Azad düşünmək və yazmağın bədəli
08-01-2024 11:48 / Bu xəbər 3674 dəfə oxundu
Səadət Cahangirə doğum günü təbriki
Əzilən toplumda tiranın əlindən yemlənən qələm sahiblərinin yaranması, yarınması, yaltaqlanması və çoxalması adi bir haldır və keyfiyyətsiz adamlar üçün təbiidir.
Əzilən toplumda tiranın əlindən yemlənən qələm sahiblərinin yaranması, yarınması, yaltaqlanması və çoxalması adi bir haldır və keyfiyyətsiz adamlar üçün təbiidir.
Məhz belə, rəiyyət xislətlilər özlərinə bəraət qazandırmaq, özünü rahat hiss etmək üçün aldığı təqaüd, mükafat və mənzili böyük uğur kimi təqdim edir, "Azərbaycanın böyük şairləri həmişə saray şairi olub” fikrini mümkün qədər yaymağa çalışırlar.
Sanki Nəimi, Nəsimi, Almas Yıldırımdan ya xəbərləri yoxdur, ya da şair saymırlar. Özləri bilər. Təqaüdləri cüzidir, mənzil almağı isə həqiqətən maddi uğur saymaq olar. Amma bədəli? Bütün ömrünü, yaradıcılığını, ədəbi taleyini mənzil-təqaüd almağa bağlamaq olarmı? Bu "uğur” və onun qiyməti barədə "Hüseyn Cavidin ölümdən öncəki rəqsi” köşəmdə yazmışam, bu məqama az sonra qayıdarıq.
Dünya çapında qələm əhlini götürsək, Nəsimi kimi üsyankar ya ən azı hökmdara baş əyməyən, müstəqil olan fransız Fransua Viyon, mühacir həyatı yaşayan alman Heinrix Heine, hamını tanıdığı Viktor Hüqo, Nazim Hikmət, Aleksandr Soljenitsın, müəmmalı şəkildə öldürülən Səbahəddin Ali və bir çox başqalarının örnəkləri də var.
Qeyd edim ki, Viktor Hüqo mədhiyyə yazdığına görə uşaqlıqdan kral təqaüdü alıb, amma böyüyəndən sonra qələmi və vicdanı onu tənqid yazmağa və müxalifətə keçməyə məcbur, mühacirətə məhkum edib. İstedadın və qələmin öz hökmü var, əlbəttə, istedad güclü olanda...
Böyük şair və saray məsələsində həqiqət başqadır və XX-XXI yüzilliklərdə ortaçağın saray şairlərini örnək göstərmək yanlışlığı açıq-aydın görünən və gülünc bir tutarqadır.
Bu, "Mercedes”, "BMW”, "Porsche” və başqa son model maşınlarla dolu Neftçilər, Heydər Əliyev ya Nobel prospektlərinə təkərli öküz arabasıyla çıxıb bunu gözəl örnək kimi qələmə verməyə bənzəyir.
Ortaçağ başqa, indiki zaman tam başqadır. Çağdaş müstəqil olmayan, yaltaqlanan sənətçi necə yaxşı sənətçi sayıla bilər? Yaratdığı qəhrəman obrazlarıyla yaddaşlara qalan, sadəlövh tamaşıçının qəhrəman saydığı məşhur azərbaycan aktyoru Rasim Balayev iki-üç ay öncə bircə yaltaq cümləsiylə xeyli nüfuz itirdi, məncə.
Ondan əvvəl dünyada tanınan detektiv ustası Çingiz Abdullayevin prezidentə yarınmağına-yaltaqlığına, Azərbaycan dilinin qol-qabırğasını qırdığına və sual verən jurnalistə kobud davrandığına görə sosial şəbəkələrdə xeyli tənqid edildi, məsxərəyə qoyuldu.
Yaltaq qələm sahibləri oxucuları inandırmağa çalışır ki, şairin, nasirin yazdığı, rənggarın çəkdiyi, bəstəkarın bəstələdiyi, aktyorun oynadığıdır, yəni sənət əsəridir. Yəni guya demiurqun ancaq əsərləri tarixdə qalacaq, həyatda elədiyi qələtlər unudulacaq…
Bu mühakimə də yalnız indi yox, yaranan andan qüsurludur.
Əyər biz ortaçağ fransız şairi Fransua Viyonun oğru, cibgir olduğunu, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin gözü düşdüyü qız-gəlini ələ keçirmək üçün vəzifəsindən sui-istifadə etməklə atalarını, ərlərinin gedər-gəlməzə göndərdiyini, 1001 yolla başını əkdiyini, Viktor Hüqonun mühacirət zamanı Parisdə qalan arvadıyla yox, sevdiyi aktrisa ilə ər-arvad kimi 10-15 il yaşadığını, Şarl Bodlerin, Səttar Bəhlulzadənin, Vladimir Vısotskinin narkotik qəbul elədiklərini indi də biliriksə, hansı unutqanlıqdan söhbət gedə bilər?
Özü də Bodlerin, Bəhlulzadənin, Vısotskinin narko istifadəsi yalnız özlərinə, ailələrinə zərər vurub, ömürlərini və deməli, yaradıcılıq dövrünü qısaltsa da, başqa maneçiliyi olmayıb.
Çox təəssüf, amma yaradıcı adamlarda belə içki ya narkotik aludəçliyi, qadınlara aşırı meyil olur, bu ilham mənbəyi axtarışından irəli gəlir, bütövlükdə yaradıcılığına dediyimdən başqa əngəl törətmir, bir sıra hallarda impuls verir.
