Azərbaycan korrupsiya indeksində daha da geriləyib

Azərbaycan korrupsiya indeksində daha da geriləyib

31-01-2023 13:21 / Bu xəbər 1190 dəfə oxundu

Ölkə İraq və Zimbabve ilə eyni sırada yer alıb

Dünyadakı xeyli ölkə korrupsiyanı dayandıra bilmir.

Transparency International – Beynəlxalq Şəffaflıq təşkilatının yanvarın 31-də açıqladığı Korrupsiyanı Qavrama İndeksində (Corruption Perception Index-CPI) belə deyilir.

CPI dünya üzrə 180 ölkə və ərazinin dövlət sektorundakı korrupsiyanın səviyyəsini 0 (yüksək korrupsiya) ilə 100 (çox təmiz) arasında qiymətləndirib və sıralayıb.

100 bal göstəricisi dövlət sektorunda korrupsiyanın olmadığını, 0 bal isə korrupsya səviyyəsinin çox yüksək olduğunu göstərir.

Azərbaycan sıralamada 23 balla 180 ölkə içində 157-ci yerdə qərarlaşıb.

Ötən il 30 balla 128-ci olmuşdu.

Gürcüstan 100 baldan 56, Ermənistan isə 46-nı toplayıb.

Hər iki ölkə Azərbaycana baxanda yaxşı yerdə qərarlaşıb. Gürcüstan 41, Ermənistan 63-cü sıralamada.

Azərbaycanın digər qonşuları Rusiya 28 balla 137-ci, Türkiyə və Qazaxıstan 36 balla 101, İran 25 balla 147-ci, Türkmənistan 19 balla 167-ci yerdədir.

Azərbaycanla eyni sırada Honduras Respublikası, İraq, Burma, Zimbabve qərarlaşıb.

Danimarka bu il 90 balla ən az korrupsiya olan ölkə kimi indeksin əvvəlindədir. Finlandiya və Norveç isə hər biri 87 balla ondan sonrakı sırada qərarlaşıb.

Cənubi Sudan (13), Suriya (13) və Somali (12) CPI-nin sıralamasının ən sonuncularıdır. Hər üç ölkədə münaqişə gedir.

Azərbaycan rəsmiləri hələlik açıqlanan indeksə münasibət bildirməyib.

Hakimiyyət ölkədə bu problemin olduğunu gizlətmir. Ölkədə Korrupsiyaya Qarşı Mübarizə  İdarəsi var və bu qurum son illər bir sıra rayonların icra hakimiyyəti başçıları, dövlət qurumlarının yüksək vəzifəliləri, nazir, nazir müavinlərinin vəzifəsindən sui-istifadə etdiyini, mənimsəmə olduğunu ortaya çıxarıb.

Bir sıra məmur rüşvətxorluq, mənimsəmə, sui-istifadə ittihamları ilə həbsə atılıb, mühakimə olunub.

Eyni zamanda, Azərbaycanda korrupsiya, mənimsəmə ilə bağlı beynəlxalq media və müstəqil jurnalistlər tez-tez araşdırmalar dərc edir.

Foto: Beynəlxalq Şəffaflıq təşkilatı

CPI qeyd edir ki, dünyada korrupsiya sahəsində qlobal orta göstərici on ildən artıqdır dəyişmir. Ölkələrin üçdə ikisindən çoxu 50-dən aşağı bal toplayıb, 26 ölkə isə ən aşağı ballaradək düşüb: "Bəzilərinin birgə səylərinə və çətin əldə edilən nailiyyətlərə baxmayaraq, 155 ölkə 2012-ci ildən bəri korrupsiyaya qarşı əhəmiyyətli irəliləyiş əldə etməyib. Üstəlik, dünyada sülh 15 ildir ki, pisləşir. Korrupsiya bunun həm əsas səbəbi, həm də nəticəsidir”.

Hesabatda bildirilir ki, korrupsiya hökumətlərin insanları qorumaq qabiliyyətini sarsıdır və ictimai etimadı azaldır, təhlükəsizlik təhdidlərinə nəzarəti getdikcə çətinləşdirir.

Digər tərəfdən, münaqişə korrupsiya üçün imkanlar yaradır və hökumətlərin onu dayandırmaq səylərini alt-üst edir: "Hətta yüksək CPI balları olan ölkələr korrupsiyanın qlobal təhlükəsizliyə yaratdığı təhdidlərdə rol oynayır. Onlar onilliklər ərzində xaricdən gələn çirkli pulları alqışlayır, kleptokratlara öz sərvətlərini, güclərini və dağıdıcı geosiyasi ambisiyalarını artırmağa imkan verirlər”.

CPI düşünür ki, liderlər bir anda korrupsiya ilə mübarizə apara və sülhü təşviq edə bilərlər.

Hökumətlər, fəallardan və biznes sahiblərindən tutmuş, təcrid olunmuş icmalara və gənclərə qədər ictimaiyyəti qərarların qəbuluna cəlb etmək üçün yer açmalıdır: "Demokratik cəmiyyətlərdə insanlar korrupsiyanın kökünü kəsmək və hamımız üçün daha təhlükəsiz dünya tələb etmək üçün səslərini ucalda bilərlər”.

Sonda bildirilir ki, hər bir ölkə müxtəlif korrupsiya problemləri ilə üzləşsə də, builki indeks dünyada davam edən durğunluğu ortaya qoyur: "Ən çox bal toplayan region ölkələri, Qərbi Avropa və Avropa İttifaqı on ildən artıqdır ki, dayanmış vəziyyətdədir və ya son beş ildə azalıb. Qərarların qəbulu üzərində qeyri-qanuni təsir, dürüstlük təminatlarının zəif yerinə yetirilməsi və qanunun aliliyinə təhdidlər hökumətlərin effektivliyinə xələl gətirməkdə davam edir”.

"İndeksin digər ucunda aşağı bal toplayan ölkələr də ciddi irəliləyiş əldə edə bilmir. Amerika qitəsinin, Şərqi Avropanın və Mərkəzi Asiyanın və Afrikanın cənubundakı Afrikanın bir çox yerlərində çoxsaylı böhranlar təhlükəsizlik və sabitliyi, demokratiyanı və insan haqlarını təhdid etdiyi üçün vətəndaş məkanına və əsas azadlıqlara məhdudiyyətlər və hücumlar davam edir”, – deyə hesabatda bildirilir.(Meydan TV)