Rusiya Ukraynaya genişmiqyaslı hərbi müdaxilə edəcəkmi?

Rusiya Ukraynaya genişmiqyaslı hərbi müdaxilə edəcəkmi?

19-01-2022 18:08 / Bu xəbər 3129 dəfə oxundu

Şahin Cəfərli

Ukraynaya hərbi müdaxilə 8 il əvvəl baş verib: ərazisinin bir qismi ilhaq edilib, digər hissəsində isə faktiki işğal var. 

Həmin vaxt da iqtidarda olan Bayden hökumətinin hazırkı təlaşlı vurnuxmaları həddən artıq gecikmiş reaksiyadır. Təsəvvür edin, 8 il əvvəlki hadisələrdən sonra Obama-Bayden administrasiyası "Putini təhrik etməmək" kimi gülünc və savadsız əsaslandırma ilə Ukraynaya letal silahlar verməkdən imtina etmişdi. Nə isə... Qayıdaq əsas suala. 

Rusiya real hərbi müdaxilə hazırlığı nümayiş etdirməklə ilk növbədə Ukraynanı Minsk razılaşmalarını onun (Moskvanın) interpretasiyasında yerinə yetirməyə vadar etmək istəyir. 

ABŞ-a da mesaj verir ki, belə narahatsansa, onda Kiyevi məcbur elə razılaşmaları icra etsin, bu mərhələdə bizim başqa tələbimiz yoxdur. Əgər bu günlərdə ABŞ rəsmilərinin dilindən "Ukrayna Minsk razılaşmalarını yerinə yetirməlidir" şəklində bəyanatlar eşitsəniz, anlayın ki, Rusiya ilə anlaşıblar. 

Minsk anlaşmalarının müddəalarının Rusiyanın yozumuna uyğun və onun istədiyi ardıcıllıqla yerinə yetirilməsi faktiki olaraq, Ukraynanın federallaşmasına, avroatlantik inteqrasiyadan imtinasına aparan yoldur. Bu, Moskvadan idarə olunan oyuncaq respublikaların federasiya subyekti kimi Ukrayna dövlətinə reinteqrasiyası və onların mərkəzi hökumətin qərarları üzərində söz haqqına sahib olmasını ehtiva edir. Dava bunun üstündədir. 

Rusiyanın bu əraziləri Ukraynadan qoparmaq kimi ona hər hansı strateji qazanc təmin etməyəcək dar çərçivəli siyasəti yoxdur. Əgər bir gün bunu etsə, yəni Donetsk-Luqansk regionlarını da ilhaq etsə, onda bilin ki, Putinin A planı baş tutmadı. (Açıq deyək ki, Rusiya xarabazara çevirdiyi həmin torpaqları ilhaq edib əl çəksə, bu, Ukrayna üçün ən minimal itki ilə vəziyyətdən çıxmaq anlamına gələrdi.) 

Əgər Ukrayna Rusiyanın tələbini yenə rədd edərsə, bu halda müharibə mümkündür. Amma Rusiyanın bütün sərhədlər boyu Ukraynaya soxulub, genişmiqyaslı işğal əməliyyatına başlaması mənə inandırıcı görünmür. Ukrayna ordusunun, təhlükəsizlik sisteminin olmadığı, onun beynəlxalq diqqət və dəstəkdən məhrum buraxıldığı 2014-cü ildə bunu etməyən Rusiya indi niyə etsin? 

Bu, onun Əfqanıstandan betər bataqlığa girməsi demək olar. Üstəlik, Əfqanıstandan fərqli olaraq, qarşısında heç də pis silahlanmamış böyük nizamlı ordu var. Əfqanıstana bənzərlik isə həmin ordunun öz evində döyüşdüyü üçün yüksək motivasiyaya malik olmasıdır. Ukraynalılar II Dünya müharibəsi illəri və ondan sonrakı ən ümidsiz dönəmdə belə, 60-cı illərin ortalarına qədər sovet ordusu ilə döyüşüblər. İndi o zamanla müqayisə olunmayacaq dərəcədə imkanları olduğu halda, niyə döyüşməsinlər? 

