Ağdam: Xatirələrimin dəfn olunduğu şəhər

Ağdam: Xatirələrimin dəfn olunduğu şəhər

16-03-2021 01:01 / Bu xəbər 4682 dəfə oxundu

Aynur Elgünəş
 
28 ildən sonra Ağdama az qala ölkədəki bütün mətbuat orqanlarının baş redaktorları, QHT rəhbərləri, müstəqil jurnalistlər və blogerlərdən ibarət avtobus karvanı gedirdi, bəli, 6 avtobusdan ibarət bir karvan...

Bu qədər fərqli düşüncəli insanı bir arada 2002-ci ildə - Milli Mətbuat Günü münasibətilə "Gənclik” şadlıq evində təşkil olunmuş tədbirdə görmüşdüm.

Bəlkə də, ondan sonra çox rastlaşmışıq, amma yaddaşımda o gün qalıb. Sonralar media parçalandı, fərqli düşüncəlilər bir-birinə düşmən kimi baxdı və bu düşmənçilik gəlir mənbəyinə çevrildikcə, yaralar dərinləşdi, qanqren verdi...

Bəs indi nə baş verir? "Niyə bir yerdəyik” düşüncəsi hətta mənim üçün də Ağdam səfərinin kölgəsində qalmışdı.

Əslində beynimdə heç bu suallar da yox idi. Mənə görə, hakimiyyətin nə məqsədi, nə də bizə münasibəti dəyişib. Bəlkə də Əliyevlər hakimiyyətinin yeganə uğurlu layihəsi olan İkinci Qarabağ savaşının nəticələrini hər kəsə göstərmək istəyirlər...

Bu qələbəni əksəriyyətin qəbul etməsi tərəflərin bir araya gəlməsinə səbəb ola bilir. Ədalət naminə onu da deyim ki, yeni kadrların da bu işdə rolu var.

... 6 iri avtobus yola düşdü. Ən sonuncudaydım, "Səs” və "Yeni Azərbaycan” qəzetlərinin baş redaktorları Bəhruz Quliyev, Hikmət Babaoğlu, eləcə də Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı və bənzər mövqeli daha bir neçə adamla birgə...

Görüşdüyüm bütün həmkarların ilk sualı bu idi: "Həyəcanlısan?”

Əslində, heç birmirdim həyacanlıyam, ya yox...

Yuxu ilə həyat arasında qalmış kimiydim, hətta bir neçə dəfə nəfəsimi tutub ürəyimin döyüntüsünü dinləmək istədim, fərqli döyünmürdü.

Bilirdim, getdiyim yer sonuncu dəfə 28 il öncə gördüyüm şəhər deyildi. Məndən əvvəl uçuq, sökük divarları, kol basmış yolları çox çəkib paylaşmışdılar. Amma bəzən insan öz gözləri ilə görmədiyini heç cür qəbul edə bilmir. Hər nə qədər uçuq-sökük, viran qalmış bir şəhərə getdiyimi bilsəm də, xatirimdəki evimiz gözümün önündən çəkilmirdi. O evimiz ki divar kağızının rənginə qədər xatirimdədir...

Dram teatrın binası
Mənbə: Meydan Tv

Haşiyə: Tarixi mənbələrə görə, əsası XVIII əsrdə qoyulan Ağdam rayon kimi 1930-cu ildə qeydə alınıb. Sahəsi 1150 kvadrat km, əhalisi 153000 olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.

"Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir.

Rayon 23 iyul 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Həmin vaxta qədər rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı, 15 şərab zavod, 1 şampan zavodu, 10 istirahət mərkəzi olub. Ümumilikdə Qarabağın ən böyük musiqi məktəbləri bu rayonda yerləşib.

Qərvənddən keçən yol..

İllərdir Ağdam deyib Quzanlı kəndinə üz tuturduq, sonra da sərhədə yaxın kəndlərdən birinə gedib təmas xəttinin o tayında qalan Vətənə boylanırdıq. İndi isə marşrut Qərvənddən idi, 28 il qapalı qalmış yoldan...

Bərdədən o yola doğru gedəndə hiss etdim ki, ürəyimin döyüntüsü artır. Avtobusun pəncərəsindən boylanmağa səbrim çatmadı, ayağa qalxıb seyr etməyə başladım.

