Avropada Rusiya həyəcanı: “Putin NATO ölkələrinə hücuma hazırlaşır”

Avropada Rusiya həyəcanı: “Putin NATO ölkələrinə hücuma hazırlaşır”

25-01-2024 00:30 / Bu xəbər 666 dəfə oxundu

Norveçin Baş Qərargah rəisi çağırış edir, Baltik ölkələri birgə müdafiə xətti yaradır

Avropanın rəsmi şəxsləri və mediası Rusiyanın müharibəyə hazırlaşdığını iddia edir.

Bu barədə yanvarın 21-də Norveç Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Eirik Kristoffersen yerli mətbuata danışıb.

O bildirib ki, ölkəsi yaxın 3 ildə Rusiya ilə potensial müharibə qarşısında olduğundan müdafiə xərclərini artırmalıdır.

"Biz bilmirik ki, üç ildən sonra Rusiya nə olacaq. Qeyri-müəyyən və gözlənilməz situasiya ilə qarşılaşa bilmək üçün güclü milli müdafiə hazırlamalıyıq”, – deyə Eirik Kristoffersen bildirib.


Eirik Kristoffersen. 
Foto: Wiki

Generalın sözlərinə görə, Moskva öz silah ehtiyatlarını NATO müttəfiqlərinin gözlədiyindən çox sürətlə artırır.

Məlumatı yayan media Almaniyanın müdafiə naziri Boris Pistoriusun bir neçə gün öncəki çıxışını da xatırladıb.

"Rusiya başçısı Vladimir Putin 5-8 il ərzində NATO ölkəsinə hücum edə bilər”, – deyə müdafiə naziri bildirmişdi.

Yanvarın əvvəlində İsveç silahlı qüvvələrinin başçısı, general Micael Byden deyib ki, isveçlilər Rusiya ilə açıq münaqişənin başlanmasına zehni olaraq hazır olmalıdırlar.

"Bild”in yaydığı məxfi məlumatlarda nələrə toxunulur?

Yanvarın 15-də Almaniyanın "Bild” qəzeti ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb ki, Vladimir Putin Ukraynadakı müharibəni genişləndirməyə və gələn il NATO müttəfiqi olan ölkələrə hücum etməyə hazırlaşır.

Almaniya Müdafiə Nazirliyindən məxfi hərbi məlumatları əldə edən nəşrə görə, ölkənin silahlı qüvvələri Şərqi Avropada Rusiyanın "hibrid” hücumuna hazırlaşır.

Qəzet gələcək aylarda çoxsaylı potensial həyəcanverici ssenarilərin necə baş verə biləcəyini açıqlayıb.

Bildirib ki, "Alyans Müdafiəsi 2025” adlı belə ssenarilərdən biri bu ilin fevralında Rusiyanın əlavə 200.000 əsgəri səfərbər etməsi ilə başlayacaq.

Qəzet Rusiyanın iyul ayına qədər Baltikyanı ölkələrdə müharibəyə necə başlaya biləcəyini də təsvir edib: "Sentyabra qədər toqquşmalar istisna deyil. Bunun üçün Rusiya ölkənin qərbində və Belarusda təxminən 50.000 rus əsgərinin toplanacağı genişmiqyaslı hərbi "təlim”i – "Zapad 2024”ü işə salmaq üçün bəhanə kimi istifadə edilə bilər”.

"Dekabra qədər isə ən pis ssenari – Rusiya ABŞ-da prezident seçkilərindən sonrakı keçid dövründən istifadə edə və zorakılığı qızışdırmaq üçün qondarma "sərhəd münaqişələri” və ya "çoxsaylı ölümlə nəticələnən iğtişaşlar” elan edə bilər”, – deyə "Bild” yazır.

Sızdırılan sənəddə deyilir ki, bu ssenaridə müdafiə üçün 30 000 alman əsgəri yerləşdiriləcək, təqribən 70 000 Rusiya qüvvəsi isə Belarusda cəmləşəcək.

"Bild”in əldə etdiyi planlar Almaniya ordusundakı generallar tərəfindən hazırlanan potensial ssenari olsa da, avropalı müttəfiqlər Rusiyanın təhdidini ciddi qəbul edir və buna uyğun hazırlaşırlar.

Almaniya ordunun sayını artırır

Almaniya Müdafiə Nazirliyinin rəsmiləri sənəddə əksini tapmış konkret ssenarilərə toxunmasalar da, "Bild”ə deyiblər ki, müxtəlif ssenariləri nəzərə almaq, hətta çox az ehtimal olsa belə, gündəlik hərbi işin, xüsusən də təlimlərin bir hissəsidir.

Yeri gəlmişkən, Almaniya ordusunun sayını artırmaq haqqında düşünür. Belə ki, kadr çatışmazlığı səbəbindən xristian birlik partiyaları (CDU-CSU) və Azad Demokrat Partiya (FDP) Almaniya pasportu olmayan gənclərə orduda xidmət etmək fikrinə isti yanaşır.

