Ayıbdır

Ayıbdır

31-12-2024 15:27 / Bu xəbər 181 dəfə oxundu

Eldəniz Quliyev
Ssenarist və kinodramaturq

(Tıxaclar haqqında ballada)

Vallah, camaatımız naşükürdü...

Başına min oyun açırlar, min hoqqaya tuş gəlir, amma hələ də "əyrini düzdən, çeşməyi gözdən" seçib-ayıra bilmir...

Bəlkə, elə buna görədir ki, məmləkətin analoqsuz inkişafını, hörmətli-izzətli hökumətimizin misilsiz fəaliyyəti və əvəzsiz humanistliyini görmür, ya görmək istəmir. Qəsdən! Ey vah!

Guya hökumət müəllim öz vətəndaşlarının mənafeyinə diqqət yetirmir, hüquqlarını qorumaqdan vaz keçir.

Belə deyil. Qətiyyən belə deyil! Qoruyur, özü də, göz-bəbəyi kimi.

Misal üçün, gözünüzə su verin və görün ki, hökumət gündən-günə çiçəklənən, gül kimi  paytaxtımızda bir, yaxud bir neçə velosipedçinin hüquq və azadlığını
hansı həssaslıqla qoruyur!.. 

Əsim-əsim əsir ki, amanın günüdü, birdən, o bir, yaxud bir neçə nəfərin hüququ-zadı pozular, - rüsvayi-cahan olarıq!..

Təki saatda bir, yaxud bir neçə dəfə, xüsusi ayrılmış zolaqlardan vızıltı-mızıltıyla keçən bir cüt-iki tək velosipedçi-skuterçi qaqaşlarımız narazı qalmasınlar...

Ucu-bucağı görünməyən tıxacda qovrulan min, yaxud bir neçə min sürücü və sərnişinlərin stresdən dirsəyini dişləməsi isə, əlbəttə ki, boş şeydir. Onların hüququ, haqqı və azadlığı pozulursa, pozulsun dəə, noolasıdı ki?.. 

Burada nə var ki, üfürüb şişirdirsiniz?!. 

Ya, bu zəhrimar zolaqlar, şahmar ilan kimi yol kənarında yerləşən yüz, yaxud bir neçə yüz marketin, dükan-bazarın, iaşə obyektlərinin boynuna sarılıb onları sıxıb-boğursa, qismətini-ruzisini, bir loxma çörəyini kəsirsə... yəni qarşısında maşın saxlamaq, düşüb alış-veriş eləmək - "şappadan"- analoqsuz cərimə şapalağıyla nəticələnirsə... Pahh, noolsun, burda nə matah bir şey var ki?..

Orta və kiçik sahibkarların haqqı, hüququ, azadlığı, lap belə, can sağlığı (pərakəndə və "optovoy" şəkildə), pozulursa, pozulsun də! Lap belə, dünəndən pozulsun, lap belə, cəhənnəmə pozulsun! Belə olanda, bəlkə, kiminsə üzüyünün qaşı düşür, ya kiminsə mısına dəyir?! Ha-ha!..

Baça düşün, onlara dəyən, zərər, ya zərbələr, əslində, zərbə yox, sığaldı, sığal. Belə cılız-mılız məsələlərə görə, naqdauntu nakaut kimi qələmə verməyin, camaatı çaşdırmayın...

Ağlınıza-ağzınıza nə gəldi zəvziyirsiniz, deyinirsiniz, donquldanırsınız.

Deyirsiniz: "Bu  gün hakimiyyətdə oturanlar  müştəriyə (yəni, xalqa), buğda  göstərib arpa satan alverçiyə  oxşayır!.." 

Sonra, dübarə ərz eləyirsiniz ki, guya: "Məmur topasının papaqları başlarından bahadı!"

Ağıllı olun, etməyin, eləməyin, olmaz! Harada gəldi, yava-yava danışmayın. Bax, mən ölü, siz diri, axırda kimlərinsə, daha doğrusu, kiminsə sərt qəzəbinə gələcəksiniz. Və o "kimsə" hirslənib, - dadaanq!"- yumruğunu stola çırpacaq və bu dəfə qayıdıb şəhərin yollarını  qapadacaq - eynən ölkənin quru yolları kimi!..

Nə edəcəksiniz?.. 

Çar-naçar, öz başınıza fırlanmaqdan savayı özgə bir yol, irz qalacaqmı? Yoxsa, elə fırlana-fırlana  başınız gicəllənəcək,  yıxılıb xosunvay olacaqsınız?!..

