Aİ hökumətyönlü mediadanın dezinformasiyasını pislədi: Müsavat məhkəməyə verəcəyini deyir
15-08-2024 18:15 / Bu xəbər 733 dəfə oxundu
Aİ nümayəndəliyi seçkilərə müdaxilə etmədiyini bildirir
Hökumətyönlü mediada Avropa İttifaqının Bakı nümayəndəliyinin rəsmisi Piter Mixalkoya və bir sıra diplomatik korpuslara qarşı ittihamlar səsləndirilib.
Avropa İttifaqının rəsmisi müxalifətə göstəriş və tapşırıq verməkdə ittiham olunur.
Bildirilir ki, Piter Mixalko avqustun 12-də Musavat Partiyasının başqanı İsa Qəmbər, patiyanın məclis sədri Arif Hacılı və AXCP sədri Əli Kərimli ilə görüşüb, onları ölkədə siyasi vəziyyəti gərinləşdirməyə çağırıb.
Yazıda qeyd olunur ki, Mixalko müxalifətin hazırkı fəaliyyətsizliyini qınayıb, həmçinin yaranmış durumla bağlı Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti Məsələləri üzrə ali nümayəndəsi Cozef Borrellin ciddi narazılığını müxalifət təmsilçilərinə çatdırıb: "Azərbaycandakı cari durumu qısa şəkildə təsvir edən Piter Mixalko deyib ki, uzun illərdir ABŞ və Aİ müxalif qüvvələrin fəallığının təmin edilməsi, hakimiyyətə təsir və təzyiq imkanlarının gücləndirilməsi üçün müxalifətə böyük vəsaitlər ayırıb. Bunun müqabilində isə cəmiyyətin narazı hissəsini arxasınca aparmalı olan müxalifət fəaliyyətini yalnız virtual məkanda replikalar paylaşmaqla, müxalifətçiliyi imitasiya etməklə məşğuldur. Hazırda seçkilərlə əlaqədar siyasi fəallığını yüksəltməli olan qüvvələr artıq bu imitasiyanı da lazımi şəkildə edə bilmirlər".
İddia olunur ki, Mixalko görüş iştirakçılarına nümunə kimi Gürcüstan müxalifətini və vətəndaş cəmiyyətini göstərib: "Bildirib ki, həm Azərbaycana, həm də Gürcüstana ayrılan vəsaitlərin həcmi eyni olsa da, qonşu ölkədə vətəndaş cəmiyyəti hakimiyyətə çox ciddi təsir etmək və iqtidarı sarsıdacaq addımlar atmaq imkanlarına malikdir. Məsələyə münasibət bildirən müxalifət liderləri deyiblər ki, ABŞ və Aİ-nin dəstəyi olmasa, müxalifət öz mövcudluğunu qoruyub saxlaya bilməz. Eyni zamanda, fasiləsiz maliyyə yardımının daxil olmasına baxmayaraq, ölkədə mövcud mühit siyasi fəallığa və real nəticələr göstərməyə imkan vermir. Qeyd olunub ki, müxalifətin, TV-lər də daxil olmaqla, mediaya çıxışı yoxdur, sosial media vasitəsilə ciddi nəticələr əldə etmək mümkün deyil, aksiyaların keçirilməsinə imkan verilmir və s. Üstəlik, Qərbin maliyyə dəstəyi də dayanarsa, bu, Azərbaycanda müxalifətin sonu demək olacaq”.
Yazıdakı iddialara görə, guya hətta P.Mixalko maliyyələşmənin davam etdirilməsi üçün müxalifətə tələblərini də səsləndirib: "Deyib ki, hazırkı seçki dövrünün açdığı imkanlardan istifadə edərək kütləvi tədbirlərin həyata keçirilməsi zəruridir. İlk növbədə müxalifət regionlardakı durumu düzgün qiymətləndirməli, şəhər və rayonlarda öz bazasını səfərbər etməli və paytaxt da daxil olmaqla, kütləvi aksiyaların təşkilinə və keçirilməsinə başlamalıdır. P.Mixalko zəruri hallarda müxalifət iğtişaşlardan da çəkinməməli və qarşıdurmaya getməyi bacarmalıdır. Məsələn, bu və ya digər məsələdən narazı olan kütlə tərəfindən etiraz əlaməti olaraq regionlarla Bakı arasında əsas yolların bağlanmasını təşkil etmək mümkündür”.
