Rüfət Səfərov: “Özümü vicdan məhbusu elan edirəm”

Rüfət Səfərov: “Özümü vicdan məhbusu elan edirəm”

05-12-2024 17:09 / Bu xəbər 1034 dəfə oxundu

"Gözləyirdim ki, Elmar Hüseynov kimi ağzımdan güllələyə bilərlər, daha qarajda bu bədbəxti üstümə salmağı yox…”

"Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov haqqında həbs qərarı verilən Binəqədi Rayon Məhkəməsində deyib ki, Azərbaycan kimi ölkədə vətəndaşların pozulan hüquqlarının müdafiəsilə məşğul olmağın nə qədər təhlükəli bir iş olduğunu yaxşı bilirdi. Hətta ölümü belə, gözə almışdı: "Mən, hətta ölümü gözümün önünə alıb bu işi görürdüm. Düzdür, gözləyirdim ki, günün birində Elmar Hüseynov kimi, ağzımdan güllələyə bilərlər. Daha qarajda bu bədbəxti üstümə salmağı yox…”.

O, ali təhsilli hüquqşünas olduğunu, prokurorluğun müstəntiqi vəzifəsindən könüllü şəkildə istefa verərək insan haqlarının müdafiəsilə məşğul olmağa qərar verdiyini hakimin nəzərinə çatdırıb. 

R.Səfərov vurğulayıb ki, prokurorluqdan əvvəl də gənc yaşında "Aqrolizinq” ASC-nin Müşahidə Şurasının üzvü olub, Kənd Təsərrüfatı Nazirliyində baş hüquqşünas işləyib. Ardınca 3 mərhələdə imtahandan sonra prokurorluqda müstəntiq kimi işə başlayıb: "2015-ci ilin dekabrında öz ərizəmlə təminatlı, komfort sahədən – prokurorluğun müstəntiqi vəzifəsindən istefa vermişəm, hüquq müdafiəçisi kimi fəaliyyətə başlamışam. Bundan sonra həyatımda məhrumiyyətlər başlayıb – məni şərləyib həbs eləyiblər. 3 il siyasi məhbus həyatı yaşamışam. İndi məni dələduzluqda ittiham edirlər. Əgər məndə tamah hissi belə inkişaf eləmişdisə, elə nazirlikdə, prokurorluqda qalıb işləyərdim də. Prokurorluqda rüşvət üçün yaxşı mühit, şərait var. Qalıb orada rahat işləyərdim, tamahımı da heç kim sorğulamazdı. Əvvəllər heç vaxt görmədiyim adam guya mənə 60 min pul verib”.

Rüfət Səfərov məhkəmədə onu da bildirib ki, dekabrın 6-da Vaşinqtona səfər edəcəkdi. Orada dekabrın 10-da Beynəlxalq İnsan Haqları Günü münasibətilə ABŞ Dövlət katibi tərəfindən bir neçə nəfərə, o cümlədən də ona "İlin güclü hüquq müdafiəçisi” nominasiyası üzrə mükafat verilməsi nəzərdə tutulmuşdu: "Özüm orada olmasam da, şəklim orada monitorda olacaq. Qətiyyən özümü aciz hesab eləmirəm. Bu həyatı da şüurlu şəkildə seçmişəm. Çünki mənim üçün ədalət anlayışı sizdən fərqlidir, məhəlli deyil, bəşəridir. Kifayət qədər əzilmiş xalqdan da bu vəziyyətdə kömək ummaq kimi fikrim yoxdur. Azərbaycanda 300-dən çox siyasi məhbus var. Hüquq müdafiəçisi kimi fəaliyyətimə görə qətiyyən peşman deyiləm. Bu ölkədə əzilən dindar, solçu, sağçı, liberal, mühafizəkar – mənə müraciət edən hər kəsi müdafiə etməyə çalışmışam. Əvəzi nə olacaq? Bir neçə il həbsdə qalacam. Mən bu gün bu fəaliyyətimin qurbanıyam. Hakimiyyətin əlində kifayət qədər resursları var. Bu resurslarını da öz xalqını əzməyə səfərbər edib. Bu qədər insanlar həbsə salınıb. Hazırda Azərbaycanın hüquqi və siyasi siması çox eybəcər görünür. Mənim həbsim siyasidir. Özümü də vicdan məhbusu elan edirəm. Saysız-hesabsız günahsız insanların hüquqlarını müdafiə elədiyimə görə buradayam”.

