Avropalı deputat Azərbaycanı Fransanı parçalamaqda günahlandırır
30-05-2024 19:02 / Bu xəbər 782 dəfə oxundu
"Nə vaxta qədər dövlət Əliyevə Fransanı parçalamaq üçün icazə verəcək?”
Avropa Parlamentinin deputatı Fransua Bellami Azərbaycanı Fransanı parçalamaqda ittiham edib.
Deputat bildirib ki, Yeni Kaledoniyanın işlərinə qarışdıqdan sonra Azərbaycan Polineziyanı Fransanın nəzarətindən azad etməyə hazırlaşdırır: "Bunun üçün Azərbaycan Polineziyanın seçilmiş nümayəndə heyətinə ev sahibliyi edir. Daha nə vaxta qədər dövlət Əliyevə Fransanı parçalamaq üçün işləməyə icazə verəcək?”.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Meydan TV-yə avropalı deputatın söylədiklərini yersiz adlandırıb.
Zülfüqarov qeyd edib ki, Azərbaycanın 3 il sədri olduğu Qoşulmama Hərəkatının öz prinsipləri var: "Ümumiyyətlə, Qoşulmama Hərəkatı ötən əsrin 50-ci illərində yarananda məqsədlərdən biri kolonializmi aradan qaldırılması idi. Azərbaycan da sədr olduğu 3 ildə nizamnaməyə uyğun şəkildə siyasət aparıb. Yeni Kaledoniyaya gəlincə, orada siyasi böhran 5-6 ildir ki, davam edir. Azərbaycanın bu məsələdə hansısa rolunun olub-olmadığını söyləmək olmaz. Sadəcə, sədr qismində Azərbaycan bu yöndə fəaliyyət göstərib, kaledoniyalılar da vəziyyətdən yararlanıblar. Ona görə Azərbaycanın günahı yoxdur”.
O hesab edir ki, Fransa öz müstəmləkə siyasətinə qiymət verməlidir: "Məsələ ondadır ki, problem Fransanın daxilinə də sirayət edib. Yaxud Fransada miqrantlar problemi var, onu da Azərbaycan yaradıb? Təbii ki, yox. Məsələ ondadır ki, Fransa da digər imperiyalar kimi müstəmləkə siyasətinə son qoymalıdır. Ona görə hansısa günahkar axtarmaq yersizdir”.