Azərbaycan üzvlük üçün BRICS-ə rəsmi müraciət edib
21-08-2024 00:59 / Bu xəbər 667 dəfə oxundu
Məlumatı Azərbaycan XİN yayıb
Azərbaycan BRICS-ə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) daxil olmaq üçün rəsmi müraciət edib.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat idarəsinin rəisi Ayxan Hacızadə Meydan TV-yə deyib.
İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub.
Sənədin 4.5-ci bəndinə əsasən, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edib və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayıb.
İyulun 11-də Milli Məclisin sədri Sahibə Qafarova BRICS ölkələrinin X Parlament Forumunun plenar sessiyasında çıxışı zamanı təşkilata qoşulmaq arzusunu ifadə etmişdi.
BRICS (BRİKS) 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır.
BRICS beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrupdur. 2011-ci ilə qədər təşkilatla bağlı BRIC abreviaturası istifadə olunurdu.
BRIC-ə CAR-ın birləşməsiylə əlaqədar 18 fevral 2011-ci ildə, hind maliyyə nazirinin ərizəsi üzrə bundan sonra qrup BRICS adını daşımağa başladı.