"Sonda Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı və digərləri çıxış edərək bildiriblər ki, səsləndirilən iradlar haqlıdır, hazırkı mürəkkəb durumda belə müxalifət fəallığını qoruyub saxlamağı bacarmalıdır. Bildirilib ki, Aİ tərəfindən irəli sürülən tələblər aydındır və onların yerinə yetirilməsi ilə bağlı lazımi addımlar atılacaq”,-deyə yazıda qeyd olunub.
Görüşdə Fransa və Niderlandın səfirlərinin xüsusi fəallıq göstərərək müxalifətin canlandırılması üçün tədbirlərinin gücləndirməyi tələb etdikləri də iddia olunub: "Nə qədər anlaşılmaz olsa da, görüşdə ABŞ və Böyük Britaniyanın səfirləri də iştirak ediblər. Buna görə də görüş Aİ-Azərbaycan müxalifəti formatından kənar çıxıb. Həmçinin diqqəti cəlb edən məqamlardan biri də, masanın üzərində Aİ bayrağı ilə yanaşı LGBT bayrağının qoyulması da olub. Üstəlik, P.Mixalko çıxışında irəli sürülən tələblər sırasında müxalifətin seksual azlıqların hüquqlarının müdafiəsi istiqamətində addımlar atmalı olduğunu diqqətə çatdırıb”.
Müsavat Partiyasının Məclis sədri Arif Hacılı yazını yayımlayan "Qafqazinfo” saytı barəsində məhkəmə iddiası qaldıracaqlarını bildirib.
Bu barədə Arif Hacılı "Facebook” səhifəsində yazıb.
O qeyd edib ki, görüş barədə yazılanlar yalan və böhtandır: "Yazıda iddia olunduğu kimi ABŞ və Böyük Britaniyanın səfirləri bu görüşdə iştirak etməyib. Həmçinin görüşə İsa bəy və məndən başqa Azərbaycanda fəaliyyət göstərən hər hansı təşkilatın nümayəndələri də qatılmayıb. Görüşdə Azərbaycanda ümumi ictimai-siyasi durum, keçiriləcək parlament seçkiləri, Azərbaycan-Ermənistan sülh danışıqlarının gedişi, siyasi məhbuslar, Müsavat Partiyası ilə Aİ ölkələri diplomatik korpusunun nümayəndəliklərinin əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılıb”.
"Saytın görüşün iştirakçıları, məqsədi barədə yazdıqları yalan, müzakirə olunan məsələlər barədə yazdıqları isə tamamilə uydurma və böhtandır. Sayt bizi Cinayət Məcəlləsinə görə cinayət məsuliyyəti yaradan əməldə ittiham edib. "Qafqazinfo” saytı və qeyd edilən "məlumatın” müəllifləri öz saytlarında eyni həcmdə yazı ilə təkzib verməli və bizdən üzr istəməlidir. Əks halda tələbimiz hüquq müstəvisində irəli sürüləcək”, – deyə Hacılı əlavə edib.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi yazılanları təkzib edib: "Həmin görüşlərin formatı və məzmunu ilə bağlı bu iddialar tamamilə yalandır və reallığa uyğun gəlmir”.
"Biz Avropa İttifaqına, ittifaqın Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinə, Avropa İttifaqının Azərbaycandakı səfirinə və Nümayəndəliyinə qarşı bu cür dezinformasiya hücumlarını qətiyyətlə pisləyirik”, - nümayəndəlik belə bildirib.
Qeyd olunub ki, Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir: "Avropa İttifaqı Azərbaycanın mühüm və yaxın tərəfdaşı, o cümlədən onun ən mühüm ticarət tərəfdaşı və enerji sahəsində strateji tərəfdaşı olub və olmaqda davam edir. Avropa İttifaqı uğurlu və əhatəli COP29 istiqamətində Azərbaycanla işləməyə sadiqdir”.
"Avropa İttifaqı Azərbaycanla öz xalqının mənafeyi naminə, o cümlədən insan hüquqlarının müdafiəsi sahəsində birgə işləyir və Azərbaycan cəmiyyətinin bütün təbəqələri, o cümlədən siyasi partiyalar və vətəndaş cəmiyyəti ilə əlaqə saxlayır. Bundan başqa, Avropa İttifaqı heç bir ölkədə heç bir seçkiyə müdaxilə etmir”, -deyə açıqlamada vurğulanır.