AXCP-nin 3 fəalının saxlanıldığı bildirilir

AXCP-nin 3 fəalının saxlanıldığı bildirilir

01-12-2024 01:46 / Bu xəbər 230 dəfə oxundu

Onlardan ikisi barəsində inzibatı qaydada həbs seçilib, bir fəal isə hələ polis bölməsində saxlanılır

Son iki gündə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 3 fəalının saxlanıldığı bildirilir.

AXCP sədrinin müavini Ayaz Məhərrəmli "Amerikanın Səsi”nə bildirib ki, onlardan ikisi barəsində inzibatı qaydada həbs seçilib. Bir fəal isə hələ polis bölməsində saxlanılır.

Onun sözlərinə görə, partiyanın Xətai rayon təşkilatının fəalı Malik Babayev noyabrın 27-də evindən polislər tərəfindən Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə aparılıb. Xətai Rayon Məhkəməsi Babayevi 15 sutka inzibati həbsə məhkum edib.

Ayaz Məhərrəmli bildirib ki, noyabrın 28-də AXCP Xətai rayon təşkilatının daha bir fəalı Natiq Abbasov Xəzər Rayon Polis İdarəsinə dəvət edilib. 

Abbasov polisin dəvəti ilə gedib və noyabrın 29-da Xəzər Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə ittiham edərək 25 sutka inzibati həbsə məhkum edib.

Noyabrın 29-da məhkəmənin binası qarşısında Natiq Abbasovun fotosunu çəkən zaman AXCP Xətai rayon təşkilatınınn daha bir fəalı, Emin Abbasov saxlanılıb. 

Polis əməkdaşları onun foto çəkdiyi telefonunu əlindən alıb və Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə aparıblar. Emin Abbasov hazırda bu polis bölməsində saxlanılır.

AXCP fəallarının saxlanılmasını sosial şəbəkələrdəki statuslara tənqidi rəylər yazmaları ilə əlaqələndirir.

"Bu, hakimiyyətin AXCP-yə qarşı uzun illərdir apardığı repressiya siyasətinin davamıdır”, – Ayaz Məhərrəmli deyib.

Onun sözlərinə görə, hazırda 11 AXCP fəalı cinayət təqibi ilə həbsədir: "Son illər ərzində yüzdən çox AXCP fəalı isə inzibati həbsə məhkum edilib. Hazırda AXCP sədri Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında irəli sürülən cinayət işi üzrə Nəsimi rayon Məhkəməsində proses davam etdirilir”.

Azərbaycan Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirməyib.