ABŞ və Avropa Gürcüstan hakimiyyətini seçki pozuntularını araşdırmağa çağırır

ABŞ və Avropa Gürcüstan hakimiyyətini seçki pozuntularını araşdırmağa çağırır

28-10-2024 14:17 / Bu xəbər 468 dəfə oxundu

ABŞ və Avropa Gürcüstan hakimiyyətini parlament seçkilərində baş vermiş pozuntuları araşdırmağa çağırıblar.

ABŞ-ın dövlət katibi Entoni Blinken səslərin satın alınması, seçicilərin qorxudulması, inzibati resurslardan istifadə halları barədə  məlumatlar olduğunu vurğulayıb: "Beynəlxalq müşahidəçilər nəticələri azad və ədalətli hesab etməyiblər. Biz beynəlxalq normaların pozulmasını pisləyirik və seçkilərdəki pozuntular haqda məlumatların  tam araşdırılmasıyla bağlı beynəlxalq və yerli müşahidəçilərin çağırışlarına qoşuluruq".

"Biz Gürcüstanın siyasi liderlərini qanunun aliliyinə hörmət etməyə, əsas azadlıqları pozan qanunvericiliyi ləğv etməyə və seçki prosesindəki çatışmazlıqları birlikdə aradan qaldırmağa çağırırıq. Gürcüstan konstitusiyasında təsbit edilmiş Avropa və avroatlantik inteqrasiya məqsədləri tələb edir ki, hökumət öz vətəndaş cəmiyyəti üzvlərinin hüquqlarına və bütün Gürcüstan vətəndaşlarının əsas azadlıqlarına hörmət etsin" - Blinken belə deyib.

Hökumətin nəzarətində olan Mərkəzi Seçki Komissiyası hakim Gürcü Arzusu Partiyasının 54,8 faiz səs topladığını açıqlayıb.

Bazar günü Avropa İttifaqı da "seçki pozuntularına” diqqət çəkib. 

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Gürcüstan hakimiyyətini "tez, şəffaf və müstəqil araşdırma aparmağa və qərar qəbul etməyə" çağırıb.

Avropa Parlamenti isə Gürcüstandakı demokratiyadan uzaqlaşmadan narahatlığını ifadə edərək "qutulara bülletenlərin atılması" və müşahidəçilərə hücum edilməsi hallarının olduğunu bildirib.