Avropanın futbol “müharibə”sinin pərdəarxası
20-04-2021 15:43 / Bu xəbər 2625 dəfə oxundu
Daha çox varlanmaq istəyənlər sayca daha çox olanlara qarşı
Son günlərdə bütün dünyanın gündəmini məşğul edən bir məsələ var: futbol. Dünya futbolu çalxalanır. Obrazlı şəkildə ifadə etsək, koronavirus pandemiyasının yaşıl qazonların altına yerləşdirdiyi "minalar” nəhayət, partladı.
Nə baş verir?
Avropanın 12 futbol klubu yeni Super Liqanın yaradıldığını bəyan ediblər. Yeni turnirin ilkin mərhələsində İngiltərənin "Mançester Yunayted”, "Mançester Siti”, "Tottenhem”, "Liverpul”, "Çelsi”, "Arsenal”, İspaniyanın "Barselona”, "Atletiko”, "Real”, İtaliyanın "Milan”, "İnter” və "Yuventus” klubları iştirak edəcək.
Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcək. Super Liqanın Çempionlar Liqasında olduğu kimi, qrup yox, dairəvi sistemlə keçirilməsi nəzərdə tutulub. Bunun üçün Super Liqada iştirak etmək istəyən klubların sayı 20-yə çatmalıdır. Amma hələ ki, 12 klubdan başqa, turnirdə iştirak etmək istəyən yeni komandalar yoxdur.
Artıq Avropa Super Liqasının rəhbərliyi də seçilib. Super Liqanın prezidenti Florentino Peres (Madrid "Real”nın prezidenti), vitse-prezidenti Andrea Anyelli ("Yuventus”un prezidenti) ilə Coel Qleyzer ("Mançester Yunayted”in həmsədri) olacaq.
Birdən-birə nə baş verdi ki, bu 12 klub UEFA-nın icazəsi və bayrağı altında olmadan yeni turnir keçirmək qərarına gəldi? Əslində, birdən-birə də deyil, "üsyançılar”ın yeni turnir təşkil etmək qərarı zamanla yetişib. Koronavirus pandemiyası əksər sahələr kimi futbola da ciddi şəkildə təsir edib ki, ən çox zərər görənlər də Avropanın "nəhəng” adlandıra biləcəyimiz klublarıdır. İndi onlardan 12-si üsyan bayrağı qaldırıb. Bu klublar nə istəyir? Sadə dillə desək, nəhəng klublar UEFA-nın təşkil etdiyi turnirlərdən, xüsusilə də, Çempionlar Liqası və Avropa Liqasından daha çox gəlir əldə etməli olduqlarını düşünürlər. Onlar hesab edirlər ki, Çempionlar Liqası kimi turnirlərə maraq yaradan nəhəng klublardır, amma bu yarışlarda iştiraka görə qazancları çox azdır. Bir sözlə, dava pul davasıdır. Bunu Avropa Super Liqasının prezidenti seçilən Florentino Peresin xarici mətbuata açıqlamasından da görmək olar:
"Koronavirus pandemiyasına görə İngiltərənin, İspaniyanın, İtaliyanın böyük klubları ciddi maliyyə itkiləri yaşadılar. Təkcə "Real”ın virusa görə 400 milyon avroya yaxın zərəri olub. Bir şeylər etmək məcburiyyətində idik. Tək yol rəqabəti artıran oyunlar idi.
Bizi bu mövsüm Çempionlar Liqasından kənarlaşdıra bilməzlər. Öz liqalarımızdan da çıxarılmayacağıq. Futbolçuların milli komandalara buraxılmaması kimi bir ehtimal yoxdur. Bunları açıq şəkildə deyirəm.
UEFA Çempionlar Liqasının formatını dəyişib. Yeni format 2024-cü ildən tətbiq ediləcək. O vaxta qədər biz ölərik. Maliyyə durumlarımız yaxşı deyil. Gəlirlərimiz azalıb, artıq gənclər futbolla maraqlanmır. Futbolu ayağa qaldırmaq üçün bunu etməli idik. Biz UEFA-nın kuklası deyilik”.
