AİHM: "Hökumət AXCP sədrinə təzminat ödəməlidir"
08-02-2024 19:17 / Bu xəbər 692 dəfə oxundu
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) fevral ayının 8-də Azərbaycandan göndərilmiş 23 ərizə üzrə 6 qərar və qərardadını elan edib.
Fuad Əhmədli və başqaları (7) Azərbaycana qarşı
Bu məhkəmə işi ictimai toplantıların iştirakçıları kimi ərizəçilərə qarşı tətbiq edilən tədbirlərin qeyri-proporsionallığı, toplantıların dağıdılmasının, iştirtakçıların inzibati xətalara görə məhkum edilməsinin qanunsuzluğu iddiaları ilə bağlı idi.
Ərizəçilər AİHM qarşısında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (birləşmək hüququ) maddələrinin pozuntusunu qaldırmışdılar.
AİHM bu işdə Konvensiyanın 6.1, 6.3-cü və 11-ci maddələrinin pozulmasına qərar verib. Qərara görə, hökumət ərizəçilərdən Fuad Əhmədliyə mənəvi zərər əvəzi 3400, hüquqi xərclər əvəzi 300 ödəməlidir.
Ərizəçilərdən Elçin Teymurov, İlham Hüseynov, Səyyad Quliyev, Elxan Əliyev, Ağəli Yəhyayev, İmran Məmmədli və Elgiz Məmmədovun hər birinə mənəvi ziyan əvəzi 2600, hüquqi xərclər əvəzi 250 avro ödənilməlidir.
Ərizəçiləri AİHM-də vəkillər Zibeydə və Elçin Sadıqovlar təmsil edib.
Nəriman İsmayılov və başqaları (4) Azərbaycana qarşı
Bu məhkəmə işi də ictimai toplantıların iştirakçıları kimi ərizəçilərə qarşı tətbiq edilən tədbirlərin qeyri-proporsionallığı, toplantıların dağıdılmasının, iştirtakçıların cəzalandırlmasının qanunsuzluğu iddiaları ilə bağlı idi.
Ərizəçilər AİHM qarşısında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (birləşmək hüququ) maddələrinin pozuntusunu qaldırmışdılar.
Ərizələrin kommunikasiyası zamanı hökumət iddia olunan pozuntuları etiraf edib, ərizəçilərə təzminat ödəməyi təklif edib.
Məhkəmə bunu nəzərə alaraq, ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib.
Qərara əsasən, hökumət ərizəçilər N.İsmayılov, Tariyel Məlikzadə, Zamin Salayev, Elşən Təhməzli və Fərzəli Əsədovun hər birinə mənəvi zərər əvəzi 2340 avro, hüquqi xərclər əvəzi 225 avro ödəməlidir.
Ərizəçiləri AİHM-də vəkil Elçin Sadıqov təmsil edib.
Yalçın Abdullayev və başqaları (4) Azərbaycana qarşı
Bu məhkəmə işi də ictimai toplantıların iştirakçıları olan ərizəçilərə qarşı tətbiq edilən tədbirlərin qeyri-proporsionallığı, toplantıların dağıdılmasının, iştirtakçıların cəzalandırlmasının qanunsuzluğu iddiaları ilə bağlı idi.
Ərizəçilər AİHM qarşısında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (birləşmək hüququ) maddələrinin pozuntusunu qaldırmışdılar.
Hökumət kommunikasiya zamanı AİHM-ə iddia olunan pozuntuların etiraf edildiyi təktərəfli bəyannamə təqdim edib. Həmin bəyannaməyə əsaslanan qərardada görə, hökumət ərizəçilər Yalçın Abdullayev (1-ci ərizə), İlham Hüseynov, Murad Sultanov, Emil Maniyev və Yalçın Abdullayevin (2-ci iş) hər birinə mənəvi zərər əvəzi 2340, hüquqi xərclər əvəzi 225 avro ödəməlidir.
Ərizəçiləri AİHM-də vəkil Zibdeydə Sadıqova təmsil edib.
Səlimə Cəlilova Azərbaycana qarşı
Bu məhkəmə işi jurnalist olan ərizəçinin ölkədən çıxışlarına qadağa qoyulması ilə bağlı idi.
Ərizəçi AİHM qarşısında iddia edirdi ki, hərəkət azadlığı, ifadə azadlığı və effektiv hüquqi müdafiə imkanlarına sahib olmaq hüquqlarına müdaxilə baş verib.
Ərizəçi həmçinin ona tətbiq edilmiş məhdudiyyətlərin Konvensiyada nəzərdə tutulanlardan fərqli məqsədlərə (18-ci maddə) xidmət etdiyini iddia edirdi.
Ərizənin kommunikasiyası zamanı hökumət iddia olunan pozuntuları etiraf edib, ərizəçilərə təzminat ödəməyi təklif edib.
Məhkəmə bunu nəzərə alaraq, ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib.
Məhkəmənin qərardadına görə, hökumət jurnalistə 5 min avro ödəməlidir.
Ərizəçini vəkil Fariz Namazlı təmsil edib.
Xalid Bağırov və başqaları Azərbaycana qarşı
Bu məhkəmə işi ərizəçilərə münasibətdə (Məhsul stadionu və Hüseyn Cavid parklarında) dinc toplantıların keçirilməsinin qadağan edilməsi və ya kütləvi tədbirlərin keçirilmə yeri, vaxtı və ya üsulu ilə bağlı məhdudiyyətlərin tətbiq olunması ilə bağlı idi.
Ərizəçilər AİHM qarşısında Konvensiyanın 13-cü (səmərəli müdafiə vasitələrinə malik olmaq) və 11-ci (birləşmək hüququ) maddələrinin pozuntusunu qaldırmışdılar.
Hökumət kommunikasiya mərhələsində ərizələrin baxılacaq işlərin siyahısından çıxarılmasını tələb edən təktərəfli bəyannamə təqdim etsə də AİHM həmin bəyannamələri rədd edib.
Məhkəmə ərizəçilərə münasibətdə Konvemsiyanın 11-ci maddəsinin pozulmasına qərar verib.
Qərara əsasən, hökumət ərizəçilərdən Xalid Bağırov, Samirə Ağayeva, Namizəd Səfərova 1500, İlham Hüseynov, Əli Kərimli və Vahid Məhərrəmova 1750 avro ödəməlidir.
Ərizəçiləri AİHM-də hüquqşunas Xalid Bağırov və vəkil Əsabəli Mustafayev təmsil edib.
Elman Quliyev Azərbaycana qarşı (2 ərizə)
Bu məhkəmə işi ərizəçiyə qarşı ictimai toplantıların təşkili və iştirak kontekstində tətbiq edilən tədbirlərin qeyri-proporsionallığı, toplantıların dağıdılmasının, iştirtakçıların cəzalandırlmasının qanunsuzluğu iddiaları ilə bağlı idi.
Ərizəçi AİHM qarşısında Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (birləşmək hüququ) maddələrinin pozuntusunu qaldırmışdı.
Kommunikasiyası zamanı hökumət iddia olunan pozuntuları etiraf edib, ərizəçiyə təzminat ödəməyi təklif edib.
Məhkəmənin hökumətin təktərəfli bəyannaməsini nəzərə alaraq verdiyi qərardada görə, ərizəçiyə iki iş üzrə mənəvi zərər əvəzi 5200 avro, hüquqi xərclər əvəzi 500 avro ödənilməlidir.