Akif Qurbanov İlham Əliyevə müraciət edib
20-01-2025 19:35 / Bu xəbər 153 dəfə oxundu
O, Prezidenti dəyərlər çərçivəsində mübarizəyə dəvət edib
On aydır həbsdə olan III Respublika Paltformasının (ResPlatforma) spikeri Akif Qurbanov Prezident İlham Əliyevə müraciət edib.
O, müraciətində həm özünün, həm də onunla birgə həbs edilən dostlarının ailələrinin əmlaklarından məhrum edilməsilə bağlı narazılığını çatdırıb.
Onun müraciəti "Facebook” hesabından paylaşılıb.
Akif Qurbanov mübarizəsini elan etdiyi dəyərlər çərçivəsində apardığını, qarşı tərəfi də buna dəvət etdiyini bildirir.
"Cənab İlham Əliyev, diskursunuzda tez-tez "Ailə dəyərləri”, "milli dəyərlər” və s. terminlərdən istifadə edirsiniz. Bəs necə olur ki, bizə münasibətdə o dəyərlərə hörmət qoyulmur? Məsələn, mən həbs olunandan sonra atam övladlarımı məktəbdən evə apararkən avtomobili saxlanılır və övladlarımın komputerləri, telefonları götürülür. Atamın telefonları da həmçinin. Sonradan güya ResPlatformanın ofisindən aşkar olunmuş kimi rəsmiləşdirilir”, – spiker bildirir.
O, həyat yoldaşının adına olan evə həbs qoyulmasına toxunur: "Həyat yoldaşımın halal maaşı ilə alınan torpaq və üzərində tikilən bağ evinin (necə əldə olunma məlumatı və gəlir mənbəyi ictimailəşib) istintaqın məni ittiham etdiyi dövrdən əvvəl alındığı halda üzərinə həbs qoyulub”.
ResPlatformanın spikeri həmçinin atasına məxsus avtomobilin müsadirəsindən də yazır: "Atamın istintaqın araşdırdığı dövrdən əvvəl aldığı, uşaqların bağça və məktəbə aparılıb gətirilməsi, ailənin zəruri ehtiyacları, məni həbsxanada ziyarət etmək və sovqat gətirmək üçün istifadə olunan son avtomobili də götürüb şəxsi nəqliyyat imkanından ailə üzvlərimi məhrum etməklə sizin məmurlar və şəxsən siz nəyə nail olmaq istəyirsiz?”
Akif Qurbanov siyasi fəaliyyəti dövründə İlham Əliyev də daxil olmaqla heç kimə qarşı etikadan kənar davranmadığını diqqətə çatdırır: "Bu günə qədər istər MSK üzvü olarkən, istər ictimai fəaliyyətimdə, istərsə də ResPlatformanı elan etdiyimiz dönəmdən siyasi fəaliyyətimdə siz daxil kimsənin şəxsiyyətini hədəf alan, kimsəyə qarşı etikadan kənar və düşmən münasibəti ifadə edən açıqlamam olmayıb. Məni və dostlarımızı qanunsuz olaraq qondarma ittihamla həbs etmisiniz, deyək ki, siyasi alternativlər təqdim etməyimiz xoşunuza gəlmir. İmkan verilsə, təhlükəyə çevriləcək və buna görə də bəri başdan cəzalandırırsınız. Olsun! Hansı ölkədə, necə bir rejimlə üz-üzə olduğumuzun fərqinə vararaq bu yoldayam. Ona görə də əsassız və qanunsuz olsa da, kəsiləcək cəzaya sinə gərməyə davam edəcəyəm. Amma mənim və bu yolda birgə mübarizə apardığım dostlarımın ailəsindən, qohumlarından əl çəkin. Onları bu prosesə qatmayın. Rabitə və nəqliyyat imkanlarından, mülkiyyətdən məhrum etməklə ailəmə əziyyət verməyin. Biz mübarizəmizi elan etdiymiz dəyərlər çərçivəsində aparmışıq. Sizi də eyni cür davranmağa dəvət edirəm”.
ResPlatforma 2023-cü il dekabrın 7-də elan edilib.
Yeddi nəfər tərəfindən təsis olunan qurumun spikeri Akif Qurbanov və qurucu heyət üzvlərindən Ruslan İzzətli 2024-cü il martın əvvəllərindən həbsdədirlər.
Bu iş üzrə "Toplum TV”nin redaktoru Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov, Ramil Babayev də həbs ediliblər.
"Toplum TV işi” üzrə 9 nəfərə cinayət işi açılıb, 8-i haqda həbs qətimkan tədbiri seçilib, bir nəfər Elmir Abbasov polis nəzarətindədir.
Onlar həbs ediləndə qaçaqmalçılqıda ittiham olunurdular. Amma ötən həftə istintaq təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2 (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1 (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Təqsirləndirilən şəxslər ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.
Azərbaycan hakimiyyəti isə ölkədə heç kimin siyasi mövqeyinə görə təqib və təzyiqə məruz qalmadığını, ölkədə bütün hüquq və azadlıqların təmin edildiyini bəyan edir.
Hakimiyyətin cəmi 3 ay dözdüyü bu platformanın spikeri kimdir və həbsi niyə siyasi sifariş hesab edilir?
Akif Qurbanov – 3 avqust 1981-ci ildə Gürcüstan SSR-də doğulub. 1998-ci ildə Bakı şəhərində 289 saylı Zəngi liseyini bitirib.
1998-2004-cü illərdə ilk ali təhsilini Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində alıb.
2002-2005-ci illərdə Ümid Partiyasının Gənclərlə iş üzrə sədr müavini vəzifəsini tutub. 2005-2006-cü illərdə Ümid Partiyası Mərkəzi Seçki Qərargahının rəhbəri olub, 2006-2016-cı illərdə Mərkəzi Seçki Komissiyasının üzvü olub.
O, 2003-cü il hadisələrində yaxından iştirak edib və bu səbəblə həbs edilib.
2008-ci ildə Strasburqda Avropa Şurası yanında Siyasət Məktəbi bitirib.
2013-2016-cı illərdə Karazin adına Xarkov Milli Universitetinin hüquq fakültəsində ikinci ali təhsil alıb.
2013-cü ildən Demokratik Təşəbbüslər İnstitutunun rəhbəridir.
Həmin tarixdən bu günədək institut çərçivəsində liderlik, jurnalistika, hüquq, iqtisadiyyat kimi sahələrdə silsilə təlimləri həyata keçirməklə, yüzlərlə gəncin maariflənməsinə, ictimai proseslərə və vətəndaş cəmiyyətinə qoşulmasına töhfə verib.
Beynəlxalq hüquq-müdafiə təşkilatları bu həbsləri siyasi sifarişli hesab edir və pisləyir.
Akif Qurbanov da digər məsləkdaşları kimi həbsini sifarişli adlandırır, ittihamları rədd edir.