Öncə qarşımıza rus sülhməramlılarının yük maşınlarının kolonu çıxdı. Bizimlə eyni avtobusda olan Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Vaqif Dərgahlı izah etdi ki, onlar burda humanitar yük daşımaq üçündür.

Dağıntılar önündə
Mənbə: Meydan Tv

Vaxtilə Azərbaycan əsgərlərinin, sonra Ermənistan hərbçilərinin dayandığı postlardan keçdik. Erməni tərəfin böyük istehkamlar qurduğu aydın görünürdü. Yollarda müharibənin izləri vardı: xəndəklər, çuxurlar, zirehli texnika, ağır yük maşınlarının hərəkəti üçün torpağın alt qatında çəkilmiş yol və bir də uzaqdan görünən dəmiryolu xətti...

Bir zamanlar o yol Xankəndinə (o zamanlar qatarların üzərinə Bakı-Stepanakert yazılardı) qədər uzanardı. Uşaqkən Bakıya qatarla gəlməyi çox sevərdim. Artıq 28 ildir ki, o qatarlar Bərdədən o yana keçə bilmir.

Avtobus karvanı Baş Qərvənd kəndində dayandı. Heyətimiz dəmiryolu ətrafında minatəmizləmə prosesini izləməli idi. Yolun kənarı minalardan qorumaq üçün lentlərlə əhatələnmişdi. Aşkarlanmış bir neçə minanı görmək mümkün idi. Bu günün ən fədakar insanları hesab ediləcək minaaxtaranlar müxtəlif yerlərdə əllərindəki aparatı torpağın üzərində gəzdirirdilər.

Çəkiliş prosesi mina partlayışı ilə sonuclandı. Partlayışın baş verdiyi ərazi o qədər yaxın olmasa da, ətraf səsdən lərzəyə gəldi. Yəqin ki, prosesi izləyənlər arasında bu səsi ilk dəfə eşidənlər də vardı.

Müharibə budur: eyni anda bütün ətrafın bu dəhşətli səslə əhatələnir və tanıdığın, sevdiyin insanlar bir-bir yox olur...

Həmkarım Xədicə İsmayılın yanında dayanmışdım. İkinci Qarabağ müharibəsində itirdiyi qardaşı oğlu Rövşəni xatırlayıb doluxsunmuşdu.

"Görəsən Rövşən neçənci mina partlayışından sonra bu səsə alışıb?” - dedi.

Yox olmuş xiyaban, xaraba qalmış Ətyeməzli...

Karvanımız Ağdama doğru istiqamət götürdü. Uzundərə adlanan çöllükdə təkrar avtobusdan endik. Vaxtilə burada Birinci Qarabağ müharibəsində həlak olanlar üçün İkinci Şəhidlər Xiyabanı salınmışdı. İndi yerində heç nə yox idi. Uzaqda, təpənin bir tərəfində dağıdılmış qəbir daşlarının qırıntıları gözə dəyirdi. Mina təhlükəsi olduğundan yaxına buraxılmadıq.

Avtobus Ətyeməzli kəndindən keçərkən sarsıldım. İndi xarabalığa çevrilmiş, daşı üstə daş qalmayan bu kənd də uşaqlığımın bir parçası idi.

Atamın yaxın dostu Eldar əmi bu kənddə yaşayırdı. Onlara qonaq gəlməkdən xoşum gəlirdi. Eldar əminin qızı ilə uşaqlıqdan başlayıb bu günə qədər davam edən dostluğumuz var. Bu kənddə keçən günlərimiz yolboyu uzanan xarabalıqların fonunda o qədər uzaqda idi ki...

50 nömrəli peşə məktəbi bu kəndin yaxınlığında yerləşirdi. İndi ondan da əsər-əlamət yox idi. Avtovağzal isə hələ işğaldan öncə, 1991-ci il fevralın 21-də partladılmışdı.

Ağdam
Mənbə: Meydan Tv

Şəhərmi, xarabalıqmı?

