Aysel Umudova ev dustaqlığına buraxılmadı

Aysel Umudova ev dustaqlığına buraxılmadı

24-01-2025 17:37 / Bu xəbər 80 dəfə oxundu

Yanvarın 24-də "Meydan TV"nin əməkdaşı Aysel Umudovanın həbsinin ev dustaqlığı ilə əvəzlənməsinə dair vəsatətə baxılıb.

Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə jurnalistin vəsatəti təmin edilməyib.

Bu barədə Aysel Umudovanın vəkili Aqil Layıc məlumat verib.

Müdafiə tərəfi jurnalistin özünün iştirakıyla keçirilən prosesdə Aysel Umudovanın həbsdə saxlanılması üçün hüquqi əsasın olmadığını vurğulayıblar.

Vəkilin sözlərinə görə, Aysel Umudova bildirib ki, o, istintaqa cəlb olunduğunu bilərək dəfələrlə ölkədən gedib və geri qayıdıb.

"Dedi ki, heç vaxt istintaqdan yayınmayıb, şahidlərə təsir etməyə çalışmayıb, istintaqın gedişatına mane olmayıb. Buna görə də həbsdə saxlanılmasını əsassız hesab edir və həbsini birbaşa jurnalistika fəaliyyəti ilə bağlayır", – deyə Aqil Layıc əlavə edib.

Ötən il dekabrın 6-da "Meydan TV”nin jurnalistləri polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. 

Onların hər birinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Dekabrın 8-də jurnalistlər Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Aynur Qənbərova (Elgünəş), Natiq Cavadlı, Ramin Cəbrayılzadə (Deko), Xəyalə Ağayeva və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

"Meydan TV" ittihamları rədd edib və jurnalistlərin həbsinin onların peşə fəaliyyətlərilə bağlı olduğunu bəyan edib.