Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri bəyanat yayıblar

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri bəyanat yayıblar

16-01-2025 18:48 / Bu xəbər 240 dəfə oxundu

Onlar ictimai fəal Bəxtiyar Hacıyevin barəsində çıxarılan həbs hökmündən narahat olduqlarını bildiriblər

Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın monitorinqi üzrə həmməruzəçisi Liz Kristofersen (Norveç) və siyasi məhbuslar üzrə baş məruzəçisi Torhildur Sunna Evarsdottir (İslandiya) birgə bəyanat yayıblar.

Onlar ictimai fəal Bəxtiyar Hacıyevin barəsində çıxarılan həbs hökmündən narahat olduqlarını bildiriblər.

Qeyd ediblər ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin yanvarın 13-də Bəxtiyar Hacıyevin 10 il azadlıqdan məhrum edilməsi qərarı ədalətsizdir və iddia edilən cinayətlərə uyğun gəlmir.

Əlavə olunub ki, insan haqları qrupları Bəxtiyar Hacıyevi siyasi məhbus hesab edir.

"Biz Azərbaycan hakimiyyətini insan hüquqları sahəsində beynəlxalq standartlara uyğun olaraq bu qərara yenidən baxmağa, cənab Hacıyevi və hökuməti tənqid etdiklərinə və ya hüquq-müdafiə fəaliyyətlərinə görə qisas almaqdan ötrü həbs edilən digər şəxsləri  dərhal azad etməyə çağırırıq”, – bəyanatda deyilir.

İki ildən çoxdur ki, həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev 2025-ci il yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 10 il azadlıqdan məhrum edilib.

Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da həbs olunub.

Əvvəl ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü.

Onunla jurnalist Ülviyyə Muradova (Alovlu) arasında Yasamal Rayon Məhkəməsində insident baş verdiyi iddia olunur.

İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də güc tətbiq edib.

2023-cü il iyunun 16-da ictimai fəala qarşı yeni ittihamlar irəli sürülüb.

Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır.

Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Noyabrda isə ona daha bir ittiham verilib. 

İctimai fəala qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir.

İctimai fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, daxili işlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.

Daxili İşlər Nazirliyi isə bu ittihamların əsassız olduğunu bəyan edib.