Bundestaqın Müdafiə Komissiyasının sədri Mari-Aqnes Ştrak (Marie-Agnes Strack) Almaniya pasportu olmayanların da əsgərlik xidməti edə biləcəyini deyir.

Baltik ölkələri müdafiə xətti qurur…

Bu arada Baltik ölkələri də Rusiya ilə sərhəddə vahid müdafiə xətti yaradacaq.

Bununla bağlı Estoniya, Latviya və Litva Rusiya və Belarusla sərhəddə ümumi müdafiə zonasının yaradılmasına dair razılaşma əldə ediblər. Söhbət müxtəlif müdafiə qurğularından gedir ki,  məqsəd hərbi təhlükənin cilovlanması və lazım gəldikdə ondan müdafiədir.

Ancaq bütün bunlara baxmayaraq, Putin və Rusiya rəsmiləri dəfələrlə Ukrayna münaqişəsini ölkə hüdudlarından kənara çıxmayacağını bəyan ediblər.

Putin, həqiqətənmi, Avropaya qarşı müharibəyə hazırlaşır? O, müharibəni genişləndirə və ya hansısa NATO ölkəsinə hücum edə bilərmi?

Siyasi şərhçi Sülhəddin Əkbər Meydan TV-yə açıqlamasında Qərbin Rusiyaya indiyəqədərki yanaşmasını strateji səhv sayır: "Təəssüf ki, ABŞ başda olmaqla kollektiv Qərb Rusiya təhdidini zamanında obyektiv qiymətləndirə bilmədi. Avropanın əsas dövlətləri Rusiyanın nəinki bütöv qalmasını, hətta postsovet məkanına nəzarətini qəbul edib dəstəklədilər. Bu, böyük strateji səhv idi və kollektiv Qərb həmin səhvin "acı meyvələri”ni yeməkdədir”.

"”SSRİ-2″ layihəsi həmişə aktualdır”

O hesab edir ki, çox gec olsa da, Qərb Rusiya təhlükəsinin gerçək mahiyyətini və miqyasını anlamağa başlayıb: "Bunu ilk dəfə ABŞ, ardınca da Avropa Birliyi anlamağa başlayıb”.

Onun sözlərinə görə, Rusiya imperiya iddiasından və "SSRİ-2” layihəsindən imtina etmədiyi təqdirdə təhlükə həmişə qalacaq: "”SSRİ-2″ layihəsi həmişə aktualdır. Hətta Rusiya-Ukrayna müharibəsi bitsə də, Ukrayna ərazisindən Rusiya silahlı qüvvələri çıxarılsa da, bu təhlükə qalacaq. Revanş hissiylə alışıb-yanan rus şovinizmi yeni fürsətlər axtaracaq. Bu baxımdan Qərbin rəsmi mənbələrinin təhdid barədə fikirləri düzdür, amma onun aktuallığını mübahisə etmək olar”.

"Rusiya müharibəyə başlayarsa, sarsıdıcı zərbə alar…”

Politoloq Zərdüşt Əlizadə deyir ki, Rusiya hakim siyasi sinfi illərdir ki, varlanmaqla məşğuldurdur. Ona görə də Rusiyanın belə bir müharibəyə başlaması real deyil, çünki bu, dünya müharibəsinə səbəb olacaq: "Bu mənada III Dünya müharibəsi başlayarsa, bunun nəticəsində Rusiyanın harın məmurları oğurladıqları sərvətləri bir anda itirə bilərlər. Mən düşünürəm ki, onlar buna razı olmazlar”.

Əlizadə hesab edir ki, Rusiya hakimiyyətindən fərqli olaraq Qərb ölkələrinin hakimiyyətləri cəmiyyət qarşısında məsuliyyət hiss etdiklərindən mənasız təhlükələrə düçar olmamaq üçün müəyyən məsələlərdə geri çəkilirlər: "Hərçənd ki, Rusiya Qərbdən xeyli zəifdir. Yalnız Stalin və Beriyadan miras qalmış atom silahından başqa Rusiyanın heç bir üstünlüyü yoxdur. Bəli, Norveçin, İsveçin və Almaniya silahlı qüvvələrinin zabitlərinin söylədikləri doğrudur, yəni Rusiya Baş Qərargahında hansısa planlar var, bütün baş qərargahlarda belə planlar olur. Əmin olun ki, Azərbaycanda Ermənistana, İranda Azərbaycana hücum planları var, amma bu, olanların həyata keçəcəyini ehtiva etmir. Yüksək maaş aldıqları üçün belə planlar hazırlayırlar. Lakin bu, o demək deyil ki, hücum planları həyata keçəcək”.


Zərdüşt Əlizadə

Z.Əlizadə ümid edir ki, Rusiya Qərblə müharibəyə başlamayacaq: "Qərb Rusiyaya elə bir sarsıdıcı cavab verə bilər ki, şimal ölkəsi məhv olar. Ona görə də deyilənləri ciddi saymıram”.