“Abzas Media” işi: “İlham Əliyev istəyir ki, hamı yaltaqlansın, yalanla yaşasın”
22-01-2025 15:05 / Bu xəbər 74 dəfə oxundu
"Onun dostu Mirşahin, bizim dostlarımız isə Sevinc, Nərgiz, Elnarə, Fərid, Hafiz və digərləridir”
"Abzas Media” ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlərin – nəşrin təsisçisi Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), direktor müavini Məhəmməd Kekalov, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova, "Azadlıq” radiosunun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə və "Turan” informasiya agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalının məhkəməsi yanvarın 21-də davam etdirilib.
Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Sadıxovun sədrliyilə, Leyla Əsgərova-Məmmədova və Novruz Kərimovdan ibarət hakimlər kollegiyası baxır.
Budəfəki məhkəmə prosesində Ülvi Həsənli əvvəl vəsatətlər qaldırıb.
O bildirib ki, ötən məhkəmə prosesində jurnalistlərin məhkəmədə iştirakı ilə bağlı məsələnin həllini tapdığı deyilsə də, yenə media nümayəndələrinə problemlər yaradılır.
”Meydan TV” və "Toplum TV” əməkdaşlarını gətirirlər deyə bizi saatlarla gözlədirlər”
Prosesi işıqlandırmağa gələn bir sıra jurnalistlər bu dəfə də məhkəməyə buraxılmayıb: "Zalda boş yerlər ola-ola niyə süni maneələr yaradırsınız? Biz media əməkdaşıyıq, istəyirik ki, bu məhkəmədə baş verənlər də ictimailəşsin. Cəmiyyət bilsin ki, bu işdə nə var, nə yox?..”.
Ülvi Həsənlinin digər vəsatəti isə Bakı İstintaq Təcridxanasında ona və "Abzas Media” işi üzrə həbsdə olan digər təqsirləndirilən şəxslərə qarşı münasibətlə bağlı idi.
Təcridxanasında ayrı-seçkiliyə və düşmən münasibətə məruz qaldıqlarını deyən Ülvi Həsənlinin sözlərinə görə, ailə üzvləri və vəkillərilə görüşlərə gedəndə, məhkəmələrə aparılanda bu münasibət özünü göstərir: "Bakı İstintaq Təcridxanasında elə davranırlar ki, sanki xüsusi dəstəyik, bizi gizlədirlər. "Meydan TV”, "Toplum TV” əməkdaşlarını gətirirlər deyə bizi saatlarla gözlədirlər. Biz bir-birimizi görməməliyik. Belə şeylərə görə vəkilimlə görüşlərimiz baş tutmayıb. Bakı İstintaq Təcridxanasında bu məsələni dəfələrlə qaldırmışam, deyirlər ki, bizlik deyil. Bəs kimlikdir?”
"İlham Əliyevin qəzəbinə tuş gələcəyimizi bilirdik”
Ülvi Həsənli bildirib ki, hazırda onlar təqsirləndirilən şəxslər olaraq, məhkəmənin sərəncamındadılar.
Məhkəmə onlara qarşı hansısa qanunsuzluq baş verirsə, tədbir görməlidir: "Əgər siz özünüzdən asılı olan addımları atmasanız, tədbir görməsəniz, o zaman biz də məhkəməyə çıxmaqdan imtina edəcəyik”.
Daha sonra Ülvi Həsənli ifadə verib.
O bildirib ki, 2016-cı ildə bir qrup jurnalist həmkarı ilə "Abzas Media”nı yaradıblar, o vaxtdan da bu quruma rəhbərlik edir.
Onun sözlərinə görə, "Abzas Media”nı yaratmaqda məqsəd peşəkar və azad media olaraq, vətəndaşların problemlərini işıqlandırmaq, korrupsiya hallarını ortaya çıxarmaq idi: "Bu müddətdə geniş müzakirələrə səbəb olan unikal reportajlar, cəsarətli korrupsiya araşdırmaları yayımladıq. İşlərimizə görə İlham Əliyevin qəzəbinə tuş gələcəyimizi bilirdik. Amma bu, bizi çəkindirmirdi.
