Avropa İttifaqı ''Brexit'' üçün Britaniyaya vaxt verdi

Avropa İttifaqı ''Brexit'' üçün Britaniyaya vaxt verdi

22-03-2019 15:48 / Bu xəbər 1654 dəfə oxundu

İttifaqın bununla bağlı iki planı var

Avropa İttifaqının Brüsseldə keçirilən sammitində Britaniyanın birliyi tərk etməsi ilə bağlı iki variant təklif edilib.

"Euronews” telekanalının məlumatına görə, "A” planına əsasən, Britaniyaya "Brexit” üçün 2 ay, mayın 22-ə qədər vaxt verilib.

Amma Britaniya parlamenti aprelin 12-ə qədər bunu təsdiq etməsə, Avropa İttifaqı "B” planına əl atacaq və Birləşmiş Krallıq Avropa İttifaqını müqaviləsiz tərk edəcək.

Avropa İttifaqı Şurasının sədri Donald Tusk bildirib ki, aprelin 12-i vacib tarixdir, belə ki, Avropa Parlamentinə seçkilər keçiriləcək.

Avropa Komissiyasının sədri Jan-Klod Yunker bildirib ki, qərar bütün 27 ölkənin konsensusu nəticəsində qəbul edilib.

"Biz Britaniyanın dəqiqləşdirmə ilə bağlı xahişlərini dekabrda, yanvarda, martda yerinə yetirmişik. Bu bizim sonuncu qərarımızdır və bu qərar dəyişməyəcək”, - Yunker deyib.

Britaniyanın Baş naziri Tereza Mey deyib ki, Avropa İttifaqının qərarı gələn həftə parlamentdə baş tutacaq səsvermə üçün vacibdir.

"Britaniyalı deputatların təklif edilən variantı təsdiq edəcəkləri təqdirdə qeyri-müəyyənlik aradan qaldırılacaq və biz sakit şəkildə "Brexit”i həyata keçirəcəyik”.

Xatırlatma

Britaniyanın Avropa İttifaqını tərk etməsi prosesi martın 29-a təyin edilmişdi.///meydan.tv