AYB-də mənzil qalmaqalı: şair və yazıçılar etiraz edirlər

AYB-də mənzil qalmaqalı: şair və yazıçılar etiraz edirlər

18-11-2023 23:11 / Bu xəbər 1491 dəfə oxundu

Bir qrup yazarın mənzillə təmin edilməsi narazılıqla qarşılanıb

Azərbaycan Yazıçılar Birliyi tərəfindən (AYB) adları hələ ki açıqlanmyan bir qrup şəxsə mənzil verilməsi ilə bağlı qalmaqal yaranıb.

Qurumun bir sıra üzvləri bununla bağlı sərt ittihamlar səsləndiriblər.

Şair, yazıçı Zahid Sarıtorpaq məsələyə münasibət bildirərkən deyib ki, illərdir AYB-də mənzil növbəsindədir: "Mənim kimilərini həmişə görməzdən gəldilər. İllər uzunu susdum. Əziyyətlərə qatlaşıb heç kimə şikayət etmədim, ədəbiyyatla məşğul oldum. 80-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirənlərə Heydər Əliyevin tapşırığıyla mənzillər veriləndə yada düşmədim. Yenə susdum. Bakıda kirayələrdə yaşamağa davam etdim”.

Zahid Sarıtorpaq 

"35 ildir ki, AYB üzvüyəm. Beş il də idarə heyətinin üzvü olmuşam. 1989-cu ildə evdən ötrü verdiyim ərizəni çox sonralar xəbər tutdum ki, "itiriblər”. 2000-ci ilin ortalarında yenə ərizə verdim. Nə isə, övladlarımı kirayələrdə böyütdüm. Məcbur olub rayonda ev tikəsi oldum. Bu üzdən maddi ehtiyaclara görə, ömrümün 12 ilini Rusiyanın şaxtasında-soyuğunda çörək qazanmaqla keçirdim. Mənim adımdan saxta zəmanət düzəldib AYB-nə üzv seçilən (bu barədə sonralar xəbər tutdum), Bakıda evi olan, ədəbi mühitdə tanınmayan, təmsilyazan, düşük birisinə mənzilpulu (?) verdilər (9 mənzili satıb pulunu 36 nəfər arasında bölmüşdülər). Yenə mən yada düşmədim. 66 yaşım var. Günü bu gün də oğlumun öz gücünə Masazırda inşa etdiyi evdə, onun himayəsində yaşayıram. AYB-da da gözəl bilirlər ki, mən ədəbiyyatla məşğulam. Şeirlərim öz yerində, son on ildə altı roman nəşr etdirmişəm. Nəyə görə haqqa göz yumurlar. Heç olmasa, vikipediyama göz yetirsinlər. Sonrakı ədəbi nəslin içində çox istedadlı yazarlar var ki, vəziyyətləri dilə gətiriləsi deyil. Yaxşı, məni görmürsünüz, bəs onları? Bəs onlar necə olsun? Amerikanın ilk prezidentlərindən olan Avraam Linkolnun çox gözəl bir fikri var. O, deyib: "Bir adamı həmişə aldatmaq olar. Bir qrup adamı müəyyən vaxta qədər aldatmaq olar. Amma bütöv bir xalqı aldatmaq mümkün deyil. Ayıb olsun””.

Bu ilin oktyabrında evsizlik problemindən şikayətlənən yazar Cəlil Cavanşir də məsələyə münasibətini açıqlayıb: 

Cəlil Cavanşir

"Azərbaycan Yazıçılar Birliyi 21 nəfər yazıçıya ev paylayıb. Yəqin hamısı evsiz gənclər, ya da "Buker”in (Beynəlxalq Buker Mükafatı) uzun siyahısına düşənlərdir. Bilinmədi də bu AYB yaradıcı təşkilatdır, yoxsa sosial təminat idarəsi. Əminəm ki, 21 nəfərdən 11-nin evi, 10 nəfərin isə hətta bağ evi də var”, – deyə o qeyd edib.