Vaxtilə Ağdam şəhərinin girişində böyük villalar tikilmişdi, hətta sonralar mən o villalardan Şəmkir rayonunda görmüşdüm. Başqa heç bir rayonda belə dəbdəbəli evlər yox idi. Villaların yaxınlığında xəstəxana kompleksi vardı. Bir az irəliyə doğru gedirdin, məşhur bazar və pasajla rastlaşırdın.

Ağdam bazarı Qarabağda ən böyük ticarət mərkəzi sayılırdı. Başqa rayonlardan olan insanlardan "axtarsan, Ağdam bazarında atom bombası da taparsan” kimi ifadələri tez-tez eşidərdik.

İndi bunların heç biri yox idi. Xəstəxanaların, bazarın yerində qalan daş parçalarından heç nə müəyyənləşdirmək mümkün deyildi. Yalnız Şahmat məktəbinin qarşı divarı, bir də Çörək Muzeyinin divarındakı şəkil onların əvvəlki görünüşü haqda təsəvvür yaradırdı.

Avtobus karvanı vaxtilə şəhərin mərkəzi sayılan yerdə - Ağdam Dram Teatrının qarşısında dayandı. Teatrın ön sütunları qalmışdı, bütünlükdə bina sanki daş-daş sökülmüşdü. Uşaqlığımın bu binada da izləri vardı...

Bir zamanlar aktrisa olmaq istəyirdim, ona görə də hərdən qaçıb tamaşalara baxmağa gələrdim. Yadımdadır, bir dəfə tamaşaların birində ayağını çəkən aktrisa gördüm və bununla da istəyimin üstündən xətt çəkdim. Niyəsə o zamanlar mənə elə gəlirdi ki, axsayan aktyorlara baş rol verilməz. Mənsə iddialıydım, ikinci dərəcəli rolları sevmirdim.

Hələ uşaqkən arzumu basdırdığım teatr binasının qalıqları önündə şəkil çəkdirib məscidə doğru gedən həmkarlarıma qoşuldum.

Adını heç soruşmadığım ağdamlı yol yoldaşım ətrafdakı binaları göstərir: "Univermaq, köhnə poçtun binası, "Bombey” məhəlləsi...”

İndisə heç biri yoxdu, yalnız köhnə poçt binasının (sonradan başqa yerdə yeni poçt binası tikilmişdi) üstündə telefon köşkünün dəmirləri qalmışdı.

Ağdam
Mənbə: Meydan Tv

Məsciddə

Qarabağ ümumilikdə dindar zona deyil, amma inanclı insanlar çoxdu. Xüsusilə Məhərrəmlik ayında, Aşura günü məscidə insan seli axırdı. Nənəm də inanclı biri idi, Aşura günü məni və bacımı özü ilə məscidə gətirərdi. Ələm qoyulmuş, üzərinə yaşıl örtük örtülmüş bir yerin başına fırlandığımızı, sonra da qolumuza qara ip bağladıqlarını yaxşı xatırlayıram.

İndi Ağdamda tək dağıdılmamış məkan kimi qalan məscid yaddaşıma həm də qoxusu ilə hopub. Bir az səməni halvasına, bir az əriyən şamın ətrinə bənzəyən və heç cür tam izah edə bilmədiyim o qoxunu təkrar duymaq üçün girdim məscidə.

Görünüşü qalsa da, məscidin qoxusu yoxa çıxmışdı. Əslində o qoxunu heç sevmirdim və hər dəfə bunu bəhanə gətirib nənəmin "məscidə gedək” təklifindən imtina edirdim. Amma indi o qoxunu iyləmək, çox uzaqlarda qalmış uşaqlıq xatirələrimi təkrar yaşamaq istəyirdim. Yox idi, uşaqlığımın izləri ilə gəldiyim heç bir yerdə keçmişim qalmamışdı.

Məscidin başına çıxdım, bütün Ağdam görünürdü. Heç bir tikilisinin üstündə damı qalmayan Ağdamım...

Başqa həmkarlarımdan fərqli olaraq günbəzlərin arasında çox dayandım, bir azdan yanından keçəcəyimiz, uzaqdan görünən evimizə boylandım. Heç nə qalmamışdı. Hiss etdim ki, görünən xarabalıqlar uşaqlığımın, gəncliyimin dəfn olunduğu məzarlıqdı, sadəcə...

Xan qızının tövləyə dönən sarayı...

