Arxa cəbhənin ən ağır yükünü ruhlarında çəkən “kölgə” qəhrəmanlar - IV YAZI

Arxa cəbhənin ən ağır yükünü ruhlarında çəkən “kölgə” qəhrəmanlar - IV YAZI

13-11-2021 23:43 / Bu xəbər 1387 dəfə oxundu

Seymur Kazımov
Eksklüziv olaraq "Arqument.az"da

Onlar müharibənin ən sərt üzünü gördülər. Elə bir üzdür ki, insanı həm fiziki, həm də psixoloji olaraq çökdürə bilər. Kimisi rahat danışdı, kimisi də göz yaşlarına qərq oldu. Bəlkə də, "müharibənin sərt üzü” o qədər də şiddətli deyil, onlar məhz ölümün özünü gördülər. Müharibənin ən ağır, ən həyəcanlı, hətta ən məsuliyyətli yükünü çiyinlərində daşıdılar. 

Azərbaycan ordusu işğal altındakı torpaqları azad edərkən xalq sevinir, bir-birini təbrik edirdi. Onlar isə 44 gün bu torpaq uğurunda həlak olan şəhidləri qarşıladılar və son mənzilə yola salmaq üçün səfərbər oldular; din xadimləri və onlara kömək edən sadə insanlar, könüllülər. 

Övladını itirmiş və onun soyumayan cəsədini gözləyən valideyni də qarşılamaq, sakitləşdirmək, bir sözlə, balalarının yoxluğuna hazırlamaq da din xadimlərinin işi idi. 
27 sentyabr – ərazilər işğaldan azad olunur, eyni zamanda ilk şəhidlər məscidlərə gətirilir və bu hal 44 gün təkrarlanır. 

Minlərlə hekayə, həm ön, həm də arxa cəbhə qəhrəmanlarının hekayəsi... 

Yazının üçüncü hissəsini buradan oxuyun: 

Gəncə

"İkinci Qarabağ müharibəsi” – Gəncə şəhərindəki "İmamzadə” ziyarətgahının mütəvəllisi, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü Hacı Tahir Abbasovun ilk təcrübəsi deyil.  

"Birinci Qarabağ müharibəsi bu dəqiqə də gözlərimin önündədir. İndiki kimi tibbi ekspert, həkim bolluğu deyildi. Məcbur idik ki, qolu-qıçı qopan şəhidlərin əzalarını özümüz tikək. İşıq yox idi, şəhidləri yumaq üçün suyu odunla qızdırırdıq. Kəlbəcərdə şəhid olan əsgərlərimizi gətirə bilmirdik, gözləyirdik ki, qar ərisin, sonra gedib axtaraq. Sonra gördüklərimiz də dəhşətli mənzərələr idi, çoxusu tanınmaz halda idi. DNK da yox idi. Bir çox şəhidi naməlum kimi dəfn edirdik. Qəbirləri indi də durur”. 

Hələ də valideynlərin övlad dərdi bitmir. 

"Birinci Qarabağ müharibəsində itkin şəhidlərimizin  anaları hər dağı, hər dərəni oğlunun qəbri bilirdi. Ana vardı deyirdi ki, məni aparın Ağdərə tərəfə. Dayanıb dağlara baxırdı və soruşurdu ki, hansı dağdır mənim oğlumun baş daşı”?!

Hacı Tahir Abbasov 1990-cı ilin 20 yanvar hadisələrindən sonra imperiyaya qarşı siyasi fəaliyyətinə görə həbs olunaraq, Moskvadakı "Lefortovo” həbsxanasında 9 ay 13 gün ölüm kamerasında dustaq həyatı yaşayıb. 
 
Hacı Tahir Abbasov

O, Xocalı faciəsini və onun qurbanlarını da görüb. Həmin gün Ağdamda olub. Kütləvi qırğından qaçanları və şəhidləri Naxçivanik kəndi üzərindəki yolda qarşılayıb. 

