Aynur Elgünəş: “Jurnalistika cinayət deyil, çağırışdır”

Aynur Elgünəş: “Jurnalistika cinayət deyil, çağırışdır”

07-01-2025 01:29 / Bu xəbər 116 dəfə oxundu

Həbsdə olan bir jurnalistin qısa hekayəsi

"Jurnalistika cinayət deyil, çağırışdır” – Bu cümlə Aynur Elgünəşin vəkillə təmin edilmədən qarşısına qoyulan ittiham aktının hər səhifəsinə yazdığı bir çağırış və saxta ittihama etirazıdır.

"Jurnalistika cinayət deyil” – Bu çağırış Azərbaycanda hər cür təzyiq və təhdid altında çalışan müstəqil jurnalistlərin avtoritar rejimə, onun sərt qayda və qanunsuzluqlarına qarşı bəyanıdır.

Azərbaycandakı rejim onları susdurmağa çalışsa da, azad sözün keşikçiləri bu çağırışı tez-tez yazır, plakata çevirərək başlarının üstünə qaldırırlar.

Aynur Elgünəş də bu çağırışı sənədləşdirərək simvollaşdırmış bir jurnalistdir.

O, müstəqil media orqanı olan Meydan TV-nin baş redaktorudur və bu gün rejimin girovluğundadır.

Aynur Elgünəş nə zaman həbs olunub?

Müstəqil jurnalistikanın öncüllərindən olan Elgünəş 2024-cü il dekabrın 6-da saxlanılıb.

O, həmin gün Meydan TV-nin həbs olunan 6 əməkdaşından biri, Əliyev rejiminin media işçilərinə qarşı repressiyalarının son qurbanlarındandır.

Barəsində 4 ay həbs qətimkan tədbiri seçilən Aynur Elgünəş saxta ittihamları qəbul etmir, özünü "İlham Əliyevin məhbusu” sayır.

Onun yalnız bircə "günahı” var: Azərbaycanın ən yaxşı, ən etibarlı və ən populyar müstəqil, qərəzsiz media kanalı olan Meydan TV-də çalışmaq və həqiqətləri yazmaq. Bu kanalın ölkənin media məkanında böyük nüfuza malik olması Aynur Elgünəşin adı ilə bağlıdır.

Aynur Elgünəş kimdir?

O təkcə baş redaktor deyil, həm də gənc nəsil jurnalistlərin yetişməsində danılmaz xidməti olan bir müəllimdir. Elgünəş xaraktercə mülayim, prinpsiplərinə sadiq və olduqca vicdanlı bir jurnalistdir.

Onun Azərbaycanın müstəqil media mənzərəsindəki rolunu möhkəmləndirən də mərhəmətli, anlayışlı olmasıdır. Ona görə də keçmiş və indiki tələbələri ona "Müəllim” deyə müraciət edirlər. Bu da səbəbsiz deyil, çünki Aynur Elgünəş son 15 ildə həm Bakı Jurnalistika Məktəbininə, həm də Demokratiya Məktəbinə üz tutan gənclərin jurnalistika yolunda "yaşıl işıq” yandıran bir media maarifçisidir.

Bir çox həmkarlarından fərqli olaraq Elgünəş öz sənətində peşəkar tənqidə və yeni ideyalara da açıqdır, çünki özünün dediyi kimi, öyrənmək heç vaxt gec deyil…

Beynəlxalq təlimlərdə öyrəndiklərini Meydan TV komandasına qaytaran Elgünəş kanalı ölkənin xəbər məkanında ilkə çevirə bilib. O, doğru bildiklərini qətiyyətlə müdafiə etməyi bacaran bir jurnalistdir, onun üçün dəyişməz bir qayda var: jurnalistikanın standartları və prinsipləri…

Jurnalistlər və redaktorlar prinsiplər və standartlar mövzularında tez-tez bir-birinə qarşı çıxırlar. Mətbuat azadlığına sadiq olduqlarına görə azadlıqlarını riskə atan jurnalistlər fikir ayrılıqlarında susmağa meylli qrup deyillər. Məhz Aynur Elgünəşin jurnalistlərə qarşı səbri və yüksək peşəkarlıq standartları Meydan TV-ni və onun komandasını, qərəzsizliyə və münaqişələrə həssaslığa sadiq olan redaksiya heyətinə, ən məşhur beynəlxalq kanalların nəsə öyrənə biləcəyi gücə çevirməsidir.

Bəlkə də, tərbiyəsi və həyat hekayəsi onun idarəetmə tərzini formalaşdırıb: o, yeniyetmə ikən Ağdamı tərk edib və məcburi köçkün həyatı yaşayıb, kasıb bir köçkün ailəsinin üzvü kimi az maddi imkanla üniversiteti bitirib, 30 illik Əliyev hakimiyyətinin ölkəyə gətirdiyi bütün ağrı-acıları yaşayan azərbaycanlılardan biri olub.

Yəqin ki, bu təcrübələr onda başqalarına qarşı şəfqət, işçilərinə qarşı isə anlayış öyrədib və ya bəlkə də, bu, sadəcə, onun kimliyidir.

Şübhəsiz ki, Meydan TV və bu komandada çalışıb öyrənən hər kəs özünü Aynur Elgünəşin qarşısında mənəvi borclu sayır.

Bəli, o, haqlıdır: "Jurnalistika cinayət deyil, çağırışdır”, həm də saxta ittihamlara Aynur Elgünəşin cəsarətlə cavab verdiyi bir çağırış…

"Meydan TV işi”…

Aynur Elgünəş (Qənbərova) Meydan TV-nin digər əməkdaşları – Natiq Cavadlı, Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Ramin Cəbrayılzadə (Deko) və vətəndaş cəmiyyətinin nümayəndəsi, Meydan TV ilə heç bir əlaqəsi olmayan Ülvi Tahirov ilə birlikdə ötən ilin dekabrın 6-da saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu maddə ilə onların hər birinin barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.

Həbs olunan jurnalistlər özlərini təqsirli bilmirlər.

Meydan TV əməkdaşları tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan ediblər.

Son 13 ay ərzində Azərbaycanda 30-a yaxın jurnalist həbs olunub.
 
Mənbə: Meydan TV