Azərbaycanda bələdiyyə seçkiləri: “Seçki mühiti məhv edilib, bələdiyyələrə maraq yoxdur”
07-01-2025 21:16 / Bu xəbər 121 dəfə oxundu
Natiq Cəfərli: "Türkiyənin bir bələdiyyəsinin büdcəsi Azərbaycanın ümumi bələdiyyə büdcəsindən 4 dəfə çoxdur”
Yanvarın 29-da Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinin təşviqat mərhələsinə start verilib.
Mərkəzi Seçki Komissiyasının (MSK) yanvarın 6-da keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib ki, seçkilərdə 16174 namizəd mübarizə aparacaq, onlardan 8429 nəfəri 23 siyasi partiyanın üzvüdür.
MSK sədri qeyd edib ki, bələdiyyə seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı isə 25685 nəfərdir.
Pənahovun sözlərinə görə, təşviqat kampaniyası "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə Tədbirlərin Təqvim Planı”na əsasən aparılır.
Təşviqat kampaniyası yanvarın 28-dək davam edəcək.
Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, habelə namizədləri irəli sürmüş siyasi partiyalar, partiyaların blokları təşviqat apara bilərlər.
2024-cü ilin dekabrında MSK siyasi partiyalara və siyasi partiyaların bloklarına pulsuz efir vaxtı və kütləvi informasiya vasitələrində dərc üçün yer ayrılacağı barədə məlumat yayıb.
Bu media qurumları İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Azərbaycan”, "Xalq qəzeti”, "Respublika” və "Bakı zəhmətkeşi” qəzetləridir.
Hakim Yeni Azərbaycan Partiyası (YAP) bələdiyyə seçkilərində ödənişsiz təşviqat hüququndan imtina edib.
Ölkənin əksər siyasi partiyaları bələdiyyə seçkilərində iştirak edəcəyini bəyan edib.
Yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyası bələdiyyə seçkilərinə qatılmayıb.
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində Müsavat və REAL partiyaları da iştirak edəcəklər.
Yeri gəlmişkən, REAL Partiyası bələdiyyələrin funksionallığının artırılması ilə bağlı hökumətə təkliflər də verib, hətta qanunvericilikdə dəyişiklikləri tövsiyə edib.
Amma bütün bunlara baxmayaraq, ölkə gündəmində seçki ab-havası hiss olunmur və bələdiyyə seçkilərinə maraq aşağıdır.
Meydan TV bunun səbəbləri ilə bağlı siyasi partiya təmsilçiləri ilə əlaqə saxlayıb.
AXCP sədrinin müavini Seymur Həzi Meydan TV-yə deyib ki, bələdiyyə seçkilərinə marağın aşağı olmasına iki aspektdən baxmaq lazımdır: "Burada iki aspekt var: birincisi, bələdiyyələrə, ikincisi seçkilərə münasibət. Seçkilərə münasibət bələdiyyələrə münasibətdən daha önə keçməlidir. Çünki ölkədə seçki mühiti məhv edilib. Nəinki bələdiyyə seçkiləri, heç parlament və prezident seçkiləri də yoxdur. Ona görə də hakimiyyətin seçkinin ən aşağı pilləsi olan bu instituta fərqli baxışının olması gözlənilmir. Əgər bir ölkədə parlament seçkiləri kütləvi saxtalaşdırılırsa, daha az əhəmiyyətli olan struktura münasibət daha aşağı olacaq”.
"Bələdiyyələrin funksionallığı şəffaf seçkilərdən keçir”
Seymur Həzi təmsil olunduğu partiyanın bələdiyyələrə münasibətinə də toxunub: "AXCP-nin münasibətinə gəlincə, partiya hesab edir ki, bələdiyyə mühüm bir məsələdir. Öz proqramımızda da təklif etmişik ki, bələdiyyələrin statusu dəyişdirilməli və yüksək status verilməlidir. Onların idarəedilməsi, müstəqilliyi təmin edilməli, fəaliyyət imkanları həm büdcə, həm də qanunvericilik baxımdan artırılmalıdır”.
Seymur Həzi
Partiya funksioneri hesab edir ki, bələdiyyələrin müstəqilliyinin və imkanlarının artırılması şəffaf seçkilərdən keçir: "Ona görə də ölkədə bütün seçkilərin, seçki mühitinin şəffaflığı təmin olunmalı, azad, ədalətli seçkilər keçirilməlidir. Əks halda, bələdiyyələr də digər qurumlar kimi funksional olmayacaq. Bax ölkədə bələdiyyə seçkilərinə marağın aşağı olmasının səbəbləri məhz şəffaf və ədalətli seçkilərin, seçki mühitinin olmaması ilə bağlıdır”.
"Azərbaycanda bütün bələdiyyələrin ümumi büdcəsi 51 milyon manatdır”
REAL Partiyasının sədri Natiq Cəfərli Meydan TV-yə deyir ki, partiya təkcə böyük şəhərlərdə deyil, bəzi bölgələrdə də seçkilərə qatılıb.