Amma Süleyman Rüstəmin "dogma, əziz partiyam”, "Mərkəzi Komitə ürəyimizdir”-zad kimi yaltaq yaradıcılığı onun həyatını əla maddi təmin eləsə də, adını batırıb və gözəl, Cənubi Azərbaycan mövzusunda silsilə şeirlərinə də kölgədə qoyub...
Azad və müstəqil yaşayıb yazmağın çətinlikləri, məğrur ya ləyaqətli kasıblığı, yandırıcı isti ya dondurucu soyuğu, Mikayıl Müşfiqin vəsf etdiyi dəli küləklərini şah sarayının boğanaq havasına, yaltaq mühitinə, təqaüdə-mənzilə dəyişən, azadlığa düşmən kəsilən qələmini, yaradıcılığını da qurban verir. Bunu mən demirəm, ünlü şotland şairi Robert Börns deyir.
Böyük və ünlü yazar olmaq üçün istedaddan başqa azad olmaq da şərtdir, azad yaradıcılığın, düşündüyünü yazmağın bədəli isə həmişə ağır olur.
Bəli, ədəbiyyatda, incəsənətdə əsas yaradıcılıqdır, amma XXI yüzillikdə yaradıcı insan şəxsiyyətinə də tələbləri artıb, çətinləşib. Oxucu, tamaşaçı, dinləyici yaradıcıdan demokratik düşüncə, mənəvi tələblərə uyğunluq gözləyir. İndi heç bir böyük yazıçı yüz iləvvəlki Redyard Kiplinq kimi irqçi ola, heç bir rejissor Roman Polanski kimi qız uşağına təcavüz edə, Lars fon Trier kimi antisemit zarafat edə bilməz. Olsa, eləsə, desə cəzasız qalmayacaq.
Kipling çoxdan ölüb, amma sağ vaxtı yuxusuna da girməzdi ki, vəsf elədiyi Britaniyanin həmişə ağ adamlara məxsus baş naziri kürsüsü, qarayanız, valideynləri əslən pəncablı, o vaxt ingilis müstəmləkəsi Hindistandan çıxmış Rişi Sunaka qismət olacaq; istedadlı rejissor, amma uşaqbaz Polanski Avropada mühacirətdə yaşayır, vətəni Amerikaya qayıtmaqdan çəkinir, çünki həbs olunacağını yaxşı bilir; Polanski kimi istedadlı, bir vaxt filmləri bütün Avropa festivalları bəzəyən, mükafatlarını alan, indisə qara siyahıya düşən fon Trierin adı Avropanın ən yaxşı rejissorlar sırasında çəkilmir.
Sözarası deyim, İran vətəndaşları, azərbaycanlı Cəfər Pənahi, farslar Əskər Fərhadi, Аббас Kiаrostami, türkiyəli türk Nuri Bilgə Ceylan babat yerləri tutan top-siyahılarda. Hələ 30-40 il əvvəl belə deyildi.
Milliyyətindən asılı olmayaraq heç bir ciddi, oxunan yazıçı, baxılan rejissor demokratik qaydaları pozaraq qadını aşağılaya, kişidən əskik olduğunu iddia edə bilməz. Belə düşüncə yasaq deyil, özü bilər, amma qınanılır, daşıyıcısı isə böyük yazıçı ya rejissor olmayacaq, böyük arenalara çıxmayacaq.
Dünya dəyişir, artıq dəyişib, Azərbaycan kimi qeyri-demokratik, polis rejimli ölkələrdə dəyişikliklər çox duyulmasa da. Oxucu, izləyici, dinləyicinin müəllifdən demokratik düşüncə, savad və səviyyə, səmimiik, əxlaq, mənəvi dəyərlərə uyğunluq, mədəniyyət gözlədiyini dedim artıq. Bu yalnız gözlənti deyil, tələbdir və auditorianın buna haqqı da var.
Siz yaltaq şairin cəsarət haqqında şeirini, eləcə də nasirin qəhrəmanlıq romanını oxuyarsınızmı? Yaltaq aktyorun ya rejissorun qürur, ləyaqət və bunlardan doğan etiraz, dirəniş, üsyan, şücaəti haqda tamaşa ya filminə baxarsınız?
Yaltaq aktyor Axilles, İskəndər Zülqərneyn, Yuli Sezar, Spartak, Napoleon, admiral Nelson, Mehmed Fatih, Babək, Cavad xan, Cahandar ağa, Mehdi Hüseynzadə, Rəsulzadə rolunu ala bilər, amma oynaya bilərmi? Kim istəyir o oyuna baxsın, mən baxmaram.
Yaltaq Spartak?!
Ünlü rus rejissoru Stanislavski demiş: "Не веррю!" - "İnanmıram!”.
Dəyərli Səadət xanım, belə uzun müqəddiməyə görə üzr istəyirəm, amma zəruri idi. Siz kişili-qadınlı əli qələm tutan hamımız üçün bir ədəbi istedad, vətəndaş cəsarəti və səmimiyyət örnəyisiniz - düşündüyünüzü yazır, yazdığınızı düşünürsünüz.
Hakimiyyətin yaratdığı bütün süni maneələrə rəğmən qazandığınız nüfuz, oxucu və pərəstişkar auditorianız, diqqəti və rəğbəti sözümü təsdiqləyir. Sizin şerlərin misralarını məqalələrimdə, teleçıxışlarımda sitat gətirməyi xoşlayıram.
Var ol, əziz bacım!
Allah sizə uzun ömür və cansağlığı versin, təbinizi coşqun, sinənizi sözlə dolu, dilinizi yüyrək, qələminizi iti və Zülfüqar kimi kəsərli eləsin!
Bizi yeni şer, paylaşımlarla sevindirin, əziz Səadət xanım!
Sayğı və sevgilərlə,
Çingiz Sultansoy