AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğrayıb: ölənlər var (Yenilənib)

AZAL-a məxsus təyyarə Aktauda qəzaya uğrayıb: ölənlər var (Yenilənib)

25-12-2024 13:59 / Bu xəbər 88 dəfə oxundu

Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvünün olduğu bildirilib

Azərbaycanın Baş Prokurorluğu AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması faktı ilə bağlı cinayət işi açıldığını deyib. 

Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib ki, hazırkı məlumata əsasən, təyyarədə olanlardan 32 nəfər sağdır, onların müalicəsi aparılır.

Azərbaycan XİN də hadisə ilə bağlı yaydığı məlumatda bildirib ki, qəzada 32 nəfərin sağ qaldığı müəyyən edilib. 

Aralarında vəziyyəti ağır olanlar var.

***

Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin sağ qalan sərnişinləri barədə müxtəlif məlumatlar var. 

Qazaxıstan Respublikasının Fövqəladə Hallar Nazirliyindən "Kazinform"a bildiriblər ki, hadisə nəticəsində 29 nəfər sağ qalıb.

***

Prezident İlham Əliyev Aktaudakı təyyarə qəzasına görə Rusiyadan Azərbaycana geri qayıdıb.

Prezidentin Mətbuat Xidməti bununla bağlı məlumat yayıb.

"Sankt-Peterburqda keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib”, – məlumatda deyilir.

Təyyarədə olarkən Prezident tərəfindən qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına lazımı tapşırıqlar verib.

"Baş vermiş təyyarə qəzası ilə əlaqədar məsələlər dövlət başçısının nəzarəti altındadır”, – məlumatda bildirilir.

***

Prezident İlham Əliyevin tapşırığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər.

Onlar baş vermiş hadisəni araşdırmaq üçün Qazaxıstana göndəriliblər.

***

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Dövlət Komissiyasının yaradılıdığı bildirilir.

Bildirilir ki, komissiyaya Baş nazirin müavini Kanat Bozumbayev rəhbərlik edəcək. Kanat Bozumbayevin hadisə yerinə yola düşdüyü də açıqlanıb.
 
***

Təyyarənin qəzaya uğraması ilə bağlı cinayət işi açılıb.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Aktauda qəzaya uğrayan təyyarədə 27 nəfər sağ qalıb.

Onların xəstəxanaya yerləşdirildiyi bildirilir. Xəsarət alanlardan 3 nəfərin uşaq olduğu deyilir.
 
***

Təyyarədə 16 Rusiya vətəndaşının olduğu bildirilir.

Məlumatı Qazaxıstanın Nəqliyyat Nazirliyi yayıb.

Bildirilib ki, ilkin məlumata görə, təyyarənin göyərtəsində 16 Rusiya, 37 Azərbaycan, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı olub.

***

Qazaxıstan Fövqəladə Hallar Nazirliyi sağ qalanların sayının 27-ə çatdığını açıqlayıb.

Nazirlik onlardan 22 nəfərin xəstəxanaya çatdırıldığını bildirib.

***

AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb.

Bu barədə AZAL məlumat yayıb.

Bildirilir ki, "Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

AZAL-ın yaydığı məlumata görə, qəzaya uğrayan sərnişin təyyarəsinin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Sərnişinlər arasında uşaqlar olmayıb.

"Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir. Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir”, – qeyd olunub.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə yanğının söndürülməsi üçün 52 yanğınsöndürən və 11 texnika cəlb olunub.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi bildirib.

İlkin məlumatlara görə, təyyarə Aktau hava limanında uçuş-enmə zolağına yaxın sahəyə çırpılıb.

Qəzadan əvvəl təyyarə hava limanı üzərində dövrə vurub.