ATİŞ Ruslan Vahabovla bağlı qərarı pisləyib
09-04-2024 22:16 / Bu xəbər 1019 dəfə oxundu
Aprelin 4-də Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Talışların İctimai Şurasının üzvü Ruslan Vahabovun apelayasiya şikayətinə baxılıb.
Apelyasiya Məhkəməsi formal xarakterli qərarı ilə "Facebook" məhbusu olan Ruslan Vahabov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxartdığı sifarişli hökmü qüvvədə saxlayıb.
Bu barədə Azərbaycan Talışların İctimai Şurası məlumat yayıb.
Azərbaycan Talışların İctimai Şurası (ATİŞ) bu qərarı pisləyib.
Bildirilir ki, Ruslan Vahabov ötən ilin sentyabr ayında öz "Facebook" hesabında yazdığı statusuna görə Bakı şəhəri Nizami rayonu ərazisində polis əməkdaşları tərəfindən oğurlanıb:
"Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə aparılaraq, orada işgəncələrə məruz qalıb. Ruslan Vahabov polis tərəfindən saxlanılan zaman, ondan "İranın xeyrinə casusluq", "qanunsuz silah saxlama" və "narkotik vasitələrin daşıması" kimi üç ittihamdan birini etiraf etmək tələb olunub".
Məlumatda deyilir ki, həmin saxta ittihamları boynuna götürmədiyi üçün Ruslan yerlə sürülərək, ağır işgəncə və psixoloji təziqlərə məruz qalıb.
İbtidai və məhkəmə istintaqları zamanı Ruslan Vahabovun təqsirinin etibarlı dəlili təqdim edilməyib.
Bütün ittiham polis işçilərinin iddiaları üzərində qurulub.
Bakı Ağır Cinayətlər Məhkəməsi Ruslan Vahabovun adına rəsmiləşdirilən narkotik maddəsinin mənşəyini müəyyən etmədən, onu Cinayət Məcəlləsinin 234.1.1 maddəsi ilə - satış məqsədi olmadan külli miqdarda narkotik vasitələrin qanunsuz yolla əldə edilməsi, saxlanılması ittihamı ilə mühakinə edərək onu 12 yanvar 2024-cü il tarixində çıxarılan hökmlə 4 il azadlıqdan məhrum edib.
Ruslan Vahabovun himayəsində iki azyaşlı körpə var.
Ruslan ailənin işləyən yeganə üzvü idi.
Ruslan Vahabovun yaxınları bildirir ki, sentyabrın 22-də səhər o, işə getmək adıyla evdən çıxıb və az sonra onunla əlaqə kəsilib.
Bir gün sonra Daxili İşlər Nazirliyinin "102” xidmətindən ailəyə bildirilib ki, ictimai fəal narkotik ittihamıyla saxlanılıb.
Onun işgəncəyə məruz qaldığı bildirilib.
Yaxınlarının sözlərinə görə, məhkəmədə müstəntiq Ruslan Vahabovu hədələyib.
Ruslan Vahabov deyib ki, həbsinin səbəbi "Facebook”da yazdığı statuslarıdır.
O, həbs olunmamışdan bir gün əvvəl belə bir status yazıb: "Sual: nə qazandıq 23 saat 43 dəqiqəyə? Xankəndidə "Bravo” tezliklə tikiləcək, yoxsa yox?”
Daxili İşlər Nazirliyi isə işgəncə iddialarının həqiqətəuyğun olmadığı deyib.