Avropa Məhkəməsi Azərbaycanı Fəzail Ağamalının videosuna görə cərimələyib

Avropa Məhkəməsi Azərbaycanı Fəzail Ağamalının videosuna görə cərimələyib

08-03-2019 19:16 / Bu xəbər 2236 dəfə oxundu

Avropa Məhkəməsi hesab edir ki, məhkəmələr həmin görüntülərə baxmalıydı

Avropa İnsan Haqları Məhkəməsi martın 7-də keçmiş deputat, hazırda da həbsdə olan Hüseyn Abdullayevin şikayəti üzrə qərar çıxarıb. Həmin şikayət H.Abdullayevin bundan öncəki həbsi, 2007-ci ildə parlamentdə deputat Fəzail Ağamalı ilə davasıyla əlaqədar idi. 

Avropa Məhkəməsi H.Abdullayevə münasibətdə Avropa Konvesiyasının 6.1 (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinin pozuntusunu tanıyıb və Azərbaycan hökumətinin üzərinə ona 2 min 400 avro kompensasiya ödəmək öhdəliyi qoyub.

H.Abdullayev ərizəsində ona münasibətdə Konvensiyanın 3 (işgəncənin, qeyri-insani rəftarın qadağan olunması), 5 (azadlıq və toxunulmazlıq hüququ), 6 (ədalətli mühakimə hüququ) və 10-cu (ifadə azadlığı) maddələrinin də pozuntusunun tanınmasını istəyirdi. 

Sabiq deputat ərizəsində yazıb ki, o, 2007-ci il martın 16-da parlamentdə Nazirlər Kabinetinin illik hesabatı müzakirə olunarkən hökumətin fəaliyyətini tənqid etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib. 

O, deputat kimi toxunulmazlıq hüququ ləğv edilmədən həbs edildiyini, saxlanılarkən polislərin zorakılığına məruz qaldığını, səhhətində problemlər olsa da, təcridxanada müalicə oluna bilmədiyini qeyd edib.

"Milli Məclisdə Nazirlər Kabinetinin hesabatı müzakirə olunanda mən onların fəaliyyətini tənqid etdim. Bu zaman mənim mikrofonum söndürüldü, çıxışımı başa çatdırmağa imkan verilmədi. Buna görə parlamentin sədri ilə mübahisə etdim. Bu zaman arxadan Fəzail Ağamalı mənim ünvanıma təhqirlər səsləndirdi. Mən də cavab olaraq, onu təhqir etdim, dedim ki, öz işi ilə məşğul olsun. Fəzail Ağamalı mənim və yaxın qohumlarımın ünvanına təhqirləri davam etdirəndə mübahisə qızışdı. Mən onu çağırdım ki, gedək, iclas zalından kənarda münasibətləri aydınlaşdıraq. Özüm də çıxışa tərəf getdim. Bu zaman Fəzail Ağamalı arxadan mənə tərəf gələrək, qəfildən üzümə vurdu. Mən onu itələdim və stolun üstünə yıxıldı. Buna baxmayaraq, yenə məni vurdu. Mən də onu vurmaq istəyəndə ətrafdakılar ayırmaq üçün araya girib, məni parlamentin iclas zalından çıxardılar”, - H.Abdullayev olay haqda bunları yazıb.

O, ərizəsində göstərib ki, bu hadisənin videogörüntüləri sonradan bütün telekanallarda nümayiş etdirilib. Məhkəməsində obyektiv qərar verilməsi üçün həmin görüntülərə baxış keçirilməsi barədə vəsatət qaldırsa da, təmin olunmayıb. Apelyasiya məhkəməsi də eyni məzmunlu vəsatəti rədd edib.

Avropa Məhkəməsi isə hesab edir ki, məhkəmələr həmin görüntülərə baxmalıydı. Bu barədə vəsatətlərin təmin olunmaması doğru deyildi. Məhz buna görə Konvensiyanın 6.1 maddəsinin pozuntusu tanınıb.

Martın 16-da Milli Məclisdə davadan sonra F.Ağamalı prokurorluğa şikayət etmiş, ekspertizadan rəy alınmışdı. Rəydə F.Ağamalının beyninin silkələndiyi, ona qapalı kəllə-beyin travması yetirildiyi yazılmışdı. Martın 19-da H.Abdullayev həbs edilmiş, may ayında Səbail Rayon Məhkəməsinin hökmüylə Cinayət Məcəlləsinin 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) və 221-ci (xuliqanlıq) maddələrilə təqsirli bilinmiş, ona iki il şərti cəza verilmişdi.///Meydan.tv