Hüquq müdafiəçisi xatırladıb ki, atası Eldar Sabiroğlu hakim Yeni Azərbaycan Partiyasının qurucularından olub. 

Hətta deputat kimi, parlamentdə təmsil olunub, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 

Onun sözlərinə görə, atası ilə də aralarında ciddi fikir ayrılıqları olub.

Rüfət Səfərov deyib ki, illərlə onu təzyiq, şirnikləndirici təkliflər vasitəsilə yolundan döndərməyə çalışıblar, lakin alınmayıb. 

Onun sözlərinə görə, bir çox dövlət orqanlarının rəhbər şəxslərilə görüşlərdə ölkədə insan hüquqları sahəsində problemlərin həllinə çalışırdı: "Baxmayaraq ki, mən ölkədəki hüquq sistemini davamlı tənqid edən hüquq müdafiəçisiyəm, daxili işlər naziri Vilayət Eyvazov və generalları ilə 3 saat yarımlıq görüşümüz olub, bu barədə mediada da məlumat yayılıb. O görüşün nəticələri də olub, müəyyən problemlər həllini tapıb. Cəmiyyət də bilir ki, mənim heç bir şəxsi mənfəətim yoxdur. Məni Ombudsman Səbinə Əliyeva qəbul edib. Penitensiar Xidmətlə əməkdaşlığımız olub. Bütün bunları yalnız ictimai maraqlar üçün eləmişəm. Bu səlahiyyət sahibləri bir dələduz, bir xuliqanla görüşürdülər? Mənə əvvəlki işimə, hətta daha yaxşı vəzifəyə qayıtmaq təklifi olmuşdu, aylıq 10 min qeyri-rəsmi pul təklifi edilmişdi. Hətta mən Vilayət Eyvazovla görüşdə dedim ki, bizi döymədən, söymədən, satın almaq istəmədən dinləyən tapıldı bu hökumətdə. Təəccüblə soruşdu ki, başa düşmədim. O zaman izah etdim nə demək istədiyimi. Mən şoumen, artist deyiləm, ideallarım var. Həyat karyeradan, puldan ibarət deyil”.

Hüquq müdafiəçisi vurğulayıb ki, ona qarşı irəli sürülmüş qəsdən bədənə az ağır xəsarət yetirmə, dələduzluq və xuliqanlıq ittihamlarının üçü də saxtadır. 

Rüfət Səfərovun sözlərinə görə, ona 60 min manat pul verdiyini iddia edən Natiq İmamquliyevi əvvəllər heç görməyib. 

Hadisə günü avtomobilini binanın qarajında saxlayanda həmin şəxs ona hücum edib, dərhal da qaraja daxil olan polislər onu tutub aparıb: "Qarajda maşını saxlayıb evə qalxanda bir nəfər yaxınlaşdı ki, tanımadın məni? Əlbəttə ki, tanımadım, çünki mən əvvəllər onu görməmişəm. Biz təxminən 25 il əvvəl Novxanıda 200-300 dollara torpaq almışdıq, sonradan onun qiyməti qalxıb. Bir müddət əvvəl torpağın bir hissəsini atam bu adama satıb. Atama deyib ki, qalanını da istəyirəm. Atam da qalan hissəsini satmaq istəmirdi. Atam ağır xəstədi, bir dəfə dedi ki, bezdirir məni. Hətta bir dəfə də mənə zəng eləmişdi ki, "qalan hissəni istəyirəm, başqasına qismət olmasın”. Dedim ki, satası olsaq, deyərik. Sonra atama da dedim, ona elə bir qiymət de ki, əl çəksin. Atam da hər sotuna 20-25 min demişdi, ondan sonra əl çəkdi. Vəssalam. Bu da yayda olub. Mən bu adamın üzünü ilk dəfə qarajda mənə hücum eləyəndə gördüm. İndi isə deyir ki, guya mənimlə görüşüb, mənə 60 min verib. Heç bir rəsmiləşmə olmadan kim pul verir? Yaxşı, bu, qarajda mənə hücum eləyən kimi polislər necə peyda oldu? Deməli, əvvəldən qurulan oyun idi. O, mənə hücum eləyəndə başa düşdüm ki, bunu öyrədib göndəriblər. O, hücum eləyəndə qaraja iki "Dobla” maşınında 15-20 nəfər polis girdi. Məni qandallayıb gətirdilər”.

Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. 

Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən bədənə az ağır xəsarət yetirmə), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1 (xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.

Dekabrın 4-də Binəqədi Rayon Məhkəməsində hakim Aytəkin İmranovanın sədrliyilə onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Meydan TV