Azərbaycan nümayəndə heyəti AŞPA-da 1 il səsvermə hüququndan məhrum edildi

Azərbaycan nümayəndə heyəti AŞPA-da 1 il səsvermə hüququndan məhrum edildi

25-01-2024 12:57 / Bu xəbər 658 dəfə oxundu

"Biz seçki ərəfəsindəyik və nəticəni artıq hamı bilir"

"Deməli, bizim Azərbaycanda demokratik vəziyyət, insan haqlarının vəziyyəti və qanunun aliliyi ilə bağlı, həm də bütün təşkilat qarşısında öhdəliklərimiz var. Bu baxımdan Morqen Yensenin hesabatını dəstəkləməyinizi xahiş edirəm”, – bu fikirləri Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) çıxışı zamanı deputat Frank Şvabe deyib.

Yanvarın 24-də keçirilən axşam iclasında deputatlar Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə qərar veriblər. 

Qərara dair 15 898 saylı qətnamə təsdiqlənib.

76 deputat qərarın lehinə, 10 deputat əleyhinə səs verib, 4 nəfər isə bitərəf qalıb.

Qərardan öncə müzakirələrdə çıxışçılar Azərbaycanda media azadlığına təzyiqlərdən, "AbzasMedia”nın jurnalistlərinin həbsindən danışıblar. 

Korrupsiya araşdırmaları ilə tanınan "AbzasMedia” əməkdaşları qaçaqmalçılıqda ittiham olunsalar da, özləri həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyirlər.

Müzakirə zamanı "Tərtər işgəncələri” və iqtisadçı professor Qubad İbadoğlunun həbsi xüsusi qeyd olunub.

Qərarın lehinə səs verən Norveç, İrlandiya, Xorvatiya, Almaniya, Lüksemburq, Fransa, İslandiya və s. ölkələrdən olan deputatlar olub. Onlar bu qərarı ədalətli və zəruri adlandırıblar.

Qərarın əleyhinə olan ukraynalı deputat Oleksey Qonçarenko çıxış edərək bildirib ki, Azərbaycanın çıxmasına yalnız Rusiya sevinə bilər: "Çünki bu, Rusiyanın xeyrinədir. Gəlin, səsvermə hüquqlarını əllərindən almayaq, onlara şans verək”.

Çıxışı zamanı jurnalistlərin həbsinə toxunan Morqen Yensenin sözlərinə görə, bu qərarın yeganə səbəbi əməkdaşlığın olmaması və məruzəçilərin ölkəyə buraxılmamasıdır: "Yəni əgər məruzəçiləri ölkəyə buraxsalar, icazə verilsə ki, məruzə etsinlər, o zaman biz belə qərar qəbul etməzdik”.

Çıxışı zamanı siyasi məhbuslar və Azərbaycanın öhdəliklərinə toxunan F.Şvabe deyib ki, artıq siyasi məhbusların sayını hesablamağı dayandırıb: "Bu gün Drezden Universitetində dərs deməli olan Qubad İbadoğlu həbsdədir. Qubad İbadoğlu Azərbaycanda çox tanınan professordur. O, indi Drezden Universitetində professor olmalı idi. Amma, təəssüf ki, həbsdədir. Sadəcə həqiqəti dediyi üçün həbs olunub. Və o tək deyil. 200-dən çox siyasi məhbus var. Mən onları saymağı dayandırdım, çünki belə görünür, hər gün, hər həftə daha çox siyasi məhbus həbs olunur”.

"Müşahidəçilərin ölkəyə buraxılmaması, seçkiyə dəvət olunmama və siyasi məhbuslara görə Azərbaycanın səsvermə hüququnu əlindən aldıq. Biz seçki ərəfəsindəyik və seçkinin nəticəsini artıq hamı bilir. 7 fevral seçkiləri demokratik seçkilərin minimum kriteriyalarına belə cavab vermir və əvvəlki seçkilər də eyni idi, ondan əvvəlki də, daha əvvəlki də. Nəticələr həmişə eynidir. Bu, kifayət qədər problemlidir, lakin Azərbaycan nümayəndə heyətinin akkreditasiyasının məhdudlaşdırılmasına əsas deyil” – F.Şvabe vurğulayıb.

AŞPA-nın seçkilərə müşahidə missiyası göndərmək öhdəliyinin olduğunu xatırladan F.Şvabe bildirib ki, Azərbaycan bu missiyanı dəvət etməyə borcludur və bu, Parlament Assambleyasında nümayəndə heyətinin təmsil etdiyi parlamentin öhdəliyi və məsuliyyətidir: "Daha da problemli olan odur ki, Azərbaycan bizi başqa beynəlxalq təşkilatlara, ATƏT-ə qarşı qoymağa çalışıb. 2015-ci ildə bizi ona görə dəvət etdilər ki, [Azərbaycan] korrupsiyaya uğrayıb və bizdə buna dair sübut var. ATƏT təşkilatının Seçki Müşahidə Missiyasının gəlməsinə icazə verilməyib. İndi ATƏT-i dəvət edirlər və Avropa Şurasının Seçki Müşahidə Missiyasının olmasını istəmirlər. Əgər buna imkan versək, Pandora qutusunu açacağıq, o zaman söhbət təkcə Azərbaycanla bağlı olmayacaq”, – F.Şvabe deyib.

M.Yensen də bildirib ki, Azərbaycan onlarla əməkdaşlıq etmir və öhdəliklərini yerinə yetirmir: "Son illərdə insan hüquqlarının pozuntusu ilə bağlı 14 qətnamədə Azərbaycandan danışılıb. Qapı açıqdı, ümid edirəm Azərbaycan nümayəndə heyəti bura yenidən qayıdacaq. Onlar bunun üçün nə etməli olduqlarını bilirlər”.

Azərbaycan nümayəndə heyəti müzakirələrdən öncə bəyanatla çıxış edərək AŞPA ilə əməkdaşlığı dayandırdığını bildirib.

Bəyanatda bildirilib ki, dünyada heç kim, o cümlədən bu zalda əyləşənlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməzlər: "AŞPA-nın tarixində heç vaxt bu təşkilat özünü belə biabırçı şəkildə aparmayıb".

Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.

Aytən Fərhadova
Meydan TV