Anar Bağırov: "Dövlət hesabına ayrılan vəsaitin xərclənməsi ciddi nəzarət altındadır"

Anar Bağırov:

30-08-2023 12:26 / Bu xəbər 960 dəfə oxundu

"Vəkillər Kollegiyasında dövlət hesabına ayrılan vəsaitin xərclənməsi ciddi nəzarət altındadır".

"E-huquq.az" xəbər verir ki, bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.

O bildirib ki, hazırda dövlət hesabına hüquqi yardım göstərilən vəkillərlə bağlı bütün məlumatlar elektron qaydada təhlil olunur. 

Vəkillər Kollegiyasında Hüquqi Yardım və Tədris Mərkəzi yaradıldığını xatırladan Bağırov deyib ki, bu Mərkəz dövlət hesabına hüquqi yardımla bağlı, o cümlədən "pro bono" (ictimai xeyir naminə-red.) hüquqi yardımla bağlı bütün məsələləri təmin edir.

Onun sözlərinə görə, Mərkəz ümumiyyətlə vəkillərin davamlı tədris məsələsi və treyninqlərin keçirilməsində çoxşaxəli fəaliyyət göstərir. 

Sədr eyni zamanda Mərkəzin nəzdində "Pro bono" vəkil bürosunun da fəaliyyət göstərdiyini xatırladıb.

Mərkəzin işinin tam şəffaf şəkildə qurulduğunu söyləyən A.Bağırov bildirib ki, bütün fəaliyyət elektronlaşdırılıb. 

O deyib ki, hazırda dövlət hesabına hüquqi yardım göstərilən vəkillərlə bağlı bütün məlumatlar elektron qaydada təhlil olunur: "Dövlət hesabına ayrılan vəsaitin xərclənməsi ciddi nəzarət altındadır. Maliyyə Nazirliyi və digər aidiyyəti qurumlar bu məsələdə xüsusi rol oynayır. Məhkəmələr, istintaq orqanları tərəfindən vəkillərin dövlət hesabına göstərdikləri hüquqi yardımla bağlı qərarlar Hüquqi Yardım və Tədris Mərkəzinə göndərilir. Təqdim olunan sənədlər Mərkəzdə təhlil olunur. Qanunvericiliyin tələblərinə cavab verdiyi təqdirdə vəkillərə ödənilən məbləğlə bağlı ödəniş tapşırığı aidiyyəti üzrə xəzinədarlığa göndərilir. Həmin vəsait vəkillərin hesabına, yaxud fəliyyət göstərdiyi büroların hesabına köçürülür. Vergilər çıxılmaq şərtilə həmin vəsait nağdsız qaydada vəkilə ödənilir. Əvvəlki illərdən fərqli olaraq, bürokratik əngəllər yoxdur. İlin yekunlarına görə Kolelgiyada müşavirələr keçiririk. Büro rəhbərləri və dövlət hesabına hüquqi yardım göstərən vəkillərin iştirakı ilə ötən ilin nəticələrini təhlil edirik. Nöqsanlar təbii ki, var. Əsas nöqsanlardan biri formal vəkillikdir. Formal vəkillik halları ilə biz Kollegiya olaraq mübarizə aparırıq. Bununla bağlı dəfələrlə həmin vəkillər intizam məsuliyətinə cəlb edilib. Bu məsələdə biz barışmaz mövqe nümayiş etdiririk, tolerantlıq sıfıra bərabərdir".

A.Bağırov vurğulayıb ki, vəkillərə il ərzində dövlət hesabına 15 min manatdan yuxarı vəsait ödənilməsinə Kollegiya veto qoyub. Sədr hesab edir ki, il ərzində dövlət hesabına 15 min manatdan yuxarı məbləğdə hüquqi yardımın göstərilməsi şübhəli haldır: "Burada formal vəkilliklə bağlı müəyyən şübhələr yaranır. Bu məsələ ilə bağlı qəti mövqeyimiz belədir ki, hər bir hal araşdırılmalıdır. Hətta bununla bağlı aidiyyəti dövlət qurumlarına, istintaq-təhqiqat orqanlarına və məhkəmələrə müraciət etmişik. Dövlət hesabına hüquqi yardımla bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən hər ay təsdiq olunan siyahılara riayət olunmalıdır. Yeri gəlmişkən o siyahıları biz öz saytımızda dərc edirik. İstəyirik ki, növbətçiliyə əməl olunsun. Çünki bu, qanunun tələbidir. Müəyyən üzrlü səbəbdən vəkil işə çıxa bilmirsə, bu hal lazımi qaydada rəsmiləşdirilməlidir. Büroya müvafiq qərar təqdim olunmadan vəkil hər hansı istintaq orqanına çağırıla bilməz. Bunu ciddi monitorinq altında saxlayırıq. Bu cür hallarla mübarizə aparmaq üçün bütün lazımi tədbirlər görülür".

Avqustun 8-də İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi bəyanatla çıxış edərək Vəkillər Kollegiyasının sədri Anar bağırovu dövlətin ayrıdığı 5 milyon manatla bağlı sorğulayıb: "Dövlət büdcəsindən Vəkillər Kollegiyasına ayrılmış 5000000 (beş milyon) manat vəsait hara xərclənib və hesabatı verilibmi?!"

Təşkilat Kollegiyanın sədri Anar Bağırova suallar ünvanlayıb

"Kollegiyanın sədri Anar Bağırov kollegiyaya ayrılmış vəsaiti kimlərlə yeyib?!" - deyə İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi Bağırovu ittiham edib.

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi hesab edir ki, Vəkillər Kollegiyası 5 milyon manatın hara və xərclənməsinə aydınlıq gətirməlidir.