 22-də senator Tom Tillis (Şimali Karolinadan respublikaçı) tərəfindən öz adından və Dik Durbin (İllinoysdan demokrat), Bill Kessidi (Los-Ancelesdən respublikaçı), Tim Keyn (Virciniya ştatından demokrat) və Con Fetterman (Pensilvaniya ştatından demokrat) kimi senatorların adından təqdim edilib.

Qətnamə Senatın beynəlxalq münasibətlər komitəsinə təqdim edilib.

Tom Tillisin sözlərinə görə, hörmətli alim və iqtisadçı Qubad İbadoğluna qarşı Azərbaycan hakimiyyəti tərəfindən yalan, heç bir dəlili olmayan çox sayda cinayət əməli ittihamı irəli sürülüb və o, indiyədək Bakı İstintaq Təcridxanasında həddindən artıq pis şəraitdə məhkəməni gözləyir.

"Doktor İbadoğlunun səhhəti həbs edildikdən sonra xeyli pisləşib və o, adekvat tibbi yardım almayıb”, – deyə senatorlar qeyd edirlər.

Onlar bildiriblər ki, həbs dövründə İbadoğlu vəkillə əlaqə saxlamaq və ədalətli məhkəmə təhqiqatı imkanından məhrum edilib: "Dövlət Departamenti və ABŞ-ın Bakıdakı Səfirliyi, habelə ABŞ-ın akademik müəssisələri və hörmətli beynəlxalq təşkilatlar doktor İbadoğlunun səhhəti ilə bağlı dərin narahatlıqlarını bildiriblər və onun dərhal azad edilməsini tələb ediblər”.

Senatorlar qeyd ediblər ki, insan hüquqları, jurnalistika ilə məşğul olan və fikri dinc şəkildə ifadə edən şəxslərin, o cümlədən Bəxtiyar Hacıyev, Əvəz Zeynallı və digərlərinin qanunsuz həbsləri Azərbaycanın demokratik ölkələr birliyi ilə əlaqələrinə xələl gətirib.

Onlar qanunsuz həbslərə və azadlıqların boğulmasına görə Azərbaycan hökumətini qınayır və siyasi məhbusları, o cümlədən, Q.İbadoğlunu dərhal və qeyd-şərtsiz azad etməyə çağırırlar.

Qətnamədə həmçinin ABŞ Dövlət katibi Azərbaycan hökuməti ilə əlaqələrində Q.İbadoğlunun rifahına və azad edilməsinə üstün diqqət yetirməkdə davam etməyə çağırılır.

Qubad İbadoğlu nə vaxt həbs olunub?

London İqtisadiyyat Məktəbinin əməkdaşı, ADR sədri Qubad İbadoğlu 2023-cü il iyulun 23-də saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunub. Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur və ora özləri yerləşdirib, sonra da götürüblər.

Avqustun 25-də ona Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub.

Qubad İbadoğlu bu ittihamın da absurd olduğunu deyib və etiraz əlaməti olaraq, ifadə verməkdən imtina edib.

Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra məkandan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.

2023-cü ilin iyulun 23-də saxlanılan siyasətçinin həbs müddəti bir neçə dəfə uzadılıb.