Azər Mehtiyev: “Şəhidlərin və yaralıların kreditlərini dövlət ödəməlidir”

Azər Mehtiyev: “Şəhidlərin və yaralıların kreditlərini dövlət ödəməlidir”

04-12-2020 14:49 / Bu xəbər 1047 dəfə oxundu

"Yalnız şəhidlərin deyil, dərəcəsindən asılı olmayaraq əlilliyi olan şəxslərin də kreditləri barədə dövlət düşünməlidir”.

Bunu "Toplum TV”-yə açıqlamasında iqtisadçı ekspert Azər Mehtiyev deyib. 

Dekabrın 2-də Azərbaycan Banklar Assosiasiyası İkinci Qarabağ müharibəsində şəhid olan vətəndaşların istehlak kreditlərinin, onlara hesablanmış faizlərin və digər ödəmələrin tam həcmdə silinməsiylə bağlı, o cümlədən hərbi əməliyyatlar zamanı yaralanmış hərbiçilərin kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanmasının 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılması haqqında qərar qəbul edilib.

Azər Mehtiyev biznes qurumları olan bankların belə bir addım atmasını təqdirəlayiq hal hesab etsə də, bu məsələni dövlətin öz üzərinə götürməsinin vacibliyini vurğulayıb: "O borcların silinməsini banklardan gözləyirlər. Amma bu yükün tamamilə biznes qurumlarının üzərinə qoyulması məntiqə uyğun deyil. Təkcə istehlak kreditləri deyil, daha böyük məbləğli kommersiya kreditləri haqqında qərar da dövlət tərəfindən qəbul edilməlidir. Əslində, əvvəlcə müəyyənləşdirilməlidir ki, şəhidlərimizin nə qədər kommersiya kreditləri var. Daha sonra  təyinatı üzrə araşdırmaq və büdcə vəsaiti hesabına ödəmək lazımdır. Çünki şəhid ailələrinin yardıma ehtiyacı var, hökumət bu işi öz üzərinə götürməlidir”. 

Ekspert əlilliyi olan şəxslərə də eyni yanaşma sərgilənməli olduğunu vurğulayıb: "Müharibədə iştirak edib sağlamlığını itirən insanların bundan sonra çalışması çətin olacaq. Ona görə də dövlət yalnız şəhidlərin deyil,  əlilliyi olan şəxslərin də kreditləri barədə  düşünməlidir. Bu insanlar vətən yolunda əmək fəaliyyətlərini itiriblər”.

A.Mehtiyev bu istiqamətdə yeni bir dövlət proqramı hazırlanmalı olduğunu deyib: "Bütün bu  məsələlər o proqramda əks etdirməlidir. O cümlədən yaralıların və şəhidlərin ailələrinə göstəriləcək yardım və kreditlərin silinməsi məsələsi də. Hazırda həmin kreditlərin həcmiylə bağlı məlumat yoxdur, halbuki həm dövlət, həm də banklar bu məlumatı artıq açıqlamış olmalıydılar". 

Nigar Səmədli