Azərbaycan Sərsəng su anbarına nəzarət etdiyini açıqladı

Azərbaycan Sərsəng su anbarına nəzarət etdiyini açıqladı

30-09-2023 01:59 / Bu xəbər 1339 dəfə oxundu

Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşlarının ərazidə olduğu deyilir

Sərsəng su anbarı Azərbaycanın nəzarətinə keçib.

Bu barədə məlumatı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yayıb.

Bildirilir ki, artıq Sərsəng su anbarına onların əməkdaşları nəzarət edir.

Sahənin mütəxəssisləri hesab edir ki, bu su anbarı hazırda su çatışmazlığından ciddi əziyyət çəkən Azərbaycan üçün çox önəmlidir.

Sərsəng su anbarı Azərbaycanda strateji obyektlərdən biridir.

1976-cı ildə Tərtərçayın üzərində tikilmiş Sərsəng su anbarının ümumi həcmi 565 milyon kubmetr, faydalı həcmi 500 milyon kubmetrdir.

Sərsəng su anbarında toplanan su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Goranboy rayonlarının ümumilikdə 95 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq.
 
1993-cü il 26 fevralda ermənilər Sərsəng su anbarının ətrafını tutmaqla, Tərtər-Kəlbəcər yolunu da kəsmişdilər.