Fəaliyyətimizi özünüsenzura olmadan davam etdirirdik. Ölkəmizdə çox ciddi siyasi, sosial və hüquqi problemlər var. Bunun da kökündə hakim elitanın milyardlarla dövlət vəsaitini xarici ölkələrə, ofşorlara daşıması, daha çox sərvət əldə etmək niyyəti durur.
Araşdırmalarımızla ortaya çıxardıq ki, Qarabağda bərpa işlərinə ayrılmış 10 milyard vəsait İlham Əliyev və yaxın ətrafının şirkətlərinə verilib. Qarabağ kasıbların hesabına işğaldan azad olundu, amma oliqarxlar onu yenidən işğal elədilər.
"Qarabağdakı torpaqlar İlham Əliyev, Bəylər Əyyubov və Əli Nağıyevin şirkətləri arasında bölünüb”
"Vətənpərvərlik” adı altında vətənin sərvətlərinə yiyələnirlər. Araşdırmalarımızdan məlum oldu ki, Qarabağdakı kənd təsərrüfatı təyinatlı torpaqlar İlham Əliyev, Bəylər Əyyubov və Əli Nağıyevin şirkətləri arasında bölünüb. Bu ilin sonuna qədər Qarabağın bərpasına ayrılan vəsait 20 milyard manat olacaq.
Jurnalistikanın missiyası hökumətin fəaliyyəti üzərində ictimai nəzarət formalaşdırmaq, problemlərə işıq salmaqdır. Prezident və ona yaltaqlanan zümrə isə deyir ki, siz düz bilmirsiniz, jurnalistika yalaqlanmaq, korrupsiyanı, maxinasiyanı ört-basdır eləməkdir. Belə çıxır ki, əsl jurnalistikaya zidd olan olan nə varsa, bunlar onu jurnalistika sayırlar”.
Həbsi və barəsindəki cinayət işi barədə də danışan Ülvi Həsənli bildirib ki, cinayət işinin materialları başdan-ayağa saxtakarlıqla doludur.
Onun sözlərinə görə, 2023-cü il noyabrın 20-də səhər saat 5 radələrində aeroporta getmək üçün taksi çağırıb, blokdan çıxanda 4 nəfər maskalı şəxs onu zorakılıqla saxlayıb: "Mən həm saxlanılanda, həm də Bakı Şəhər Baş Polis İdarəsində döyülmüşəm. Məndən idarədə niyə korrupsiya araşdırmaları apardığımızı sorğu-sual edirdilər. Telefonumun və kompüterimin parollarını istəyirdilər. Cihazlarımın parollarını kibercinayətkarlıq yolu ilə sındırmağa cəhd göstərdilər. Adı kibercinayətkarlıqla mübarizə idarəsidir, amma özləri kibercinayətkarlıqla məşğuldular. "Toplum TV” işində tutulan Əli Zeynalovdan mənim əleyhimə ifadə almağa çalışıblar. Amma Əli başa düşüb ki, müstəntiq yalan danışır”.
"İstintaq aparan da, ittiham edən də, məhkəmə qərarı verən də eyni adamdır: İlham Əliyev!”
Ülvi Həsənli ifadəsində "Abzas Media” işi üzrə həbsdə olan qadın jurnalistlər haqqında ayrıca danışıb: "Sevinc həbs olunacağını bilə-bilə Azərbaycana qayıtdı. Nərgiz həbs təhlükəsini bilə-bilə jurnalist fəaliyyətini dayandırmadı. Elnarə əşyalarını hazırlayıb, müsahibəsini verib, həbsə getdi. Cəsarət nümunəsi ortaya qoydu bu qızlar. Azərbaycan tarixi belə nümunə görməyib. Bütün bunlar göstərir ki, bizim çəkinəcək, utanacaq əməlimiz olmayıb”.
Məhz jurnalist fəaliyyətlərinə görə həbs olunduqlarını qeyd edən Ülvi Həsənli bildirib ki, "Abzas Media”nın ofisindən tapıldığı iddia edilən 40 min avronu ora polislərin özləri qoyub, özləri də götürüb: "Bizim işimiz saxtakarlıqla başlayıb. Ofisimizə 40 min avro pul qoydular. Tələb elədim ki, ekspertiza keçirilsin. Eləmədilər. Çünki bilirdilər ki, o pullarda bizim yox, xalqın haqqını yeyənlərin barmaq izləri var. Pulları ofisimizə qoyub götürəndən sonra gördülər ki, ofisdə kamera varmış, əmlləri ora düşüb. Ona görə ofisin kamerasını da götürüb apardılar. Qondarma əsaslarla başlanan iş 27 cild, təxminən 7000 səhifədir. Amma işdə bircə mötəbər dəlil-sübut yoxdur. Diktaturaya uyğun da daha bir məhkəmə hökmü olacaq”.
