Azərbaycan yığması Antalyada növbəti məşqinə çıxıb

Azərbaycan yığması Antalyada növbəti məşqinə çıxıb

23-01-2015 11:07 / Bu xəbər 1942 dəfə oxundu

Hazırlıq prosesində cəmi 20 oyunçu iştirak edib

Türkiyənin Antalya bölgəsində toplanışda olan futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti məşqinə çıxıb. "Report”un məlumatına görə, hazırlıq prosesində cəmi 20 oyunçu iştirak edib.

Onlardan 2-si – qapıçılar Emil Balayevlə Andrey Popoviç, eləcə də kapitan Rəşad Sadıqov komandadan ayrı çalışıb. Futbolçular isinmə hərəkətlərindən sonra qruplara bölünərək, qısa ötürmələrlə futbol oynayıblar. Daha sonra onlar müxtəlif kombinasiyaları yerinə yetirməklə Balayev və Popoviçin qoruduğu qapıya hücumlar təşkil ediblər. Baş məşqçi Robert Prosineçki vaxtaşırı futbolçulara göstərişlərlə yanaşı, qısa istirahət verməyi də unutmayıb.

Daha sonra komanda 2 yerə bölünərək, meydanın yarı hissəsində futbol oynayıb. Ardından künc zərbəsindən oyuna daxil edilən topun cərimə meydançasından uzaqlaşdırılması üzərində qurulan tapşırıq yerinə yetirilib. Prosineçki son tapşırıqlarını da verdikdən sonra məşq yekunlaşıb.

Qeyd edək ki, hazırlıq prosesini AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev də izləyib.

Arqument.az