Alya Yaqublu “Toplum TV” işi ilə bağlı şahid qismində dindirilib

Alya Yaqublu “Toplum TV” işi ilə bağlı şahid qismində dindirilib

06-06-2024 17:17 / Bu xəbər 697 dəfə oxundu

Jurnalist cinayət işini saxta, ittihamları qondarma sayır

"Toplum TV” internet kanalındakı "Axşam söhbəti” proqramının aparıcısı Nailə (Alya) Yaqublu iyunun 6-da Bakı Şəhər Baş Polis İdarəsində dindirilib.

Jurnalist "Toplum TV” ilə bağlı cinayət işi üzrə şahid qismində ifadə verib.

Onun dindirilməsi 4 saata yaxın davam edib.

Alya Yaqublu istintaq sirri olduğunu əsas gətirərək ifadəsinin detalları barədə danışmayıb. Lakin bildirib ki, "Toplum TV” ilə bağlı cinayət işini saxta, ittihamları isə qondarma hesab etdiyini dindirilmə zamanı vurğulayıb.

O deyib ki, "Toplum TV” işi üzrə həbs olunanların hər biri Azərbaycan üçün faydalı işlər görmüş, dəyərli insanlardır.

"Sadəcə, bu hakimiyyət müstəqil medianı, tənqidçiləri, müxalif mövqeli insanları sevmir. Bunun nəticəsidir ki, Azərbaycanda müxalif mövqeli insanların yolu tez-tez həbsxanalardan keçir, müstəqil jurnalistlərin sayı azalıb. Bütün bunlar bizi üzür, amma ümidimizi üzmürük”, – jurnalist dindirmədən sonra açıqlamasında belə deyib.

Martın 6-da "Toplum TV” internet televiziyası və eyni adlı saytın ofisində polisin axtarışı olub və qapısı möhürlənib.

Media orqanıyla bağlı cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.

Həbs olunanlar arasında "Toplum TV”-nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, video-redaktor Müşfiq Cabbar, III Respublika Platformasının spikeri Akif Qurbanov, təşkilatın üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları da var.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

İddia olunur ki, axtarış zamanı ofisdən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər.

Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.