Ən yaxşı halda, hörmətli cənab kimsə, qeyzlənib sizləri, (hələ ki, ixtiyarınızda olan) bir, yaxud bir necə işlək zolaqdan da məhrum edəcək. Üstəlik, yolun tən ortasına  təyyarə enişləri üçün bir cüt əlavə zolaq ayıracaq... Vot!.. 

Belə eləsə, tıxaclar qaxaca dönüb hər birimizin başına - tappa-tapp - yağış təki yağmayacaqmı?..

Bəs onda neynəyəcəksiniz, həə?

Baxın, yaxşı baxın! Gözünüzü bərəldib də baxın. Görün, necə də gözoxşayan mənzərədi: fal-fal, hissə-hissə, parça-parça, "kusok-kusok", ensiz-ensiz, incə-incə doğranıb-dilimlənmiş müasir tipli, avropafason yollar! Bir tərəfdə qəşəng-qəşəng avtobus yolu, bir tərəfdə gözəl-gözəl velosiped zolaqları, özgə bir tərəfdə göyçək- göyçək parkovkalar...

Dörd bir tərəfdə, yəni aşağıda, yuxarıda, sağda, solda isə, əsil tapmacaya oxşayan yol nişanları...Ortada da, əlbəttə ki, səbirsiz və abırsız sevgililər təki mələşə-mələşə bir-birinə sarmaşıb duran, quyruğu-başı görünməyən avtomobil sıraları... Pəh-pəh! 

Bundan da möhtəşəm, bundan da ecazkar mənzərə olarmı?.. Lap Salvador Dalinin sürrealist  rəsm əsərlərini xatırladır... 

Bunun nəyi və harası pisdi ki, ay avamlar, ay kütbeyinlər?!

Kimsə burda durub mənə beynəlxalq hüquqdan, dövlətin öhdəliyindən, insanların asudə və azad yaşaması haqlarından-filandan nağıllar danışmasın...

Bunlara çoxdan bir "quş" qoyulub və qoyulur, - özü də dünyanın hər yerində!.. 

Sizsə, bu qəliz mətləbləri anlamaq, qanmaq əvəzinə, qışqırırıb haray qoparır, fəryad çəkirsiniz... 

Ki, "ay aman, qoyma gəldi!.." - bu andır tıxaclar elə bu hakimiyyətin özü kimi, balıq sümüyünə dönüb keçib boğazımıza...

Hətta hərdən ağız bahəm eləyib deyirsiniz: "Tıxaclar təkcə maşın yollarıyla bitsəydi nə vardı ki... Cərimə tıxacları, qiymət artımı, dolanışıq tıxacları, ədalətsizlik, hüquqsuzluq, özbaşınalıq, yalançılıq, saxtakarlıq, riyakarlıq tıxacları  və sairələr ta xirtdəyə çıxıb, təngə gətirib bizi!.."

Hə, noolsun?.. Bunları deməyin nə mənası var?! Çığır-bağır etməyinizin bir xeyri olurmu? 

Yox! Bununla nəsə düzəlir, nəsə öz həllini tapırmı? Əlbəttə ki, yox!

Bax, bəri başdan deyirəm, kimsə bu YOXun həmqafiyəsinə düşmək istəmirsə, onda dediklərimi sırğa eləyib qulağından asmalıdır: 
- hamı qaxılıb oturduğu yerində oturmalı;
- mümkün qədər dilini dinməz yerinə qoymalı;
- susmalı, lal, kar və kor olmalıdır, vse!

Mətləbdən uzaqlaşdıq, deyəsən. Sözümün canı-cövhəri başqadır. O ayrı söhbət və naftalin iyi verən məsələdir ki, yuxarılarda qəbul olunan bütün qayda-qanunlar, fərmanlar, sərəncamlar, əslində (və ya, guya), aşağıdakıların, yəni sadə məmləkət əhlinin rahatlığı, əminamanlığı və maddi-mənəvi rifahı üçün edilir. Amma...
...amma e-e...şeytana lənət!.. Belə mütəqəlqəl  məsələlər sizlərin başı üçün deyil...
 
Vallahi, heç mənim də girdiyim kol deyil...

Bircə onu dəqiq bilirəm ki, bu zəmanədə başını salamat saxlamaq üçün gərək "az aşım-ağrımaz başım" deyəsən və çox şeyləri görməzdən gələsən. Çünki korlar məmləkətində görmək çox ciddi xəstəlik sayılır.

Nəysə və xülaseyi- kəlam, milçəkdən fil, ya da ağcaqanaddan öküz düzəltmək çox xətalı məsələlərdir.

Çalışın, "yaxşını pisdən, tüstünü hisdən" seçə biləsiniz.

Naşükür-filan da olmayın və belə kiçik-miçik şeylərə də zad  eləməyin!..

Dünya bizə baxır, ayıbdır!..