Astara xəstəxanasında qalmaqal: İrandan gələnlər 2 gündür gözlədilir - VİDEO
27-02-2020 18:29 / Bu xəbər 1236 dəfə oxundu
Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən İrandan qayıdan azərbaycanlılarla həkimlər arasında gərginlik yaşanıb.
Məsələni əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
İrandan qayıdan vətəndaşlar dünən saat 10-dan xəstəxanada antisanitar şəraitdə saxlanıldıqlarını iddia edirlər: "Siz bizi burada nə üçün saxlayırsınız? Əgər bizdə ciddi xəstəlik varsa, bu xəstəxanada bizi nə müayinə edə bilərlər, nə də müalicə. Həkimlər bizə məlumat verməlidir, amma heç kim heç nə demir. Deyirlər, oturun, gözləyin. Bizi dünən saat 10-dan xəstəxanaya yerləşdiriblər”.
Vətəndaşlarla tibb işçiləri arasında yaşanan gərginliyin səbəbi onlara heç kimin məlumat verməməsi və antisanitar şəraitdə saxlanılmalarıdır.
Məsələ ilə bağlı "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nə (TƏBİB) müraciət etdik. Lakin qurumdan məsələyə münasibət bildirən olmayıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İrandan Azərbaycana gələn vətəndaşların koronavirus şübhəsi ilə xəstəxanada müayinə olunması zamanı yaranan narazılığa aydınlıq gətirib.
Belə ki, TƏBİB-dən Oxu.Az-a bildirilib ki, İrandan gələn Azərbaycan vətəndaşlarının Astara Rayon Mərkəzi Xəstəxanasındakı şəraitlə bağlı sosial şəbəkələrdə yaydığı videomateriallarda əksini tapan çatışmazlıqlar aradan qaldırılır:
"Videomaterialdan da göründüyü kimi, çəkiliş palatalarda yataq dəstlərinin dəyişdirilməsi zamanı aparılıb. Məlumat üçün bildiririk ki, 26 fevralda TƏBİB-in rəhbərliyi Astara Rayon Mərkəzi Xəstəxanasında mövcud şəraitlə yerində tanış olub və işində yol verdiyi nöqsanlara görə xəstəxananın baş həkimi Əlövsət Əliyev işindən azad edilib”.
"Xəstəxana gömrük-keçid məntəqəsinə yaxın ərazidə yerləşdiyindən, karantin bölgəsi kimi istifadə olunması qərara alınıb. Bu baxımdan, xəstəxananın mövcud şəraitinin yaxşılaşdırılması və lazımi vasitələrlə təmin olunması istiqamətində işlər davam etdirilir. Günün sonunadək karantində olan vətəndaşların ehtiyacları təmin ediləcək.
Bir daha İrandan ölkəyə qayıdan vətəndaşlarımızdan xəstəliyin qeydə alındığı bölgələrdən gəldiklərini nəzərə alaraq anlayışlı olmalarını və prosedur qaydalarına əməl etmələrini xahiş edirik”, - deyə qurumdan qeyd edilib.