Futbol
Mənbə: Getty Images
"Bu ideya bütün futbol həvəskarları və ictimaiyyətin üzünə tüpürmək deməkdir”
Peresin açıqlaması hər şeyə aydınlıq gətirir. O ki qaldı onun Çempionlar Liqası və milli komandalarla bağlı dediklərinə, FİFA və UEFA "üsyançılar”ın yeni turnir məsələsi ortaya çıxan kimi etiraz və təhdid etməyə başlayıb. FİFA Avropa Super Liqasında iştirak edəcək futbolçuların milli komandalara buraxılmayacağını deyib, UEFA isə 12 klubun Çempionlar Liqasından kənarlaşdırılacağını bildirib. UEFA-nın sloveniyalı prezidenti Aleksandr Çeferinin Avropa mətbuatında tirajlanan açıqlamasından belə başa düşülür ki, Super Liqanın ideya müəllifləri meydanda tək qalıblar:
"Hamımız belə mənasız layihə ideyasına qarşıyıq. İngiltərə Futbol Assosiasiyası və Premyer Liqası, İspaniya Kral Futbol Federasiyası və La Liqa, İtaliya Futbol Federasiyası və A Seriyası, FİFA, bütün 55 milli üzv assosiasiya futbolun tam əleyhinə olan əcaib planlar əleyhinə yekdilliklə çıxış edirlər. Mən Böyük Britaniyanın Baş naziri Boris Consona, Fransa Prezidenti Emmanuel Makrona, Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Şinasa, Avropa Parlamentinin Prezidenti David Sassoliyə və bütün Avropa liderlərinə xüsusi minnətdarlığımı bildirirəm. Çünki onlar nəinki futbol, həm də Avropa dəyərlərinə, azarkeşlərə və mədəniyyətimizə hörmətlə yanaşırlar. Bu ideya bütün futbol həvəskarları və ictimaiyyətin üzünə tüpürmək deməkdir. Biz onların bunu etmələrinə imkan verməyəcəyik".
Çeferinin dediyinə görə, FİFA və 6 futbol konfederasiyası bəyan edib ki, Super Liqa klublarında oynayan futbolçuların dünya və Avropa çempionatlarında iştirakları qadağan ediləcək, onlar öz ölkələrini heç bir oyunda təmsil edə bilməyəcəklər.
Florentino Peres və Aleksandr Ceferin
Mənbə: realmadrid.com, cbssports.com
AFFA-dan UEFA-ya dəstək
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) da yeni yaradılan Avropa Super Liqası turniri ilə bağlı mövqeyini bildirib. AFFA-nın bu gün yaydığı bəyanatda bildirilib ki, assosiasiya birmənalı olaraq FİFA və UEFA-nı dəstəkləyir:
"UEFA aprelin 18-də bəyanat yayaraq bildirib ki, İngiltərə Futbol Assosiasiyası və Premyer Liqa, İspaniya Futbol Federasiyası və La Liqa, İtaliya Futbol Federasiyası və Seriya A məlumat əldə edib ki, qeyd olunan çempionatlarda çıxış edən bəzi klublar tərəfindən yeni Super Liqanın yaradılmasının elan olunması gözlənilir.
