Azad Həsənov məhkəmədə polisə: “Gözünün içinə qədər yalan danışırsan”
12-03-2019 00:44 / Bu xəbər 1942 dəfə oxundu
Siyasi mühacir statusuyla Litvada yaşayan, ötən il oktyabrın 11-də ağır vəziyyətdə olan atasına görə Bakıya gələndən dərhal sonra həbs olunan Müsavat fəalı Azad Həsənovun işi üzrə məhkəmə istintaqı başlayıb.
Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyilə keçirilən məhkəmədə A.Həsənov bildirib ki, ona qarşı irəli sürülmüş ittiham tam yalandır, cibinə narkotiki Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları atıblar.
Öncə prokuror Pərviz Rzayev ittiham aktını elan edib. İttihamda yazılıb ki, A.Həsənov atasının yaşadığı Hövsan qəsəbəsində 2018-ci il oktyabrın 11-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Baxış zamanı onun üzərindən 3,5 qram heroin tapılıb.
İttihamda yazılanların yalan olduğunu vurğulayan A.Həsənov Bakıya gələn kimi həbs olunmasından danışıb. Bildirib ki, 2014-cü ildən həyat yoldaşı və 6 yaşlı oğlu ilə Vilnüs şəhərində yaşayırdı: "2018-ci il oktyabrın 10-da "Skype” vasitəsilə evimizlə danışanda gördüm ki, atamın vəziyyəti çox pisdir. Atam onkoloji xəstədir, ayağını kəsiblər, sonra infarkt keçirib. Gördüm ki, ölüm ayağındadır. Anam öləndə də onun yasına gələ bilməmişdim. Fikirləşdim ki, atamı sağ ikən görməyə çatmasam da, heç olmasa, dəfnində iştirak edərəm. Dərhal qərar verib yola düşdüm, oktyabrın 11-də səhər tezdən saat 5-in yarısında təyyarə ilə Bakıya çatdım. Atamla görüşdüm, xəstə dayıma baş çəkdim, günorta namazına getdim, anamın qəbrini ziyarət etdim. Həmin gün günortadan sonra böyük qardaşım mənə zəng eləyib dedi ki, "səni axtarırlar, deyəsən, həbs eləmək istəyirlər, pasportunu götür, tez çıx get”. Az sonra bir maşın gəldi, içindən 4-5 nəfər düşüb məni tutdular, zorla maşına mindirdilər”.
Hövsandan birbaşa Bakı şəhər Baş Polis İdarəsinə gətirildiyini, orada qandallı vəziyyətdə saxlandığını deyən A.Həsənov ehtimal edir ki, idarənin qarşısında onun əllərini burub, başını aşağı əyəndə cibinə narkotiki atıblar: "Mənim heç xəbərim olmayıb. Əgər məndə əvvəldən narkotik olsaydı, idarədə məni ayaqyoluna aparanda orada çıxarıb atardım”.
A.Həsənov deyir ki, heç vaxt narkotik görməyib, heç siqaret də çəkə bilmir. Narkotiki qəbiristanlıqdan tapıb özündə saxlaması barədə ifadəsində yazılanlar da yalandır: "İdarədə mənə dedilər ki, narkotikin sənə məxsus olduğunu boynuna almalısan. Mənə psixoloji təzyiq etdilər. Döyülməmək üçün, xəstə atamın narahat olmaması üçün onların yazdığı izahatı imzaladım. Dedilər ki, "özün qol çəksən, cəzan yüngül olar”. Fikirləşdim ki, 30 sutka-zad verərlər, atam, ailəm də narahat olmaz. Həm də başımın üstündə dayananlar dedilər ki, burada izahata qol çəkməmək söhbəti olmur. Xətai məhkəməsində mənim haqqımda həbs qərarı veriləndə məhkəmədə də bunları demişdim, amma protokola salmayıblar. Bir balaca vicdan olsa, bu ittihamın yalan olduğunu sübut etmək 5 dəqiqəlik işdir. Amma mən 5 aydır həbsdəyəm. Bunu heç kimə bağışlamayacağam...”
A.Həsənov bildirib ki, 19 yaşından Müsavat Partiyasının üzvüdür, həmişə müxalifətin keçirdiyi etiraz aksiyalarında iştirak edib.
Onun sözlərinə görə, 2014-cü ildə cinayət təqibinə məruz qaldığına görə ailəsilə birlikdə ölkəni tərk etmək məcburiyyətində qalıb: "Yaşadığım Hövsan qəsəbəsində də sosial tələblərlə aksiyalarda iştirak etmişəm. Suraxanı Rayon İcra Hakimiyyətinin Hövsan qəsəbəsi üzrə icra nümayəndəsi mənim barəmdə xüsusi ittiham qaydasında məhkəməyə şikayət verib, həbsimi tələb edirdi. Səbəb də o idi ki, Hövsanda məktəb direktoruna qarşı valideynlərin aksiyası keçiriləndə valideynlərlə yanaşı, mən də jurnalistlərə müsahibə vermişdim. Demişdim ki, direktorun döyülməsi polisin özünün təxribatıdır. O vaxt direktor uşağı döymüşdü, valideynlər də buna etiraz etmək məqsədilə qəsəbənin mərkəzinə toplaşmışdılar. Həmin vaxt polislər direktoru qorumaq əvəzinə, onu gətirib valideynlərin arasına saldı. Hesab edirəm ki, bu da bilərəkdən, təxribat məqsədilə edilmişdi”. (edited)
Daha sonra məhkəmədə Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklərə Qarşı Mübarizə şöbəsinin baş leytenantı Elvin Kazımov ifadə verib. O bildirib ki, Azad adlı şəxsin narkotiklərin qanunsuz dövriyyəsilə məşğul olması barədə əməliyyat məlumatı əsasında əməliyyat keçirib, A.Həsənovu həbs ediblər. Onun sözlərinə görə, idarəyə gətirəndən sonra A.Həsənov özü cibindəki üç büküm heroini çıxarıb stolun üstünə qoyub: "Cibindən telefonunu, pul kisəsini və bükümləri çıxartdı. Pul kisəsində avrolar vardı. Dedi ki, qəbiristanlıqdan tapmışam. Ona heç bir fiziki, psixoloji təzyiq olmayıb”.
Vəkil Osman Kazımov polisin nəzərinə çatdırıb ki, A.Həsənov həmin gün Azərbaycana gəlmişdi, onun narkotiklərin qanunsuz dövriyyəsilə məşğul olması barədə məlumat inandırıcı deyil. Vəkil soruşub ki, əgər bu adamın narkotik dövriyyəsilə məşğul olması haqda məlumat vardısa, bəs niyə evlərində də axtarış aparılmayıb? Polis bu suala "ehtiyac görmədik” cavabını verib.
A.Həsənov isə polis əməkdaşının bütün söylədiklərinin yalan olduğunu bildirib: "Gözünün işinə qədər yalan danışırsan. Yalan danışanın əzizləri, anası, bacısı, arvadı ən alçaq adamlardır, qane eləyir səni?”
Məhkəmə prosesi martın 18-nə qədər təxirə salınıb.
A.Həsənov 2018-ci il oktyabrın 11-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddə əldə etmə, daşıma və ya saxlama satış məqsədilə olduqda) maddəsilə ittiham olunur.
Bu maddənin sanksiyasında 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.
Meydan.tv