Açıqlama: “Prezident və ailəsinin adından yayılan materiallar saxtadır”

Açıqlama: “Prezident və ailəsinin adından yayılan materiallar saxtadır”

19-07-2024 13:23 / Bu xəbər 651 dəfə oxundu

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ailə üzvlərinin adından guya vətəndaşların hansısa investisiya proqramına vəsait qoymağa təşviq edilməsi barədə bir sıra saxta sosial şəbəkə hesablarında paylaşılan materiallar saxta ("fake") məlumatdır".

Bu barədə Medianın İnkişafı Agentliyinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin açıqlamasında deyilir.

Bildirilir ki, Azərbaycanın informasiya agentliklərindən birinin veb-saytının tərtibatını imitasiya edərək hazırlanmış saxta "müsahibə" dezinformasiya mahiyyəti daşıyır və ölkənin informasiya mühitini çirkləndirməyə yönəlmiş sistemli dezinformasiya hücumlarının tərkib hissəsidir: 

"Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq", - deyə press-relizdə qeyd edilir.

Açıqlamada bildirilir ki, saxta material, habelə onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir.

Bir sıra sosial şəbəkə hesablarında ölkə başçısı İlham Əliyevin oğlu Heydər Əliyevin adından müsahibə yayımlanıb. Onun vətəndaşları  "investisiya proqramı"na təşviq etdiyi vurğulanıb. 

Həmin müsahibən həmçinin "Report" İnformasiya Agentliyinin loqosu ilə yayımlanıb. 

Dövlət qurumları isə bu məlumatları təkzib edib saxta olduğunu bəyan ediblər.