"İkinci Qarabağ müharibəsi”ndə Gəncədə xüsusi qərargah qurulur və şəhidlərin dəfn prosesi ilə bağlı bütün işlər nəzarətə götürülür, zəruri ehtiyaclar dərhal müəyyənləşdirilir. Hətta fəaliyyətə başlamayan hərbi hospital da qərargahın ixtiyarına verilir və orada səyyar yuyucuxanalar təşkil olunur. 

44 gün ərzində Gəncəyə 300-ə yaxın şəhid gəlir. Şəhərin özünün 107 hərbçi, 26 mülki şəhidi var. 

"Şeyxülislam həzrətləri müharibə vaxtı hər gün əlaqə saxlayırdı. Kömək öz yerində, amma hər kəsin qaldırmayacağı bir yük var axı. Şəhidlərin özlərini görmək, onları oxşamaq, axirətə hazırlamaq. Günün 24 saatı din xadimlərimiz, bizə dəstək olan könüllülər yalnız bu işlə məşğul olublar. Çox ağır xəsarət almış şəhidlər də görmüşük. Amma bütün emosiyaları, duyğuları kənara qoymağa çalışmışıq ki, işimizi vicdanla görək. Görmüşük də”.

Son müharibədə Gəncə camaatı daha çox əziyyət çəkib. Ərazisinə bir neçə dəfə raket atılıb, insanlar ölüb. Bu hadisələr həm də hacı Tahirin gözləri önündə baş verib. Burada da üzləşdiyi mənzərələr onun yaddaşında dərin iz buraxıb. 

"Lefortovo”dakı ölüm kamerasının keçmiş sakini, sonrakı illərdə Azərbaycan müharibə tarixinin şahidi olan din xadimi bu qədər təcrübə və sınağa baxmayaraq, çıxışı zamanı təmkinini qorumağa çalışır.

"Faciə idi. Mənə ən ağır təsir edən səhnə ana qucağında südəmər bir uşağın şəhadəti idi. İkisi də həlak olmuşdu. Bu, mənə illər oncə Ağdam məscidində gördüyüm hadisəni xatırlatdı. Orada balaca uşaq cənazəsi var idi. Onun üzərindən ağı çəkdim və gordüm ki, həmin balaca uşağın boğazı avtomat ‘şupu’ ilə deşilib”. 

Tovuz

30 ildən sonra 2020-ci ilin iyulunda ilk dəfə idi ki, münaqişə Qarabağda deyil, iki dövlətin sərhədində boy göstərdi. 

Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi, "Cümə” məscidinin imamı Hacı Nəriman İbayev iyul hadisələrini belə xatırlayır: "Tovuzun Ağdam kəndində şəhidimizi dəfn edəndə, düşmən kəndi top atəşinə tuturdu. Xeyli adam var idi dəfndə. Bu da bir az narahatlıq yaradırdı. Sonra xalqın qarşısına çıxıb müraciət etdik ki, cəbhəyanı ərazilərdən maksimum uzaq dayansınlar. İnsanlara təkcə müraciət etmirdik, həm də yalvarırdıq. Ehtiyatlı, təmkinli olmağa səsləyirdim. Camaatımız da bizi eşidirdi”.
 
Hacı Nəriman İbayev

"İkinci Qarabağ müharibəsi”ndə Tovuz 67 şəhid verdi. Rayonun ilk şəhidi sentyabrın 29-da Əlibəyli kəndinə gətirildi. Şəhidin dəfn olunacağı qəbiristanlıq isə Ermənistan ordusunun mövqelərindən 96 metr məsafədə yerləşirdi. Valideynlərə övladlarını rayon mərkəzindəki xiyabanda dəfn etmək təklif edildi. Razılaşmadılar, istədilər ki, oğullarının məzarı onlardan uzaqda olmasın. 

"Gecə saatlarında, telefon işığı ilə, 5-10 nəfərin iştirakı ilə şəhidimizi dəfn etdik. Şəhidlərdən birini də Koxanəbi kəndinə gətirdilər. Düşmən mövqeyi ilə qəbiristanlıq arasında məsafə 50 metr idi. Yadımdadır, oktyabr ayı idi. Həmin vaxt Tərtərdəki qəbiristanlıq atəşə tutulmuşdu”. 

