AXCP fəalı İstintaq Təcridxanasında aclığı bərpa edib
31-05-2024 13:02 / Bu xəbər 624 dəfə oxundu
Xalq Cəbhəsi Partiyasının fəalı Elnur Həsənov İstintaq Təcridxanasında quru aclığı bərpa edib.
O, bu barədə mayın 30-da Xətai Rayon Məhkəməsində onun rayon prokurorluğuna qarşı verdiyi şikayətə baxılması zamanı bildirib.
Şikayət prokurorluğun Həsənovun saxlanıldıqdan sonra polis bölməsində işgəncələrə məruz qalması haqqında bəyanatına əsasən cinayət işi açmaqdan imtina etməsi ilə əlaqədar verilib.
Vəkil Nemət Kərimli "Turan"a bildirib ki, Həsənov prezidentin fərmanı ilə əfv olunmamasına etiraz edir və azad olunmasını tələb edir.
Xətai Rayon Məhkəməsi fəalın şikayətini təmin etməyib.
Vəkilin sözlərinə görə, Həsənov çox pis görünürdü və taqətdən düşmüşdü.
Aprel ayında Həsənov 8 gün quru aclıq edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində işinə obyektiv baxılacağı haqqında vədlərdən sonra aclığı dayandırıb.
Vəkil qeyd edib ki, mayın 31-də məhkəmənin Həsənovun işi üzrə növbəti iclası keçiriləcək.
***
Elnur Həsənov 28 noyabr 2023-cü il tarixində qanunsuz narkotik dövriyyəsi (CM-in 234.4.3-cü maddəsi) ittihamı ilə həbs olunub.
Fəal hesab edir ki, həbsinin əsl səbəbi Yol Polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir.
Həsənov aprelin 18-də o, aclıq elan edib, aprelin 25-də aclığı dayandırıb.