Avropa Jurnalistlər Federasiyası “COP 29” ərəfəsində 23 jurnalistin həbsdə olmasını qınayıb
21-08-2024 15:26 / Bu xəbər 625 dəfə oxundu
"Azərbaycanda haqsız yerə həbsdə olan digər 17 media işçisinin də dərhal azadlığa buraxılmasını tələb edirik”
Avropa Jurnalistlər Federasiyası (EFJ) Azərbaycanda keçiriləcək "COP 29” konfransı ərəfəsində həbsdə olan 23 jurnalistə diqqət çəkib.
EFJ yaydığı bəyanatla beynəlxalq ictimaiyyəti Azərbaycanda haqsız yerə həbsdə olan 23 jurnalisti azad etmək üçün hakimiyyətə təzyiqləri artırmağa çağırıb.
"COP 29” kimi tanınan BMT-nin İqlim Dəyişikliyi Konfransına bu il Azərbaycan hökuməti evsahibliyi edir. Konfrans noyabrın 11-22 tarixləri arasında Bakıda keçiriləcək.
EFJ bəyanatda Azərbaycandan beynəlxalq insan haqları qanunlarına əməl etməsini və "COP 29”dan jurnalistlərə və vətəndaş cəmiyyəti fəallarına senzura qoymaq üçün bəhanə kimi istifadə etməməsini istəyib.
"Avropa Şurasının Jurnalistikanın Müdafiəsi Platforması Azərbaycanda sırf işini yerinə yetirdiyinə görə 23 jurnalistin həbs edilməsi faktını sənədləşdirib. Onların arasında "Abzas Media”nın altı əməkdaşı var: Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Nərgiz Absalamova, Hafiz Babalı və Elnarə Qasımova.
"Azərbaycan hökumətinin repressiv qəzəbi onun hüdudlarından kənarda da özünü göstərir, bunu müstəqil jurnalist Əfqan Sadıqova qarşı Gürcüstanda başlanmış ekstradisiya prosesi nümayiş etdirir”, – deyə sənəddə qeyd edilir.
"Biz bu müstəqil media orqanının 6 jurnalistinin azad edilməsi tələbi ilə yeni başlayan #AzadAbzasJurnalistləri kampaniyasını açıq şəkildə dəstəkləyirik, eyni zamanda, Azərbaycanda haqsız yerə həbsdə olan digər 17 media işçisinin də dərhal azadlığa buraxılmasını tələb edirik.
Əfqan Sadıqovu azad etmək üçün Gürcüstana müraciət edin”,– deyə EFJ-nin baş katibi Rikardo Qutierrez təkid edir.
Avropa Jurnalistlər Federasiyası hesab edir ki, "COP 29”-da iştirak edən beynəlxalq nümayəndə heyətləri məhbus jurnalistlərlə həmrəy olduqlarını açıq şəkildə ifadə etməlidirlər.
Sənəddə həmçinin, xatırladılır ki, 2024-cü ilin aprelində Avropa Parlamenti Azərbaycanda "bütün siyasi məhbusların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını” və "Aİ-nin insan haqları ilə bağlı qlobal sanksiya rejimi çərçivəsində ciddi insan hüquqları pozuntularına yol vermiş Azərbaycan məmurlarına qarşı sanksiyaların tətbiq edilməsini” tələb edən təcili qətnamə qəbul edib.
EFJ sonda qeyd edir ki, artıq sözdən əmələ keçməyin vaxtıdır.(Meydan TV)