"Həbsimizdən əvvəl də bizə təkliflər və təhdidlər olmuşdu ki, fəaliyyətimizi dayandıraq. Dayanmadıq. Həbs elədilər ki, bizi susdursunlar. Yenə də susmadıq. Həbsxanalarda adamların problemlərindən, oradakı korrupsiyadan yazmağa başladıq. Biz yaradıcı işlə məşğuluq, harada olsaq, yeni ideyalar ortaya çıxarırıq. Komandamız ləyaqətli, ağıllı, cəsarətli insanlardan formalaşıb. Heç vaxt səhv bildiyimiz işin arxasınca getmərik. İlham Əliyev istəyir ki, hamı yaltaqlansın, yalanla yaşasın. Yaxşı atalar sözü var, deyir, dostunu göstər, deyim kimsən. Onun dostları Kiselyov, Solavyov, Mirşahin, bizim dostlarımız isə Sevinc, Nərgiz, Elnarə, Fərid, Hafiz və digərləridir. Bizim işdə cinayət işini başlayan da, istintaq aparan da, ittiham edən də, məhkəmə qərarı verən də eyni adamdır: İlham Əliyev!” – o bildirib.
"Sevinc Vaqifqızı ümumiyyətlə Amerikada olmayıb”
Sərbəst ifadədən sonra prokuror Rauf Malışov Ülvi Həsənliyə bir çox suallar versə də, o, cavablandırmaqdan imtina edib.
Deyib ki, nəyisə sübut etməyi boş vaxt itkisi sayır: "Yazıblar ki, guya biz birlikdə Amerikada səfərdə olmuşuq. Halbuki Sevinc, ümumiyyətlə, Amerikada olmayıb. Mən isə 2012-ci ildə olmuşam. Belə o qədər saxtakarlıqlar, ziddiyyətlər var”.
O əlavə edib ki, istintaq heç bir ciddi sənəd-sübut olmadan 64 min manat vergi öhdəliyi hesablayıb: "Dövlət Vergi Xidmətinin nümayəndəsi də gəlib burada zərərçəkmiş kimi oturub. Biabırçılıqdır”.
Ülvi Həsənli vəkillərin suallarını cavablandırarkən bildirib ki, onunla birlikdə mühakimə olunan şəxslərdən Hafiz Babalı "Turan” informasiya agentliyinin əməkdaşıdır, sadəcə, bir neçə dəfə "Abzas”a material verib.
Fərid Mehralızadənin isə ümumiyyətlə, "Abzas Media” ilə heç vaxt əməkdaşlığı olmayıb.
"Abzas Media” ilə bağlı məhkəmə prosesi fevralın 11-də davam edəcək.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 192.3.2 (qanunsuz sahibkarlıq), 193-1.3.2 (cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması), 206.3.2 (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 213 (vergidən yayınma), 320.1 (saxta sənəd hazırlama və ya istifadə) maddələrilə ittihamlar irəli sürülüb.
Korrupsiya araşdırmalarıyla tanınan "Abzas Media” işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb.
Öncə Ülvi Həsənli və Məhəmməd Kekalov, ardınca Sevinc Vaqifqızı həbs edilib.
Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova, Fərid Mehralızadə ilə davam edib.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb. Bir neçə ay sonra ittiham ağırlaşdırılıb.
Jurnalistlərə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılması, vergidən yayınma və s. ilə bağlı əlavə ittihamlar verilib.
Jurnalistlərə ittiham verilən maddələrin sanksiyasında 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
2023-cü il noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra "Abzas Media”nın ofisində axtarış aparılıb.
Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.
Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.
Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, "Abzas Media”da prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.
Hökumət təmsilmiləri isə həbs olunan konkret faktlar əsaslanda cəzalandırıldıqlarını bilirilər.