Adil Qeybulla: “Operativ Qərargah mütəxəssislərlə hesablaşmır”

Adil Qeybulla: “Operativ Qərargah mütəxəssislərlə hesablaşmır”

17-06-2020 13:38 / Bu xəbər 1754 dəfə oxundu

"Həm Nəzirlər Kabineti yanında Operativ Qərargahın verdiyi bəzi yanlış qərarlar, həm də vətəndaşların koronavirusa inamsızlığı onun yayılmasına şərait yaradır”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla Toplum tv-yə açıqlamasında belə deyib. 

Onun sözlərinə görə, virusun yayıldığı ilk dövrlə müqayisədə hazırda proses xeyli geriyə gedib.

Professor artıq Bakı xəstəxanalarında yer olmadığından xəstələrin rayonlara daşındığını, böyük həcmdə yoluxma riskinin olduğunu qeyd edib. 
 
Adil Qeybulla söyləyir ki, Operativ Qərargah karantin rejiminə nəzarət prosesini başlı-başına buraxıb: "Qərar qəbul edəndə mütəxəssislərin fikirlərini nəzərə almırlar”. 

Onun fikrincə, Operativ Qərargah yanlış qərarlar qəbul etsə də, vətəndaşlar da öz məsuliyyətini dərk etməlidir. 
 
Vasif İsmayıl: "Vətəndaşlar Operativ Qərargaha etimad göstərmir”

Tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl isə düşünür ki, virusun yayılmasında başlıca səbəb vətəndaşın səhiyyə sisteminə inamsızlığıdır.  
 
Onun fikrincə, vətəndaş TƏBİB-in və Operativ Qərargahın "qəhrəmanlığını” görüb onlara etimad göstərmir. 

"Vətəndaş səhiyyə sisteminin hər hansı bir işdə uğurlu olduğuna inanmır. Zira buna hələ şahid də deyil”,- Vasif İsmayıl əlavə edib. 

Dünən TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva vətəndaşların məsuliyyətsizliyi səbəbindən koronavirusun həddən artıq yayılması ilə bağlı məlumat yayıb. 

Sosial şəbəkələrdə isə vətəndaşların əksəriyyətinin koronavirusun olduğuna, Operativ Qərargahın verdiyi qərarlara inanmaması halı müşahidə olunur.