Azərbaycan atletikasını batıran səbəblər: kimdir günahkar?

Azərbaycan atletikasını batıran səbəblər: kimdir günahkar?

10-09-2016 12:09 / Bu xəbər 2789 dəfə oxundu

Məlum olduğu kimi, Azərbaycan Ağır Atletika Federasiyasında (AAAF) işlər qaydasında getmir. Belə ki, idmançılarımız - Elxan Əliquluzadə, Silviya Anqelova, Firudin Quliyev, Valentin Xristov, İntiqam Zairov və Dadaş Dadaşbəylinin ötən il ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında dopinqdən istifadə etməsi müəyyənləşdiyindən, onlar uzun müddətə diskvalifikasiya ediliblər. İlk 5 idmançının cəzası 2023-cü ilədək, Dadaşbəylininki isə 2019-cu ilədəkdir. Cəza müddəti isə 2015-ci ilin dekabrından hesablanır.

Bu isə o deməkdir ki, Azərbaycan millisinin heyətində dəyişikliklər olmalıdır. Əslində belə də oldu. Ancaq heyətdən əvvəl federasiyanın rəhbər postunda dəyişikliklər olmalı idi. Çünki...

Xatırlayırsınızsa, hələ 2 il əvvəl də məhz bu federasiyanın birdən-birə 18 idmançısında dopinq tapılmışdı. Onda bu məsuliyyətə görə AAAF-ın icraçı direktoru, federasiyanın prezidenti Cahangir Əsgərovun əmisi oğlu İsgəndər Əsgərov və bolqarıstanlı baş məşqçi Zlatan Vanev öz postundan getməli olmuşdu. Belə çıxmışdı ki, vitamin adı ilə idmançılara dopinq qəbul etdirən Vanev və onun əməllərinə göz yummuş İsgəndər Əsgərovdan başqa federasiyada günahkar yox idi. Düzdür, əslən həndbolçu olmuş İsgəndər Əsgərov və millidə içki içməyə, qumar oynanılmasına şərait yaradan Vanev də az günahkar deyildi. Ancaq məsələ onlarla kifayətlənirdimi?

Əslində balıq başdan iylənir. Kötük isə daha yuxarılarda gizlənirdi. Budəfəki dopinq qalmaqalından sonra isə ötən ilin əvvəllərində komandaya baş məşqçi təyin olunmuş polşalı Miroslav Xoroş və federasiyanın baş katibi Yavər Hacıyevin postu laxladı. Halbuki özü vaxtı ilə yüngül atlet olmuş, amma ağır atletikada işləyən, oğlunu hərbi xidmətə yazdırıb yığmada məşq etdirən Yavər Hacıyev də çoxdan getməli olan simalardan idi. İş orasındadır ki, o getsə də, hələ Vanevin vaxtından millidə məşqçi işləyən keçmiş atlet Nizami Paşayevə gözün üstə qaşın var deyən tapılmırdı.

Bəyəm bu adam millidə məşqçi işləyərkən Vanevin idmançılara hansı dopinq preparatlarından istifadə etməsini görmürdü? Görən adam Vanevlə birgə postundan qovulmalıydı. 2006-cı ildəki Avropa çempionatında qazandığı qızıl medalı dopinq gücünə aldığı aşkarlanan Paşayev hansı maddələrin dopinq olmasını çoxdan bilirdi.

Bəs, bu məşqçiyə day-dayılıq edən kim idi? Təbii ki, Gənclər və idman naziri Azad Rəhimovun müavini İsmayıl İsmayılov. AzTV və "İdman Azərbaycan” telekanallarına qatıldığı verilişlərdə idmançıların nizam-intizamından, düzgün qidalanmasından, uğur qazanmağın yollarından bəhs edən İsmayılov Nizami ilə idmançıların maaşlarına şərik olmaqla kifayət qədər öz bisneslərini artırmağa nail oldular. Hətta İsmayılov Nizami Paşayevlə iş birliyindən o qədər razı idi ki, Xoroş ötən ilin sonlarında postundan ayrılanda, onu baş məşqçi qoydurdu.

Ancaq iş elə gətirdi ki, ölkə başçısı İlham Əliyevin qəzəbinə tuş gələn AAAF rəhbərliyi məcburiyyətdən məşqçilər heyətini dəyişməli oldu. Nəinki Nizami Paşayev, onunla birgə məşqçilər heyətində yer alan Xanlar Nəbiyev, Hafiz Süleymanov komandadan qovuldu. Görünür, artıq İsmayıl İsmayılov bir müddət özünə yeni şərik axtarmalı olacaq və ya yüngül formada desək, bir qədər kölgəsinə çəkilib aranın yatışmasını gözləyəcək.

Növbəti yazıda İsmayıl İsmayılovun bu federasiyada digər qanunsuz əməllərindən də agah olacaqsınız...

Sport7.az