Apelyasiya ağır xəstə olan Xəlilovu azad etməyib
10-05-2024 13:57 / Bu xəbər 745 dəfə oxundu
Mayın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi sosial şəbəkə fəalı, birinci qrup əlil Famil Xəlilovun həbsindən verilmiş şikayəti təmin etməyib.
Vəkil Bəhruz Bayramovun "Turan"a verdiyi məlumata görə, məhkəmə mühafizəçiləri hərəkət etmək imkanları məhdud olan Xəlilovu çətinliklə məhkəməyə gətiriblər.
İclasda Xəlilovun vəziyyəti pisləşib. Bununla belə, məhkəmə onu həbsdə saxlamaq barədə qərar qəbul edib.
Vəkil deyib ki, müdafiə tərəfi Xəlilovun ev dustaqlığına keçirilməsi haqqında vəsatət verəcək. Xəlilov kənar yardım olmadan keçinə bilməz.
O, İstintaq Təcridxanasının tibbi-sanitar hissəsinə yerləşdirilsə də və ona qulluq olunsa da, həbsi və kənar şəxslərdən asılılığı fəalın vəziyyətinə mənfi təsir göstərib.
* Xəlilov sığınacaq almaq ümidi ilə bir neçə il İsveçdə yaşayıb. Üç ayda bir ona xüsusi iynə vurulurdu, bu, onun vəziyyətini yüngülləşdirirdi.
Bir il əvvəl, Azərbaycana deportasiya edildikdən sonra o, bu tibbi yardımdan məhrum olub və vəziyyəti pisləşib.
Əllərinin ifliç olmasına baxmayaraq, Xəlilov sosial şəbəkələrdə fəal idi və kompüterdə ayaq barmaqları ilə yazırdı.
O, hakimiyyəti tənqid edir və etiraz aksiyalarında iştiraka çağırırdı.
Xəlilov mayın 4-də saxlanılıb.
Fəala qarşı CM-in 234.4.3-cü (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb.