Teylor Fətişoğlu bu dəfə də dələduzluqda ittiham olunur

Teylor Fətişoğlu bu dəfə də dələduzluqda ittiham olunur

24-01-2023 14:14 / Bu xəbər 1004 dəfə oxundu

O, özünü Respublika Prokurorluğunun mətbuat katibi kimi təqdim edərək vətəndaşı aldadıb

Keçmiş prezident Ayaz Mütəllibovun mətbuat katibi olmuş, əvvəllər bir neçə dəfə məhkum edilən Teylor İbrahimov (Fətişoğlu) yenidən cinayət məsuliyyətinə cəlb olunub. 

Bundan öncə də dələduzluq ittihamıyla məhkum edilən Teylor Fətişoğlu yenidən eyni əməldə təqsirləndirilir. 

Onun barəsindəki cinayət işi üzrə araşdırmalar Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb. 

Hazırda isə o, Xətai Rayon Məhkəməsində mühakimə olunur.

Meydan TV-nin əldə etdiyi məlumata görə, bu dəfə Teylor Fətişoğlu özünü Baş Prokurorluğun mətbuat katibi kimi təqdim edərək, Ağcəbədi rayon sakinini aldatmaqda ittiham olunur. 

İş materiallarına əsasən, o, həbsdə olan Elməddin Ələsgərovun cinayət məsuliyyətindən azad edilməsinə köməklik göstərə biləcəyini vəd edərək, onun atasını aldadıb və 25 min manatını ələ keçirib.


Teylor Fətişoğlu. 
Foto: screenshot

Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə ittiham olunan Teylor Fətişoğlu hazırda həbsdə deyil. 

Onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Teylor İbrahimov 6 il öncə Ağdam rayonunun o vaxtkı icra başçısı Raqib Məmmədovun adından dələduzluq etməkdə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb olunmuşdu. 

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il 6 ay azadlqıdan məhrum edilmişdi.

Teylor Fətişoğlunun adı ondan öncə də başqa qalmaqallı işlərdə hallanıb.