Avropalı deputatlar repressiyalara görə Azərbaycan qazından imtina etməyi tələb etdilər
19-09-2024 17:12 / Bu xəbər 770 dəfə oxundu
Avropa Parlamentinin sosialistlərdən və demokratlardan ibarət qrupu Azərbaycanda iqtisadçı alim Qubad İbadoğluna və digər siyasi məhbuslara qarşı cinayət işinə xitam verməyə çağırıb.
Bəyanat nümayəndə heyəti üzvlərinin siyasətçinin qızı Jalə Bayramova ilə görüşündən sonra qəbul edilib.
"Biz şəffaflığın və korrupsiyaya qarşı mübarizənin qatı müdafiəçisi olan və Azərbaycan hakimiyyətinə qarşı tənqidi səsini susdurmaq cəhdində haqsız yerə ittiham olunan cənab İbadoğlunun vəziyyətindən dərin narahatlığımızı bildiririk", - deyə bəyanatda qeyd edilir.
Avropa Parlamentinin deputatları "Qubad İbadoğluna qarşı irəli sürülən bütün ittihamların dərhal və qeyd-şərtsiz aradan götürülməsini, təcili olaraq ehtiyac duyduğu tibbi yardımı ala bilməsi üçün onun tam azadlığa buraxılmasını" tələb ediblər: "Onun səhhətinin vəziyyəti təcili tibbi yardım tələb edir. Azərbaycan hakimiyyəti cənab İbadoğlunun xaricdə müalicə almaq üçün ölkəni tərk etməsinə icazə verməlidir".
Sənəd müəllifləri COP 29 ərəfəsində Aİ-ni və dövlət və hökumət başçılarını insan hüquqları məsələlərini birinci yerdə qoymağa çağırıblar: "Biz bir daha bizim iqlim ambisiyalarımız və fundamental prinsiplərimizlə birbaşa ziddiyyət təşkil edən Aİ ilə Bakı arasında bağlanmış qaz tərəfdaşlığını dərhal dayandırmağa çağırırıq".
Eyni zamanda, Avropa Parlamentinə oktyabrın 1-də keçiriləcək plenar iclasda Azərbaycanda dissidentlərə qarşı repressiyaları qəti şəkildə pisləmək məqsədi daşıyan Avropa Parlamentinin qətnaməsinin qəbul etməyə çağırış yer alır: "Biz Qubad İbadoğluna və Azərbaycanda demokratiya uğrunda apardıqları mübarizənin əvəzini azadlığı ilə ödəyən hər kəsə ədalət tələb edirik".
Turan Agentliyi