AYB-nin orqanı olan "Ulduz” jurnalının əməkdaşı, şair Taleh Mənsur da məsələ ilə əlaqədar narazılığını ifadə edib:

"Azərbaycan Yazıçılar Birliyində çalışanlar arasında yeganə kirayədə yaşayan mənəm. Həm də iki körpə uşaqla, şəraitsiz və qəbir kimi balaca bir evdə. Sağ olsunlar, bu gün "ədalətli seçim əsasında” 21 nəfərə mənzil verildi. Uzun sözün qısası, gedim kirayəhaqqımı ödəyim. Mənliyiniz, kişiliyiniz, vicdanınız olsun, heç olmasa, Allahınız”.

Taleh Mənsur

Tərcüməçi Sevil Gültən bildirib ki, mənzil verilənlərin hamısının evi var:

"İyirmi ildir ki, kirayə evlərdə iki yetim qız saxlayıram. Mən dövlətdən ev istəmərəm, amma haqqı olmayanlara ev verildiyini görəndə, haqqımı tələb edirəm. Bu gün ev alanların kimliyi ilə maraqlandım. Onların hamısının evi var. Şərt evi olub-olmamaq deyil. Dövlətdən ev alanın ədəbiyyatda öz yeri, öz imzası olmalıdır”.

"Ev alanlar içində iki qadının adının eşidəndə şok oldum. Birinin iki oğlu, hər iki oğlunun əməlli-başlı evi var. Özü isə AYB üzvü olan minlərlə şairlərdən heç nə ilə fərqlənmir. Digər qadının ərinin biznesi var. Bir evlərini də kirayə veriblər. Xanəmirə (Telmanoğlu) də ev verildiyini dedilər. Xanəmirin yazdıqlarını heç özü başa düşmür, nəinki oxucular… O ki qaldı onun evi olub-olmamağına, evi olduğuna tam əminəm. Elə isə ev verilərkən hansı meyar əsas götürülür?”– Sevil Gültən vurğulayıb.

Sevil Gültən

Mənzil alanlar siyahısında Xanəmir Telmanoğlunu, Dəyanət Osmanlının, Narıngül Nadirin, Şəfəq Sahibin, Arifə Əliyevanın, Şəmsiyyə Camalavanın, Ulucay Akifin, Elxan Zalın, Firuz Mustafanın, Güləmail Muradın, Rauf Aslanovun olduğu bildirilir.

Şair Xanəmir Telmanoğlu da məsələyə münasibətini bildirib: "Elə bildim AYB-də kimisə vurub öldürüblər. Sonra biləndə ki ölüm hadisəsi yoxdur, yazarlara ev verilib, sevinmək yerinə bərk kədərləndim ki, ey dili qafil, bu nə həngamədi qoparılır. Belə durumlarda tolerantlıq nümayiş etdirib, dözüm göstərmək lazımdır”.

Xanəmir Telmanoğlu

AYB-nin sədr müavini Rəşad Məcid Meydan TV-yə deyib ki, mənzil almaq üçün 1200 nəfər müraciət edib.

Onlardan 120 nəfər seçilib, növbədə dayanır: "Bir və ikiotaqlı 12 mənzildir. İstənilən halda narazı qalan olacaq. Çünki 120 nəfər də növbədə dayanır. Təranə Vahid, Sevil Gültən, Taleh Mənsurun evə ehtiyacı olduqlarını bilirəm. Mən də istəyərəm ki, həqiqətən də, onlar ev alsınlar. Mənzillərin verilməsi barədə yekun qərar yoxdur, sadəcə, söhbət səviyyəsindədir. Son qərarı Anar müəllim bilir”.


Öncəki illərdə də AYB tərəfindən mənzillərin bölüşdürülməsi zamanı qalmaqallar yaşanıb.

Həmin vaxt mənzillərin evi olan, yaxud Yazıçılar Birliyinin rəhbərliyinə yaxın şəxslərə, eləcə də rəhbərlikdə təmsil edilənlərin övladlarına verilməsinə dair ittihamlar irəli sürülüb.