Ağdamın ən məşhur məkanlarından biri İmarətdir. Vaxtilə burada fotbol oyunları, şənliklər, böyük tədbirlər təşkil olunardı. Stadionu, tribunası belə dağıdılıb. Pənahəli xanın, oğlu İbrahimxəlil xanın türbəsi, Xurşidbanu Natəvanın büstü vardı burda. İşğaldan sonra büst dağıdılıb, xanın mavzoleyi tövləyə çevrilib. Ağdamdan olan nümayəndə İmarət haqqında məlumat verir, ətrafdakılar maraqla dinləyir. Mənimsə xəyallarım yenə keçmişə qayıdıb.

...Hər il mayın 2-də bu məkanda Natəvan Qızlar Bayramı keçirilərdi. Bunun üçün mart ayından başlayaraq qızlar cəmi 1-2 dərs keçib bura məşqə gələrdi. Yuxarı sinif şagirdləri rəqsə gedərdi, biz isə xor oxumağa. Hətta bir dəfə mənə rol da vermişdilər. Vertolyot gəlməli, içərisindən veteranlar düşməli, mən də əlimdə gül "baba” deyib üstlərinə yüyürməli idim. Nədənsə sonradan ssenari dəyişdirildi, veteranlar vertolyotda yox, faytonda gəldi.

Yadımdadır, sonuncu bayramın rejissoru Ağalar İdrisoğlu idi. Ara-sıra mal nəcisinə rast gəlinən stadionu, dağıdılmış qəbirlərin arasını gəzirəm. Qulağımda xor oxuyur: "Qoy mən yenə söhbət açım öz diyarımdan...”, "Ağdamım, Ağdamım, Ağdamım...”

Bir də Zeynəb Xanlarovanın konsertini xatırlayıram. İmarətdə ayaq basmağa yer yox idi, atam məni başı üzərinə qaldırmışdı ki, Zeynəbi görüm. Paltarının qolları yelpənək kimi yellənirdi. Gözüm onda idi. Sonra evdə şala bürünüb yamsılayacaqdım...

Yaddaşımdan itib-getmiş xatirələr indi bu xarabalıqlar arasında məni izləyirdi.

Mənim evim indi bir maşınlıq daş yığını idi

Avtobus sonradan Şəhidlər xiyabanına çevrilmiş abidəyə doğru yola düşür. Evimizin yanından keçirik. Heç nə yoxdu, binaların yerində, sadəcə, bir maşınlıq daş var. Yaşıllıqlar məhv edilib, sanki ağaclardan da qisas alınıb. Şəhidlər xiyabanı da məhv edilib, işğaldan sonra kimin qəbrinin yeri bəlli olubsa, yenidən bərpa olunub. Qalanları yoxdu, halbuki bura ağzına qədər qəbirlərlə doluydu. Yerlərdə qırılmış başdaşları, məzar izləri var...

Abidənin yanından Əsgərana doğru uzanan şose indi torpaq yola çevrilib, ən pis kənd yolu belə buradan yaxşıdır. Ata yurdum Pərioğullar kəndinə də yol Abidənin yanından keçir. Yaxınlıqdakı polisdən soruşuram, əli ilə kol-kos basmış sahəni göstərir: "Pərioğulları o tərəfdir”.

Şahbulaq qalasında

Karvanımızın son səfəri Şahbulaq qalasına idi. Bura Qarabağ xanı Pənahəli xanın mülkü olub. Ağdamda yeganə salamat qalmış tikili də demək olar.

Tikilinin qarşısında qoyulmuş stenddən isə belə aydın olur ki, ermənilər buranı Tiqranakert abidəsi adlandırıb və bu səbəbdən də dağıtmayıblar. Stenddə yazılmışdı: "Tigranakert of Artsakh”.

Qalanın içərisindəki otaqlar isə dağıdılmış, pis hala salınmışdı. Görünür, köç zamanı etmişdilər.

Ağdam səfərimiz yekunlaşdı, yenidən avtobuslara doluşub üzü Bakıya yola düşdük. Vətəni yenə tərk etdim, amma bu dəfə geriyə dönmək ümidi ilə...

Ağdam
Mənbə: Meydan Tv

Ağdam
Mənbə: Meydan Tv