Atalar və oğullar

Atalar və oğullar

14-01-2021 20:26 / Bu xəbər 1019 dəfə oxundu

Ənnağı Hacıbəyli

(Xüsusi olaraq Arqument.az üçün)

Dünən Feysbukda belə bir status paylaşmışdım:

Ağstafanın keçmiş icra başçısının oğullarının prokurorluqda və məhkəmədə işləməsini anormal saymaq, onların cəzalandırılmasını tələb etmək düzgün deyil. Onların öz əməllərinə görə cəzalandırılması tələb edilə bilər (əsas varsa). Oğulu ataya görə cəzalandırmaq orta əsr zehniyyətidir. 

Bütün sahələrdə bundan qurtulmaq gərəkir. Pis adamın yaxşı, yaxşı adamın pis övladı ola bilər. Bunu inkar yaxşılığın qarşısını kəsə bilər. Ədalət ədalətsiz seçim sevməz, o, buna layiq olan hər kəsin haqqıdır.  Bir-birimizə qarşı ədalətli olmasaq İNSAN toplumu yarada bilməyəcəyik. 

Arabir bilərəkdən belə şeylər yazıram. Toplumun münasibətini təxmin etsəm də, yazıram. Bilirəm ki, dartışmalar olacaq. Müzakirə mədəniyyətinin gəlişməsi, toplumun arınması, durulması üçün gərkdir bu.

Reaksiyalara baxaq:

"İmkansızın uşağını yox, cinayətkarın uşağını işə götürürlər”.

Əslində işə götürmədən yox, işdən çıxarmadan yazmışdım, amma bu, önəmli deyil. Həbs olunmaq hələ cinayətkar olmaq demək deyil. Bunu da qoyaq qırağa. "Cinayətkarın uşağını işə götürmək olmaz” hökmünə isə bəraət verə bilmirəm. O uşağın günahlarına girməyə gücüm çatmır.

Qardaşlar, inkar etdiyiniz sistemdən nə gözləyirsiniz? Cinayətkarın uşağını işə götürən sizin uşağınızı işə götürə bilərmi? "Götürərmi” yazmıram, çünki sistemi o qurmayıb, oyun qaydalarını da o müəyyən etmir. O, bir oyunçudur, qaydasız döyüş meydanının oyunçusu...

"Müxalif düşüncə sahiblərinin övladlarından onları sındırmaq üçün istifadə edildiyi, bu məsələnin alver predmeti olduğu cəmiyyətdə ədalətin yenə də təkcə onlara tətbiq olunması ən böyük ədalətsizlikdir”. 

Tanış mənzərədir, hətta doğmadır, özüm yaşadığım hissdir. Amma bunu kimsənin yaşamasını istəmirəm. Mənim həyat fəlsəfəmdə "dişə-diş, qana-qan” prinsipinə yer yoxdur. Mən orta çağların adamı deyiləm. Dünən doğulmuşam və yaşamaq istəyirəm – insan kimi, insan cəmiyyətində, bir-birinə insan kimi baxan insanlar arasında...

"Müxalif düşüncə sahiblərinin övladlarını sındırmaq” pis əməldirsə, onda nəyə görə hesab edirsiniz ki, "onlar”ın övladları da sındırılmalıdır? "Ədalətin təkcə onlara tətbiq olunması ən böyük ədalətsizlikdir”sə, onun təkcə sizə tətbiq olunması ədalətdirmi?

Kərbəlayının sözü olmasın, mən belə ədalət tanımıram. 

Dünyanın heç bir normal ölkəsində, heç bir əxlaqda və dində başqasının əməlinə görə cəza yoxdur! Varsa, o, əxlaq deyil.

Başqa yandan baxanda görürəm ki, yazdığımı birmənalı inkar və rədd edən də yoxdur. Hamı bilir ki, yazdıqlarım gerçəyin özü və bəlkə də ən yaxşısıdır. Etiraz əslində mənim etiraz etdiklərimədir.

Hamı bilir ki, ölkədə korrupsiyaçılar tutulan bir neçə icra başçısından ibarət deyil. Onu da bilirlər ki, bu adamlar cızıqdan çıxdıqlarına görə cəzalandırılıblar və bu cəzanın daha iki məqsədi var; birinci, başqalarına dərs olsun, ikinci, hamı görsün ki, biz korrupsiyaya qarşı mübarizə aparırıq. 

Ədalət bərpa olundumu?

Hüquqçu olmasaydım, deyərdim ki, dövlət aparatında tutulmayası adam tanımıram. Əlinin əvəzinə Vüqar, Vəlinin əvəzinə İlqarın tutulması sizə nə verəcək?  

Əzizlərim, anlamalıyıq ki, ayrı salmaq istədiyiniz "onlar” da, "biz” də eyni fəlakətin qurbanlarıyıq. Bu fəlakətin adı orta əsr idarəçiliyi, orta əsr zehniyyəti, seçkisiz hakimiyyət, korrupsiya idarəçiliyidir. "Onlar” da normal cəmiyyətdə "biz”lər ola bilər. "Onlar”ı bizdən ayıran, "onlar”ı bizə tərəf qovan idarəçilikdir. 

"Onlar”ın onların əli ilə cəzalandırılması bizə heç nə verə bilməz. "Onlar” sabah pul tapıb yenə də "onlar”dan olacaq, "biz” isə yenə də "onlar”ın cəzalandırılmasında nicat axtaracağıq...

"Dediyiniz yanaşma normal ölkələrdə keçər”. 

Bəs anormal ölkənin sümürgan idarəçiliyindən, o korrupsionerləri bir-bir tapıb yerləşdirən adamlardan nicat ummaq normaldırmı? Onlar sizin istədiyiniz ədaləti sizə verə bilərlərmi? Onların verdiyi cəzalarda necə ədalət tapa bilirsiniz? Axı onlar "müxalif düşüncə sahiblərinin övladlarından onları sındırmaq üçün” istifadə edirlər?!   

Bilirsiniz nə istəyirəm? İstəyirəm ki, normal ölkə olaq, normal prinsiplərlə yaşayaq, kiminsə sümükləri üzərində səltənət qurmayaq, "onlar” və "biz” olmasın. 

İNSANlIQ olsun, müxalif düşüncə (ümumiyyətlə, düşüncə) küfr yox, toplumun başlıca dəyəri, lokomotivi olsun.

Lokomotiviniz dayanmasın.