Elə olub ki, bir gün ərzində 4 şəhid dəfn edirdilər. Bəzən qəbiristanlıqlar arasındakı məsafə 50-60 kilometr olurdu. Bir dəfndən digərinə qaçırdılar. Dəfndə olarkən rayona şəhid gəldiyini eşidib, dərhal ora üz tuturdular. 

Dəfn prosesində kilometrlərlə məsafəni piyada qət edirdilər. Ailələr istəyirdi ki, şəhidlər çiyinlərdə aparılsın. Onların sözlərindən kimsə çıxmırdı. Özünün də dediyi kimi, hacı Nərimanın sınağı bununla yekunlaşmırdı. 

"Şəhidlərin 90 fazini kəfənlə dəfn etmişik. Əksər valideyn də övladlarını gorüb. Amma elə şəhidlərimiz vardı ki, onları görmək məsləhət deyildi.  O zaman vəziyyət gərginləşirdi. Mümkün deyildi izah etmək bəzən... Özüm də valideynlərə qoşulub ağlayırdım. Yalvarırdım onlara ki, baxmayın. Son ana qədər dirənirdim ki, valideyn uşağını o vəziyyətdə görməsin. Biz, şəhidimizin şəxsiyyətini sındırmamışıq”. 

Ağdam

Ağdam "Cümə” məscidinin axundu hacı Barat Bağırov Ağdamın işğaldan azad olunmasını eşitdi, amma Ağdamı, axundu olduğu məscidi görmədən köçdü dünyadan. 

"Birinci Qarabağ müharibəsi”ndə Ağdam uğrunda şəhid olan 6600 nəfəri son mənzilə hacı Barat yola salmışdı. 1988-ci ildə Qarabağ münaqişəsinin ilk şəhidləri – Əli Hacıyev və Bəxtiyar Quliyevi o dəfn edib. Onlardan biri Qarağaclı, digəri isə Şıxbabalı kəndində torpağa tapşırılıb. 

İlk dəfə 2015-ci ildə görüşmüşəm hacı Baratla. Sonuncu dəfə isə onu 2020-ci il sentyabrın 27-də Ağdamda, Xındırıstan məscidinin qarşısında gördüm. Dedilər ki, şəhid gəlir, o da qarşılamağa çıxmışdı. Görüşə bilmədim, saxladım sonraya. Sonrası da məlum. 

Onunla 2015-ci ildəki söhbətimdən bəzi xatirələri paylaşmaq istəyirəm... 

"Hər cür cəsəd gətirirdilər. Hamısını bir-birinin üstünə qalaqlamışdılar. Biri ürəyindən vurulmuşdu, biri gözündən, başqa birinin hansısa bədən üzvü yox idi. Bütün bunlardan sonra şəkər tapdım. Şəhid axını çox olduğundan gecəni məsciddə qalırdım. Gecə qapı döyülürdü, açıb görürdük ki, beş-on cəsəd gətirilib”. 

Hacı Barat Ağdamın "Cümə” məscidindəki son gününü belə xatırlayırdı...

"1993-cü il iyulun 22-də, rayonun işğalından bir gün öncə 15 cəsəd gətirilmişdi. Onlardan 11-ni yuyub göndərdik. İyulun 23-də isə işğal baş verdi. Məcbur qalıb dörd cəsədi məsciddə qoyub çıxdıq. O vaxtdan həmin məscidə gedə bilmədim”.
 
Hacı Barat - 2015-ci ildə çəkilmiş foto

Hacı Baratın yeganə təsəllisi özündə saxladığı Ağdam məscidinin açarları idi.

"Bəlkə də, məscidin qıfıllarını dəyişiblər, heç mənim açarım oraya düşməyəcək, amma yenə ümid edirəm”, - deyirdi.  

2021-ci ilin aprelində Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin  rəhbərliyi ilə QMİ Qazılar Şurasının üzvləri, Azərbaycandakı digər konfessiyaların təmsilçiləri Ağdama səfər etdilər. 

Onların arasında Hacı Barat yox idi…