Akif Qurbanova ailəsi ilə görüş verilmədiyi deyilir

Akif Qurbanova ailəsi ilə görüş verilmədiyi deyilir

03-06-2024 16:58 / Bu xəbər 723 dəfə oxundu

İyunun 1-də III Respublika Platformasının həbsdə olan spikeri Akif Qurbanova ailə üzləri - valideynləri ilə görüş verilmədiyi bildirilir.

Bu barədə məlumatı iyunun 2-də III Respublika Platforması yayıb. 

Bildirilib ki, ailəsinin A.Qurbanova apardıqları sovqat dəfələrlə və çox sərt yoxlanılıb, selektiv qəbul edilib: "Ona aparılan kitablar da geri qaytarılıb".

"Akif Qurbanov iyunun 1-də həmçinin telefon ilə ev ilə danışmalı idi. Ona bu hüququndan da istifadə etməyə icazə verilməyib",- məlumatda əlavə edilib.

III Respublika Platforması bunu A.Qurbanovun son məhkəmə çıxışı ilə bağlı olduğunu ehtimal edir: "Onun üzləşə biləcəyi problemlərdən ciddi narahatıq. Ona görə də Akif Qurbanovun ailə üzvləri ilə görüşməsi, telefonla əlaqə saxlamaq hüququnun təmin olunmasını tələb edir, ictimaiyyəti bu məsələyə biganə qalmamağa çağırırıq".

A.Qurbanovun vəkili Şəhla Hümbətova onunla ötən həftədən görüşmədiyini, amma ailəsindən bu barədə eşitdiyini deyib: "Mən yalnız onunla görüşəndən sonra konkret nəsə deyə bilərəm".

III Respublika Platformasının bu açıqlamasına cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

A.Qurbanov sonuncu məhkəmə çıxışında Azərbaycandakı idarəetməni Stalin rejimi ilə müqayisə etmişdi: "İndi Azərbaycanda Stalin üslubu icra olunur. Necə ki, Stalin direktiv göndərərək "minin belinə, etiraf edincə düşməyin" üslubunu tələb edir, NKVD (SSRİ Xalq Daxili İşlər Komissarlığı) də icra edirdi".

Martın 7-də həbs olunan və evində axtarış aparılan III Respublika Platformasının təsisçilərindən Akif Qurbanov barəsində CM-nin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Amma o, ittihamı qurama, siyasi hesab edir.

Rəsmilər isə ölkədə siyasi həbslər ilə bağlı deyilənləri əsassız sayır.

Xatırlatma

Son altı ayda Azərbaycanda aralarında "ToplumTV", "Abzas Media" nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20 civarında jurnalist, ictimai fəal həbs edilib. 

Onlar, əsasən, qaçaqmalçılıqda ittiham edilirlər, amma ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var.

Rəsmilər isə bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.