Azərbaycana qayıdan Şirin Abbasov barəsində həbs qərarı ləğv olunub

Azərbaycana qayıdan Şirin Abbasov barəsində həbs qərarı ləğv olunub

15-06-2024 22:45 / Bu xəbər 797 dəfə oxundu

Baş Prokurorluq məhkəməyə həbsli axtarış qərarının ləğvi üçün təqdimat verib

8 ildən çox Almaniyada mühacirətdə olan jurnalist Şirin Abbasov iyunun 14-də səhər saatlarında Azərbaycana qayıdarkən Bakıda – hava limanında saxlanılıb. 

O, iyunun 15-də Binəqədi Rayon Məhkəməsinə çıxarılıb.

Şirin Tire kimi tanınan jurnalist 2015-ci ildə ölkəni tərk edəndən sonra onun haqqında 8 il əvvəl Cinayət Məcəlləsinin 318-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə) maddəsilə cinayət işi başlanıb və həbsli axtarış qərarı çıxarılıb. 

İyunun 14-də Azərbaycana qayıdarkən onun saxlanması sözügedən cinayət işi və axtarışda olmasıyla əlaqələndirilib.

İyunun 15-də məhkəmədə məlum olub ki, Baş Prokurorluq məhkəməyə həbsli axtarış qərarının ləğvi üçün təqdimat verib. 

Məhkəmə də təqdimatı təmin edib və onun barəsində həbs qərarı ləğv olunub. Lakin barəsində cinayət işinə xitam verilməyib.

Şirin Abbasov haqqında başqa növ qətimkan tədbiri seçilib, azadlıqda saxlanılaraq, istintaqın davam etdiriləcəyi, yoxsa cinayət işinə ümumiyyətlə, xitam veriləcəyi hələ məlum deyil.