Həmin gün İngiltərənin "Mançester Yunayted”, "Mançester Siti”, "Arsenal”, "Liverpul”, "Tottenhem” və "Çelsi”, İspaniyanın "Real” (Madrid), "Barselona”, "Atletiko” (Madrid), İtaliyanın "Yuventus”, "Milan” və "İnter” klubları imzaladıqları müqavilə ilə Avropada yeni turnirin – Super Liqanın yaradıldığını bəyan ediblər.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Peşəkar Futbol Liqası və Azərbaycan Premyer Liqasında iştirak edən klublar FİFA və UEFA tərəfindən tənzimlənən bütün mövcud Nizamnamə və Əsasnamələrə sadiq olduğunu, bütün futbol yarışlarının beynəlxalq səviyyədə tanınan qanunlar çərçivəsində keçirilməsini, futbolda idman prinsiplərinin rəhbər tutulmasını, mövcud vəziyyətdə UEFA ilə həmrəy olduğunu və UEFA-nı birmənalı şəkildə dəstəklədiyini bildirir. Avropa futbolunun əsas dəyərləri həmrəylik, ədalətli oyun və sosial məsuliyyətdir və bu proses uzun illərdir uğurla davam edir. Bir daha bəyan edirik ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası olaraq özündə separatçılığı ehtiva edən istənilən fəaliyyəti şiddətlə qınayırıq”.
UEFA-dan Çempionlar Liqası ilə bağlı vacib qərar
UEFA, 12 klubun yeni turnir təşkil etmək ideyasını reallaşdırmaq üçün meydana atıldığı bu günlərdə çox vacib bir qərar qəbul edib. Bu qərarı hardasa, 12 "üsyançı”nın istəklərini qismən qəbul etmək kimi də anlamaq olar. Belə ki, Avropanın ali futbol qurumu 2024-2025-ci il mövsümündən etibarən Çempionlar Liqasında format dəyişikliyini təsdiqləyib. Bu barədə qərar qurumun İcraiyyə Komitəsinin dünənki iclasında qəbul olunub.
Yeni reqlamentə əsasən, 2024/2025 mövsümündən komanda sayı 32-dən 36-dək artırılacaq və qrup mərhələsi ləğv olunacaq.
Liqa formatında təşkil olunacaq turnirdə hər klub azı 10 oyun (5 ev, 5 səfər) keçirə biləcək. İlk səkkiz pillənin sahibi avtomatik olaraq 1/8 finala yüksələcək. 9-24-cü sırada yer alan komandalar isə son 8 vəsiqə uğrunda pley-off matçları oynayacaq. Oyunlar iki qarşılaşmadan ibarət olacaq.
Əlavə yerlərdən biri UEFA reytinqdə 5-ci olan ölkənin çempionatında üçüncü yeri tutan kluba veriləcək. Daha bir vəsiqəni Çempionlar yolu ilə mərhələ adlayan komanda qazanacaq. Belədə, bu cür vəsiqələrin sayı 4-dən beşə yüksələcək.Qalan iki yer Çempionlar Liqasının qrupunda mübarizə aparmayan, lakin avrokubokların təsnifat mərhələsinin iştirakçısı olmuş son beş ilin ən yüksək reytinqli klubları üçün ayrılıb.
Analoji format dəyişikliyi Avropa Liqası və Konfrans Liqasına da təsir edəcək. Əlavə müzakirə və razılığa əsasən, iki yarışda komanda sayı 36-dək artırıla bilər. Avrokuboklarda finaladək bütün oyunlar ölkələrin daxili çempionatlarının təqvimi də nəzərə alınmaqla, həftəiçi oynanılacaq.
AFFA
Mənbə: AFFA
Çempionlar Liqasında tətbiq olunacaq yeni format elə Super Liqa yaradıb, orda iştirak etmək istəyən 12 klubun istədiyi formata uyğundur. Amma məsələnin bir "əmma”sı var ki, o da Çempionlar Liqasında yeni formatın tezliklə işə düşməyəcəyi, 2024-2005-ci il mövsümündən tətbiq olunacağıdır. 12 klub 2024-cü ilə qədər səbr edəcəkmi? Florentino Peresin açıqlamasından elə başa düşülür ki, yox! Adam "o vaxta qədər biz ölərik” deyir.
Nə olacaq?
