ATİŞ-in rəhbər heyəti tam tərkibdə istefa verib
23-12-2023 01:08 / Bu xəbər 1391 dəfə oxundu
Təşkilat istefaları səlahiyyət müddətinin bitməsi ilə əsaslandırır
Azərbaycan Talışların İctimai Şurasının (ATİŞ) rəhbər heyəti səlahiyyət müddəti başa çatdığına görə tam tərkibdə istefa verib.
Bu barədə ATİŞ üzvləri məlumat yayıblar.
"Arqument.az" ATİŞ-dəki istefaların səbəbini öyrənmək üçün təşkilatın həmsədrlərindən olan hüquqşünas Ataxan Əbilovla əlaqə saxlayıb.
Əbilov bildirib ki, bu istefalar səlahiyyət müddətinin bitməsi ilə əlaqəlidir, təşkilatda hər hansı bir fikir ayrılığı yoxdur.
Onun sözlərinə görə, dekabr ayında Azərbaycan Talışların İctimai Şurasının hesabat seçki yığıncağı keçirilib.
Yeni hesabat dövrü üçün toplaşan ATİŞ Məslisi keçmiş rəhbərliyin hesabatını qənaətbəxş hesab edib.
Onlayın formatında 3 gün davam edən ATİŞ-in Məclisində ATİŞ-in Nizamnaməsində nəzərdə tutulan növbəti ikiillik səlahiyyət müddəti üçün ATİŞ-in yeni həmsədrləri, İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası seçilib.
Alternativ əsaslarla irəli sürülən namizədlər arasından hüquqşünas Ataxan Əbilov, şair-publisist Mirfayaz Likməkani və tarixçi-geneoloq Rəzzaq Xansuvarov ATİŞ-in yeni həmsədrləri seçiliblər.
"Növbəti iki il üçün ATİŞ-in İdarə Heyətində həmsdrlərdən əlavə Hilal Məmmədov, Mehdibəy Səfərov, Oktay Əsgərov, Səmayə Quləlikinə təmsil olunacaq. ATİŞ-in Məclisi eyni zamanda ölkədə gedən ictimai siyasi prosesləri müzakirə edərək gələn ilin fevral ayına təyin edilən Prezident seçkilərilə əlaqədar, ölkə prezidentliyinə namizədlərin seçki qabağı platformasında keçən əsrin 30-cu illərində mənfur Stalin represiyasına məruz qalmış talış xalqının reablitasiyası ilə bağlı müddəalarını görmək arzusunu ifadə edib", - deyə Əbilov qeyd edib.
ATİŞ 2019-cu ilin dekabrın 10-da Beynəlxalq İnsan Hüquqları Günündə bir qrup talış əsilli ziyalı tərəfindən təsis edilib.
Təşkilat bəyan edib ki, Azərbaycan Respublikası Konstitusiyası çərçivəsində fəaliyyət göstərən qeyri-hökümət təşkilatıdır.