Azad Həsənovun məhkəməsi yenə təxirə salındı
29-07-2019 15:53 / Bu xəbər 1071 dəfə oxundu
İyulun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının fəalı Azad Həsənovun növbəti məhkəmə prosesi keçirilib.
Bu barədə hüquq müdafiəçisi Samirə Ağayeva məlumat yayıb.
O bildirib ki, Azad Həsənovun məhkəməsi yenə təxirə salınıb.
Fəalın vəkili Osman Kazımov hakimə bildirib ki, Bakı şəhər Baş Polis İdarəsindən qeydiyyat məsələsini aydınlaşdırmaq üçün vəsatətlə bağlı sorğu mayin 7-də verilsə də, hələ də heç bir cavab gəlməyib. Vəkil bununla bağlı məhkəmədən tədbir görməsini xahiş edib.
Vəkilin verdiyi vəsatət təmin olunmayıb.
Azad Həsənovun növbəti məhkəmə prosesi avqustun 5-i, saat 12.00-a təyin edilib.
Hüquq müdafiəçisi deyib ki, Azad Həsənov aclıq aksiyasını dayandırmayıb: "Diqqəti zəifləsə də, ümumi vəziyyəti normaldır".
Müsavat Partiyasının fəalı məhkəməyə etiraz olaraq 8 gündür ki, aclıq aksiyası keçirir.
Azad Həsənov CM-in 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham olunur.
O, 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb.
Ağır xəstə olan atasını görmək məqsədilə 2018-ci il oktyabrın 11-də səhər saat 5 radələrində Bakıya gəlib. Elə həmin gün axşam saat 17 radələrində atasının yaşadığı Hövsan qəsəbəsində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb.
A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür.
Müsavat Partiyası bəyanat verərək, onun həbsinin siyasi motivli olduğunu bəyan edib.
Yerli və beynəlxalq insan haqları təşkilatları da Azad Həsənovu siyasi məhbus hesab edir.///toplum.tv