Yaxşı, bütün bu işlərin axırı necə olacaq? Təbii ki, nəyin necə olacağı haqda dəqiq fikir bildirmək üçün hadisələrin sonrakı axarını gözləmək lazımdır. Amma bu günədək baş verənlər də proqnoz vermək üçün az deyil. Böyük ehtimalla, UEFA ilə 12 klubun rəhbərliyi arasında görüş olacaq və ortaq məxrəcə gəlinəcək. Artıq Super Liqanı yaradan klubların rəhbərliyi FİFA və UEFA-ya müraciət ünvanlayaraq, görüş tələb ediblər. Müraciətdə qeyd edilib ki, onlar UEFA tərəfindən təşkil olunmuş turnirlərin yerini tutmaq niyyətində deyillər:
"UEFA Çempionlar Liqasının və ya Avropa Liqasının yerini doldurmağı düşünmürük. Bu turnirlər davam edərkən onlarla rəqabət edə biləcək yeni bir turnir keçirməyi hədəfləmişik”.
Artıq12 klubun rəhbərləri də anlayır ki, FİFA və UEFA-nın bayrağı altında olmayan bir turnir keçirmək o qədər də asan deyil. FİFA və UEFA-ya üzv olan bütün milli futbol federasiyaları, əksər klublar, futbol adamları, azarkeşlər onlara qarşıdır. Məsələn, İngiltərənin "Mançester Yunayted” klubunun keçmiş futbolçusu Rio Ferdinand Super Liqa ideyasını kəskin tənqid edib:
"Bu 12 klub futbola müharibə elan edib. Bağlı mağaza açıb, hər şeyi pul üzərində qurmaq istəyirlər. Varlılar daha da varlı olacaq, qalanları öləcək?
Avropa Super Liqasını yaratmaq utancverici fikirdir, futbola və rəqabətə qarşıdır. Düşmək, qalxmaq, qazandıqların üçün mükafatlandırmaq, məğlubiyyətlər üçün cəzalandırılmaq futbolun dəyərlərindədir. Bu insanların futbol haqqında zərrə qədər fikirləri yoxdur. Bütün fikirləri pul qazanmaqdır. Onlar futbol dünyasındakı digər klubları düşünmürlər. Bu turnir futbol dünyasına böyük zərər vuracaq”.
12 klubun sırasında olan, Super Liqa ideyasını dəstəkləyən İngiltərənin "Liverpul” komandasının azarkeşləri isə hətta etiraz aksiyası keçiriblər. Onlar Mersisayd təmsilçisinin ev oyunlarını keçirdiyi "Enfild Roud" stadionunun ətrafında "Ayıb olsun", "Liverpul" azarkeşləri Avropa Super Liqasının əleyhinədir" yazılmış pankartlar asaraq, klub rəhbərliyinə etirazlarını bildiriblər.
Aksiya
Mənbə: Getty Images
12 klubun Super Liqa təşkil etmək arzusunun reallaşacağı ehtimalı az, hətta çox azdır. Ən əsas da ona görə ki, 12 klubun rəhbərliyinin daha çox varlanmaq, daha çox qazanc əldə etmək hərisliyi var. Bu isə təkcə UEFA-ya yox, Avropanın yüzlərlə, hətta minlərlə başqa futbol klublarına qarşı olmaq deməkdir. Hansı ki Super Liqa ideyası ətrafında birləşən 12 klub özlərini onlardan daha yüksəkdə görür, onlardan daha çoxuna layiq olduğunu düşünür. Hə, bu, 12 klubun Avropanın bütün klublarına qarşı açdığı müharibə hesab olunur. FİFA və UEFA kifayət qədər şəffaf təşkilatlar olmasa da, bu müharibəni onların qazanacağını proqnozlaşdırmaq olar. Çünki qarşısında dayanan "düşmən”in futbol naminə yox, öz cibi, daha çox varlanmaq üçün mübarizə apardığı ehtimal edilir. Sadəcə özünü düşünənin apardığı müharibədə qalib gəlmək ehtimalı isə həmişə az olub…
Meydan TV