Azərbaycan millisi qol vurdu, Portuqaliya sevindi
25-03-2021 02:07 / Bu xəbər 2225 dəfə oxundu
Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsini məğlubiyyətlə "salamladı”
Martın 24-də 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin ilk turuna start verilib.
A qrupunda yer alan Azərbaycan milli komandası da ilk oyununa çıxıb. İtaliyalı mütəxəssis Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Portuqaliya yığması ilə qarşılaşıb.
Koronavirus pandemiyası səbəbindən İtaliyanın Turin şəhərindəki "Yuventus” stadionunda keçirilən oyun Bakı vaxtı ilə saat 23:45-də start götürüb.
Portuqaliya yığmasında əsas futbolçulardan Pepe, Rui Patrisio və Rafael Gerreyro, Azərbaycan millisində isə Qara Qarayevin zədə səbəbindən iştirak etmədiyi qarşılaşmanın taleyini bir qol həll edib.
Azərbaycan yığmasının müdafiəçisi Maksim Medvedev matçın 36-cı dəqiqəsində topu öz komandasının qapısından keçirib. Bu avtoqol oyunun nəticəsini müəyyənləşdirib. Bununla da, Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsinə məğlubiyyətlə start verib.
A qrupunun digər matçında Serbiya yığması İrlandiyanı qəbul edib. Bu oyunda serblər 3:2 hesablı qələbə qazanıblar.