Bundan başqa, Rusiyanın böyük coğrafiyada və dərinliklərdə əməliyyata girişməsi çox böyük canlı qüvvə ehtiyatı və nəhəng xərclər tələb edən işdir. Ön tərəf irəliləyib, xeyli ərazini tuta bilər, amma dərinlikdə onun arxa cəbhə ilə fasiləsiz əlaqəsini təmin etmək çox çətin olar. Çünki hər tərəfdən hücumlara məruz qalacaqlar. 

Bu səbəblərdən ən ağlabatan ehtimal budur ki, "opolçeniye" adı altında Rusiya ordusu Donbasın içərisindən hücum əməliyyatına başlayıb, regionun inzibati sərhədlərinə çıxmaq istəyəcək. 

Ukrayna bu hücumları dəf etmək gücündədir, amma Rusiya  sərhədlərdə böyük qoşun saxlamaqla, Ukraynanı məcbur edir ki, müdaxilə ehtimalı ilə əlaqədar o da öz qüvvələrini sərhədlərin bütün perimetri boyunca səpələsin. 

Donbas deyilən bölgənin üçdə biri, o cümlədən mühüm liman və sənaye şəhəri Mariupol Ukraynanın nəzarətindədir. Rusiya Ukraynanın Azovdakı 2 limanından biri olan Mariupolu da ələ keçirərək bunu "yerli opolçeniye Donbasın sərhədlərini bərpa etdi" şəklində təqdim edə bilər. 

Bu ağır zərbədən sonra Zelenski Rusiyanın şərtlərini qəbul etmək zorunda qalacaq. Millətçilərin növbəti Maydan təşkil edib, bunu əngəlləməsi və xaosun yaranması isə Qərbin Ukraynaya dəstəkdən imtina etməsi ilə nəticələnə bilər. Amma ola bilər ki, mən Putini lazımınca qiymətləndirmirəm və o, irimiqyaslı hərbi müdaxilə çılğınlığına imza atacaq. 

Rus imperiyasının tarixində bu cür irrasional qərarlar var. Livoniya müharibəsi, Krım savaşı (1853-56), Susima faciəsi, I Dünya müharibəsinə girib dağılmaq, Əfqanıstan avantürası və sair kimi... 

Hazırda Britaniya və ABŞ Ukraynanın müqavimət imkanlarını gücləndirməyə çalışır. Dünən axşam və bu gün Britaniya ordusunun 4 hərbi-nəqliyyat təyyarəsi Ukraynaya silah daşıyıb. Bu silahın tank əleyhinə müasir NLAW sistemi olduğu bildirilir. 

ABŞ-ın da öz növbəsində "Javelin"lər verdiyi məlumdur. Yəni Ukrayna ordusunun müasir rus "quderian"ların mexanizə birliklərinin blits-kriqini əngəlləməyə gücü var, ümumən iki ölkə quru qoşunları arasında ciddi fərqlər olduğuna şübhə edirəm. 

Rusiyanın əsas üstünlüyü raket-aviasiya qüvvələri sahəsindədir. Ukraynanın sovet istehsalı olan S-125, S-300, Buk ZRK-larla intensiv raket-aviasiya hücumlarını əngəlləyə biləcəyi şübhə doğurur. 

Ukrayna hələ illər öncə ABŞ-dan "Patriot"lar istəsə də, bu, heç Vaşinqtonda ciddi müzakirə olunmadı. İndi "Stinger"lər verilməsi gündəmdədir, amma bunlar helikopter və PUA-lara qarşı effektivdir, yüksəkdən uçan təyyarələri vura bilməz. 

Ümumiyyətlə, tragik sual budur ki, Ukrayna niyə Rusiyanın dağıdıcı hücumlarına və işğalına məruz qalmalıdır ki? Ukrayna nə edib? Bu dərəcədə ədalətsizlik ola bilərmi? 

ABŞ müstəqil və qərbyönümlü Ukraynanın yerində qonşuluqdakı aqrofürerin ölkəsinə oxşar, Rusiya satelliti olacaq Ukraynanın ortaya çıxmasına imkan verəcəksə, onda şələ-küləsini toplayıb Avropadan çıxsın, Tayvanı da boş yerə ümidləndirməsin, Bayden də səhhəti imkan verirsə, gedib Amerikan futbolu, reqbi, su topu yarışları izləsin...