Cəfərli də seçkilərə marağın aşağı olduğunu vurğulayır: "Açığı, bələdiyyə seçkilərinə maraq çox aşağıdır. Hətta iştirakçılığa maraq həddindən artıq azdır. Dünəndən bizim namizədlər də seçicilərlə görüşürlər və bunu aydın müşahidə edirlər. Amma insanlar bələdiyyələrin hansı funksiyanı yerinə yetirdiyindən də xəbərsizdirlər. Ümumiyyətlə, bununla bağlı məlumatlı deyillər və bu, ciddi problemdir. Halbuki bələdiyyələr çox vacib institutdur. Azərbaycanda bunun indiyə qədər bələdiyyə institutunun formalaşmaması əslində bir çox yerli problemlərin mərkəzi hakimiyyətin üzərində qalmasına səbəb olub. Məntiqlə mərkəzi hakimiyyət də maraqlı olmalı idi ki, yerlərdəki problemlər elə yerində həll olunsun, mərkəzi hakimiyyətin üzərində məsuliyyət qalmasın və tənqid olunmasın”.
Natiq Cəfərli
Partiya sədri hesab edir ki, bələdiyyələrin əsas problemi qanunvericilik bazasının və büdcəsinin zəif olmasıdır: "Faktiki olaraq yerlərdə insanlar bələdiyyələrin fəaliyyətini görməyiblər, çünki funksional olmayıblar. Bu həm qanunvericilik bazasının zəif olması, həm də seçilmiş üzvlərin təyin olunmuş icra başçılarından daha az səlahiyyətə malik olmasının nəticəsidir. Digər əsas problem büdcə məsələsidir, yəni bələdiyyələrin pulu da yoxdur. Azərbaycanda bütün bələdiyyələrin ümumi büdcəsi 51 milyon manatdır. Türkiyədə bir tək Adana bələdiyyəsinin büdcəsi 170 milyon dollara yaxın idi. İndi fərqi təsəvvür edin də. Türkiyənin bir bələdiyyəsinin büdcəsi Azərbaycanın ümumi bələdiyyə büdcəsindən 4 dəfə çoxdur. Səlahiyyəti, pulu, təsir imkanları yox səviyyədə olan bir instituta maraq, əlbəttə, çox aşağı səviyyədə olacaq”.
Meydan TV Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən bir neçə deputatla əlaqə saxlasa da, onlar müxtəlif səbəblər göstərərək mövzu ilə bağlı danışmaq istəməyiblər.
"Azərbaycanda ədalətli və şəffaf seçkilər keçirilir”
Milli Məclisin deputatı Rüfət Quliyev isə seçki mühiti ilə bağlı iddiaları bölüşmür və Azərbaycanda şəffaf seçkilərin keçirildiyini deyir.
Onun sözlərinə görə, Azərbaycanda bələdiyyə sisteminin böyük tarixi olmasa da, bu institutun perspektivləri qarşıdadır: "Ölkədə seçki mühiti var, azad və ədalətli seçkilər keçirilir. Digər partiyadan olan təmsilçilərin fikirlərini bölüşmürəm. Bizdə bələdiyyənin dünya ölkələri ilə müqayisədə tarixi o qədər də böyük deyil, amma mən bələdiyyələrin inkişafına və gələcəyinə ümid edirəm”.
Rüfət Quliyev
Deputat deyir ki, müqayisə aparılsa, bütün dünyada seçkilərə maraq azalıb: "Mən özüm 20 ilə yaxın MDB məkanında seçkiləri müşahidə etmişəm. Seçkilərdə 30-40 faiz aktivlik olanda uğur kimi təqdim olunur. Seçki sistemi belədir ki, gərək vətəndaşlar da aktiv olsunlar. Ona görə də Azərbaycanda seçki sistemi məhv edilib, seçkiyə maraq azdır kimi fikirləri doğru saymıram. Bələdiyyələrə gəlincə, bunlara adi qurumlar kimi baxmaq olmaz. Türkiyə nümunəsində bələdiyyələrin necə effektiv qurum olduğunu aydın görürük. Ona görə də mən Azərbaycanda da bələdiyyələrin bundan da yaxşı və effektiv olacağına inanıram”.
Azərbaycanda bələdiyyə seçkiləri: qısa xronika
Azərbaycanda indiyə qədər 5 bələdiyyə seçkisi keçirilib.
Bu da 1999, 2004, 2009, 2014 və 2019-cu illəri əhatə edir.
Sonuncu bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirilib.
Seçki Məcəlləsinə əsasən, bələdiyyə seçkiləri hər beş ildən bir keçirilir.
İndiyədək həmişə bu seçkilər dekabr ayında olub.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2024-cü il noyabrın 6-da Azərbaycanda bələdiyyə seçkilərinin vaxtının dəyişdirildiyini bildirib.
Budəfəki seçkilər 2025-ci il yanvarın 29-a təyin olunub.
Bəzi ekspertlər bələdiyyə seçkilərinin keçirilməsi vaxtının uzadılmasını qanuna zidd hesab edirlər.